Ansi Aqolli: "Gələcəyimi "Qarabağ"da görürəm"

12:52 - 20 İyul 2018

"Avrokuboklarda zəif rəqib olmur.  Bu, bizim yeni mövsümdə ilk ev oyunumuz idi. Oyuna nəzarət edən tərəf olduq, rəqibə boşluqlar verməməyə çalışdıq. Çünki xoşagəlməz sürprizlə üzləşmək istəmirdik. Məqsədimiz mərhələ keçmək idi ki, bunun öhdəsindən gəlməyi bacardıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.  

 

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Olimpiya" klubunu hər iki oyunun nəticəsinə görə üstələməyi bacarıb.  Təmsilçimizin rəqibi Albaniyanın "Kukesi" komandası olub.  

 

Aqolli ölkəsinin klubuna qarşı ilk dəfə oynayacağını və bunun fərqli hisslər olduğunu bildirib: "Mənim üçün çox qeyri-adi hisslərdi. 10 ildən sonra Albaniyaya klub səviyyəli matçda oynamaq üçün qayıdacağam. Bəli, bu, ilk dəfə olacaq".

 

Təcrübəli futbolçu "Qarabağ"ın kağız üzərində favorit olduğunu açıqlayıb: "Kağız üzərində şanslı olmaq meydanda heç nəyi dəyişmir.  Qarşılaşmaya daha çox köklənmək həlledici amillərdəndir. Bu da yarışın spesifik tərəfidir. Bundan başqa, bizim "Kukesi" barədə tam məlumatımız yoxdur. Məndən dəfələrlə "Kukesi" barədə soruşublar.  Çünki bu komanda neçə illər potensial rəqibimiz olub.  Rəqibimizə hörmətlə yanaşırıq". 

 

Cinah müdafiəçisi əsas heyətdə meydana çıxmamasına münasibət bildirib: "Ötən mövsüm həm çempionat, həm də Çempionlar Liqasında daim oynayırdım.  Meydana kimin çıxıb-çıxmamasına baş məşqçi qərar verir.  Fiziki durumum yaxşıdır, özümü formada hiss edirəm. Ancaq oynamaqla qərarı məşqçi verir və onun qərarına hörmətlə yanaşırıq". 

 

Ansi gələcəyini "Qarabağ"da görür: "Açıq danışmağı xoşlayıram. Artıq 9 ildi Azərbaycandayam.  Mənə seçim etmək çətin deyil.  Əgər sənə belə inanan məşqçi, belə klub, azarkeşlərin sevgisi varsa, yeganə seçim orda qalmaqdı. Gələcəyimi də "Qarabağ"da görürəm. Məşqçi kimi, yoxsa digər vəzifədə: Bunu zaman göstərəcək. Əsas futbol ailəsində olmaqdır".

 

35 yaşlı oyunçu özünü millidə oynamağa hazır hiss edir: "Mən əsas vəzifəmi yerinə yetirmişəm. Ümid edirəm ki, hər şey düzgün olub.  Milliyə lazım olsam, oynamağa hazıram. Buna şübhəniz olmasın". 

Xəbər xətti