Topaz Premyer liqasının XIII turu çərçivəsində "Qəbələ" "Kəpəz"i səfərdə 6:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin futbolçusu Filip Ozobiç matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Zədədən sonra özünü necə hiss edirsən?
- Hələ 100 faiz hazır deyiləm. Zədədən sonra bu ilk oyun idi. Əsas odur ki, artıq ağrılarım yoxdur.
- Öz optimal formanı nə zaman bərpa edəcəksən?
- Düşünürəm ki, qış təlim-məşq toplanışından sonra formamı bərpa edə biləcəm. Hazırda bacardığım qədər komandama kömək edəcəm. Heyətdə yaxşı formada olan futbolçularımız var.
- Səncə, qış fasiləsində öz optimal formanı bərpa etmək üçün kifayət qədər oyun sayı olacaq?
- Fikrimcə, kifayət edəcək. Özümə güvənli olacam və oynamağa hazır olacam.
- "Qəbələ" "Qarabağ"dan geri qalır. Onlara çatmaq mümkün olacaqmı?
- Hələ sona 15 tur qalıb. Çox xal qazana bilərik. "Qarabağ"a çatmaq mümkün olacaq. Hər şey ola bilər.
- Xorvatiya mətbuatında Azərbaycan vətəndaşlığı almağı və millimizdə oynamaq istədiyini bildirmisən...
- Xorvatiyalı həmkarlarınız məsələni bir qədər şişirdiblər. Sadəcə, bildirmişəm ki, digər ölkənin vətəndaşlığını qəbul etmək üçün ən azı 5 il həmin çempionatda çıxış etməlisən və hələ ki, bu barədə düşünməyin olduqca tez olduğunu dilə gətirmişəm.
- 5 il Azərbaycanda oynayıb, sonra isə millimizin şərəfini qorumaq istəyərdin?
- Azərbaycandan məmnunam. “Qəbələ”dəki şərait də məni qane edir. Klub rəhbərliyi ilə yayda başa çatacaq müqavilə müddətinin uzadılması ətrafında müəyyən danışıqlarımız olub. Bundan artığını demək hələ ki, tezdi.
saytlarin hazirlanmasi