Malta millisinin və "Baltsan" hücumçusu Alfred Effionq "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 33 yaşlı hücumçunun müsahibəsini təqdim edir.
- Maltada 4:1 hesablı qələbədən sonra sizin üçün bu qədər çətin olacağını gözləyirdiniz?
- İki fərqli oyun oldu. "Keşlə”yə evdə 4:1 hesabı ilə qalib gəlsək də, biz onlara hörmətlə yanaşırdıq. "Keşlə” Azərbaycanın böyük klublarındandır. İlk oyunda baş məşqçimizin tapşırıqlarını yerinə yetirib, nizam-intizamlı oyunla qalib gəldik. Bununla yanaşı, anlayırdıq ki, hələ son deyil. "Keşlə”dən Bakıda yaxşı oyun gözləyirdik. Belə də oldu: oyun bizim üçün çətin alındı. Bu cür istidə oynamağa öyrəşməmişik. Maltada da hava isti keçir, ancaq burada nəmişlik var. Fikrimcə, hər iki komanda yaxşı futbol göstərdi.
- "Keşlə” sizi nə ilə təəccübləndirdi?
- Rəqibimiz güclü idi. Biz bunu meydanda gördük. İki il əvvəl Azərbaycanda olmuşduq. O zaman rəqibimiz "Neftçi” idi. Bakıda qalib gəlsək də, mərhələ adlaya bilməmişdik.
- Həminki "Neftçi” ilə indiki "Keşlə”ni necə müqayisə edərdiniz?
- İki fərqli oyun olmuşdu. "Neftçi” də Ta Qalidə fərqli, Bakıda fərqli oynamışdı. "Keşlə” isə cavab görüşündə çox yaxşı oyun göstərdi.
- Azərbaycan komandalarına qarşı böyük təcrübəniz var. Malta millisinin heyətində Azərbaycana qarşı keçirilən (2:2) matçda qol da vurmusuz...
- Millinin formasında oyunlar hər zaman fərqli olur. Oyunçular yığmaya müxtəlif klublardan gəlir. Azərbaycanla görüşdən yaxşı xatirələrim qalıb. Azərbaycan futbolu hazırda inkişafdadı. O vaxtı biz Bakıda komandanıza 0:2 hesabı ilə uduzub, evdə heç-heçə oynamışdıq.
- Yaxın vaxtlarda Millətlər Liqası çərçivəsində Azərbaycan millisinə qarşı oynayacaqsız. Bu yarışdan gözləntiləriniz nədir?
- Malta futbolda irəliyə addım ata bilib. Bizdə çox perspektivli gənclər var. Üstəlik, baş məşqçimiz yenidir. O, əla iş görür. Millətlər Liqasının oyunlarında mübarizəmizi aparacağıq.
- Azərbaycanla görüşlərdə qələbə qazana biləcəyinizi düşünürsünüz?
- Futbolda hər şey mümkündür. Hər oyuna qələbə üçün çıxacağıq. Bizim ölkədə də futbol inkişaf edib.
- Malta yığmasının əsas rəqibi Kosovodur, yoxsa Azərbaycan?
- Hər komanda özünə görə güclüdür. Elə bir milli yoxdur ki, mübarizə aparmadan qalib gələ biləsən. Hər şey 90 dəqiqə ərzində meydanda həll olunur. Həmin gün nə dərəcədə hazırsansa, o da baş verir. Ən güclü rəqibə də qalib gəlmək olar.
saytlarin hazirlanmasi