Milli komandamız yoxlama görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.
Oyundan sonra millimizin futbolçusu Cavid İmamverdiyev Sportal.az-a müsahibə verib. İmamverdiyev öncə oyun haqda danışıb:
- Düşünürəm ki, çox yaxşı oynadıq və buna görə də qalib gəldik. Epizodlarımız çox oldu. Özüm də qol şansından istifadə edə bilmədim. Hesab böyük ola bilərdi. Bu da pis deyil, ilk qələbəmiz oldu. Millətlər Liqasına hazırlaşırıq. Bu qələbə çox yaxşı oldu. Qazaxıstan və Latviya ilə görüşlərə hazırlaşacağıq. Həmin oyunlardan da yaxşı nəticə ilə dönməyə çalışacağıq.
- Qırğızıstan millisi daha zəif idi?
- Elə bil rəqib yoxdu. Bütün komandalar futbol oynaya bilirlər. Bu, mənim şəxsi fikrimdir. Qırğızıstan zəif deyildi. Kağız üzərində biz favorit göstərilə bilərik. Amma meydanda belə deyil. Hər bir milli oynaya bilir.
- Adın “Qarabağ”la hallanır...
- Düzdür, hallanır. Mən də mətbuatdan oxuyuram. Amma mənə “Qarabağ”ın heç bir rəsmisi nə zəng etməyib, nə də görüş keçirməyib. Onu da vurğulayım ki, “Sumqayıt”la hələ bir illik müqaviləm qüvvədədir. Millinin düşərgəsindən ayrıldıqdan sonra bütün suallara aydınlıq gələcək.
- “Sumqayıt”da qalacaqsan, yoxsa ayrılacaqsan?
- Onu bilmirəm. Dünyanın işini bilmək olmur. Sabah nə olacağını heç kim deyə bilməz. Desəm ki, qalacam, təklif gələr və mən də ayrılacağım təqdirdə, deyəcəklər ki, bəs demişdin ayrılmayacam? Ona görə də heç nə demək istəmirəm. Milliyə köklənmişəm. İstəyirəm ki, Qurban Qurbanovun etimadını qazanım.
- Sənə təkliflər var?
- Adım hallanır. Oxuyuram, məlumatlandırırlar. Deyirlər ki, “Neftçi”, “Qəbələ” və “Qarabağ”a gedəsən. Kaş təklif olaydı, amma belə söz-söhbətlər çox olmazdı.
saytlarin hazirlanmasi