Azərbaycan milli komandasının üzvü Rauf Əliyev Albaniya çempionatında uğurlu oyunlar seriyasını davam etdirir.
Sportal.az xəbər verir ki, soncu turda da fərqlənən hücumçu Futbol11.az saytına verdiyi müsahibəsində bir sıra məqamlara toxunub.
- Çıxış etdiyin Albaniyanın “Kukesi” klubunun heyətində qolları sıralayırsan. İlk növbədə bu barədə fikirlərin maraqlıdı.. Demək olarmı ki, tam relsə düşmüsən?
- Şükür allaha ki, davamlı olaraq qollar vururam. Qol vurmaq hücumçunun əsas işidir. Hücumçu qol vuranda daha rahat, daha özünəıinamlı olur. Mən də qolları vurmaqla daha çox özünəgüvən əldə edirəm. Qol vurmaq mənim üçün çox vacib amildir.
- Çempionatda artıq müəyyən dövr geridə qalıb. “Kukesi” klubunun maliyyə durumu necədir?
- Klubda ümumi durum normaldır. “Kukesi”nin maliyyə durumu normal sayılır. Albaniyada 3 klubun maliyyəsi daha yaxşıdır. Bunlar “Kukesi” ilə yanaşı “Partizani” və “Skenderbeu”dur. Azərbaycan klubları ilə müqayisədə burada büdcə az və şərait zəifdir.
- Bəs Azərbaycan və Albaniya çempionatları arasında əsas fərq nədən ibarətidir?
- Əlbəttə ki, hər bir çempionatda fərq var. Eləcə də Azərbaycan və Albaniya çempionatları arasında fərqlər mövcuddur. Azərbaycanda komandalar daha çox toplu oyuna üstünlük verirlər, Albaniyada isə fiziki gücün hər zaman yüksək səviyyədə olmalıdır. Komandalar daha sərt, daha mübariz futbola üstünlük verirlər. Bir də Albaniya çempionatında azarkeşlərin sayı daha çoxdur. Çünki Albaniyada klublar daha çox bölgələri təmsil edirlər. Biz daha çox bölgələrə səfərlər edirik.
- Qış fasiləsinə doğru gedirik. Ola bilər ki, Albaniyada klubunu dəyişəsən və ya başqa bir ölkəyə yollanasan?
- Xeyirlisi. Daha yaxşı oynayacağım, diqqət mərkəzində olduğum halda, daha güclü, daha yaxşı kluba keçmək istəyərəm. Bunun üçün ilk növbədə qollarımı sıralamalıyam.
- Sənin üçün çox ciddi olan dil problemini az da olsa aradan qaldıra bilmisən?
- Dil problemi mənim çətinliyimdir. Əvvəldən ingilis dilini bilmədiyim üçün çox çətinliklər yaşadım. İndi yavaş-yavaş yoluna düşür. Dili bacardığım qədər öyrənməyə çalışıram.
- Daha bir seçmə mərhələ başa çatdı. Kənardan izlədiyin seçmə mərhələdə millinin çıxışını necə dəyərləndirərsən?
- Biz seçmə mərhələdə San Marionodan 6 xal aldıq. Norveç və Çexiyadan. Düşünürəm ki, nəsə ciddi bir dəyişiklik olmadı. Sadəcə, oyun baxımından bir qədər irəliləyiş göründü. Bu da futbolçular öz mövqelərində oynadığı üçün baş verdi. Başqa ciddi bir şey olmadı.
- Səni heç də sevməyən Robert Prosineçkinin gedişi gündəmdədir...
- Prosineçkinin ilk gündən mənlə arası olmadı. Milliyə dəvət etdiyi vaxtlarda da mənə şans vermədi. Çempionatın bombardiri olduğum vaxtda çıxıb dedi ki, Rauf formada deyil. Bu isə onu göstərir ki, Prosineçkinin məni gözü götürmür. Klubunda oynamayan oyunçuları çağırırdı, məni yox. Onun gözü ilk gündən məni götürmədi.