Mirabdulla Abbasov: "Neftçi" istənilən komanda ilə oynaya biləcək səviyyədədir" MÜSAHİBƏ

16:02 - 30 Oktyabr 2017

Topaz Premyer Liqasının 10-cu turunda "Neftçi" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Mirabdulla Abbasov jurnalistlərin suallarını cavablandırıb. Paytaxt klubunun forvardi ilk olaraq oyunla bağlı fikirlərini bölüşüb:

 

- Çox sevindirici haldır ki, komanda artıq baxımlı oyun göstərir. Bu, ardıcıl 4-cü qələbəmizdir. Turnir cədvəlində yuxarılara qalxmaq komanda üçün ruh yüksəkliyidir. 

 

- Start heyətdə oynamağın sənin üçün gözlənilməz olmadı?

- Xeyr, məşqlərdən artıq bilinirdi. Ona görə də mənim üçün sürpriz qərar olmadı.

 

- Artıq 3-cü dəqiqədə fərqlənməyi bacardın. Vurduğun qol haqda nə deyə bilərsən?

- Çox sevindim. Hər oyunda qol vurmağa çalışıram. Bu gün fürsət düşdü, fərqləndim. Buna görə xoşbəxtəm.

 

- Ötən mövsüm "Sumqayıt"da çıxış etmisən. Xüsusi motivasiya var idi?

- "Sumqayıt" mənim üçün yad komanda deyil. Heç bir xüsusi motivasiya yox idi. Mənim üçün adi oyunlardan biridir. "Neftçi"də oynayıramsa, bu komandanın şərəfini qoruyuram. Futbolda ilk addımlarımı "Sumqayıt"da atmışam. Buna baxmayaraq, əlavə motivasiya yox idi.

 

- Əvəzlənməyin sənin üçün gözlənilməz olmadı?

- Xeyr, məşqçinin qərarıdır.

 

- Bəs əvəzetmə zamanı niyə meydanı əks tərəfdən tərk etdin?

- Hesab 1:1 idi. Vaxt aparmamaq üçün meydanın kənarına ən yaxın hissədən çıxdım.

 

- Son dəqiqələrdə vurduğunuz qolla qalib gəldiniz. Həmin ana qədər fikirləşirdinmi ki, oyun heç-heçə bitəcək?

- Oyun ərzində çox imkanlarımız oldu. Axırda Elnur Cəfərov qapıçını keçib, qol vura bilməyəndən sonra bir az inamsızlıq yarandı. Fikirləşirdim ki, oyun heç-heçə bitəcək. Şükür ki, qələbə qazandıq.

 

- Növbəti turda rəqibinz "Zirə"dir. Güclü komanda ilə qarşılaşacaqsınız. Demək olarmı ki, "Neftçi"nin əsl gücü məhz həmin oyunda üzə çıxacaq?

- Fikrimcə, "Neftçi" istənilən komanda ilə oynaya biləcək səviyyədədir. Qələbə seriyasını davam etdirmək üçün meydanda əlimizdən gələni edəcəyik.

 

- Necə düşünürsən, "Neftçi" çempionluq mübarizəsinə qoşula bilər?

- Əlbəttə, real görünür. Xal fərqi elə də böyük deyil. Çempionatda gözlənilməz hesablar olur. Hər şey mümkündür.

Xəbər xətti