Etibar Tarıverdiyev: “Səbirsizliyim, çılğınlığım məni geri salıb” MÜSAHİBƏ

12:03 - 6 Oktyabr 2017

Karyerası ərzində “Fərid”, Turan”, “Neftçi”, “Qarabağ”, “MKT-Araz”, “Standard” klublarının şərəfini qoruyan, hal-hazırda “Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin bu gün 44 yaşı tamam olur.

 

Etibar Tarıverdiyevin Sportal.az saytına müsahibəsini təqdim edirik.

 

İndiki vaxtla müqayisə eləsək, siz daha çətin dönəmlərdə futbol oynamısız. Heç düşünmüsüz ki, kaş, bu dövrdə oynayardız və ümumiyyətlə, istədiyiniz karyeranı qura bilmisinizmi?

Bizim vaxtımıza o dövr düşüb və buna görə məyus olmağa dəyməz, pis-yaxşı oynamışıq. Karyera baxımından isə onu deyim ki, səbirsizliyim, çılğınlığım məni geri salıb. Bunu yaşlaşdıqca dərk etməyə başlayırsan. Məhz çılğınlığım ucbatından karyeram istədiyim kimi alınmayıb. Həm də o dönəmlərdə çox güclü qapıçılar var idi, rəqabət böyük idi.

 

Ən uğurlu vaxtlarınız hansı komandada keçib?

Gənc vaxtlarımda Ruslan Abdullayevin rəhbərliyi altında “Fərid” klubunda yaxşı çıxışlarım olub.

 

Milli komandaya niyə cəlb olunmamısız o vaxtlar...

Olimpiya yığmasına çağırılırdım. Əsas milliyə gəlincə, dediyim kimi, o vaxt rəqabət çox böyük idi. Əsas millidə Aleksandr Jidkov, Elxan Həsənov, Nizami Sadıqov kimi qapıçılar dayanırdı.

 

Bəs, məşqçilik karyerasına necə başlamısınız?

Belimdə ağrılar var idi, Elə olurdu ki, heç yataqdan qalxa bilmirdim ağrıdan. “Startdard”a gəldim, amma gördüm ki, zədələr oynamağıma imkan vermir. Ona görə qərara gəldim ki, vaxtımı hədər itirməyim və məşqçiliyə başlayım. Qapıçı məşqçisi kimi ilk iş yerim Bernard Lippertin yanında U-17 yığması oldu. Daha sonra U-21 millisində çalışdım, Berti Foqtsun vaxtında ölkənin əsas milli komandasında da işlədim. 7 mövsümdür ki, “Sumqayıt”da qapıçılarla çalışıram. Şükürlər olsun ki, məşqçi kimi karyeram yaxşı alınır.

 

 

Hansı qapıçıların üzə çıxmasında əməyiniz olub?

İlk növbədə onu deyim ki, bu illər ərzində klubumuzun strategiyası elə olub ki, bir çox gənc futbolçuların yolu “Sumqayıt”dan keçib. Bu baxımdan da çox qapıçı ilə işləmişəm. Bir-bir hamısının adını çəkməyəcəm, amma Tərlan Əhmədli, Andrey Popoviçin yetişməsində əməyimiz olub.

 

Bildiyimiz qədəri ilə Kamran Ağayev klubsuz qaldığı vaxtlarda sizin yanınızda məşq eləyib..

“Xəzər Lənkəran”dan çıxmışdı, mən də o vaxt millidə işləyirdim. Yəni milli komandanın məşqçisi kimi Kamran Ağayevi Portuqaliya və Rusiya yığmaları ilə səfər oyunlarına hazırladım. Həmin oyunlarda necə çıxış etdiyini isə hamı gördü.  

 

Özünüz də qeyd elədiz ki, əvvəllər qapıçılar arasında rəqabət daha böyük idi. Bu o deməkdir ki, indi qapıçılar məktəbi o səviyyədə işləmir?

Elə deməzdim. Sadəcə uşaq yaşlarından təməl düzgün qurulmur qapıçılarda. Peşəkar səviyyəyə gəlib çatırlar, amma baxırsan ki, çatışmazlıqlar çoxdu. Uşaq yaş qruplarında yaxşı məşqçilər var. Lakin azdır. Bir də indiki uşaqlarda xarakter baxımından ciddi problemlər var.

 

Elçin

Xəbər xətti