"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah Albaniyanın "Kukesi" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oyunda öncə mətbuat konfransı baş tutub. Təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Sabah vacib oyuna çıxırıq. Səfərdə 0:0 hesablı heç-heçə etdik, amma arxayınlaşmaq olmaz. Belə turnirlərdə hər bir qol oyunun nəticəsinə təsir edir. Sabah diqqətli və ehtiyatlı olmalıyıq. Oyunda qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Hər epizodu düzgün dəyərləndirməyə çalışacağıq. Futbolçuların hamısı matça hazırdır. Rəqibin inamlı və oyuna ciddi hazırlaşdıqlarını demək olar. Sərfəli nəticə üçün çalışacağıq"
- Adətən ilk oyundan sonra rəqib haqda məlumat topladığınızı deyirsiniz. “Kukesi” haqda hansı məlumatlara maliksiniz?
- "Kukesi"ni tam yaxından tanıdıq. Bizimlə oyuna fərqli sxemlə çıxmışdılar. Əvvəlki matçda isə başqa taktika ilə Gözləmirəm ki, sabah da ciddi dəyişikliklər etsinlər. Amma istənilən sürprizə hazır olmaq lazımdır.
- Rəqib "Qarabağ"ın güclü olduğunu, amma mərhələ keçmək istədiyini deyir. Onların bu açıqlamaları komandanı arxayınlaşdırmır?
- Futbolçularımıza hər gün rəqib haqda məlumat veririk. Rəqibin açıqlamaları bizə təsir etməməlidir. Düzdü, onların fikirləri bizə siqnal verir və bunlara hazır olmalıyıq. Daha diqqətli olmalıyıq.
- Con Delarjla İnnosent Emeqara start heyətdə yer ala bilərlər?
- Delarj və Emeqara tam formada deyillər. Amma oynamaq ehtimalları var. Birinin start heyətdə olmaq şansı ola bilər.
- İlk oyunda uzaqdan zərbələrdən istifadə etmədiniz, buna rəqibin müdafiə xətti imkan vermədi. Sabahkı oyunda hücumda effektli olmaq üçün nə düşünmüsünüz?
- Son vaxtlar avtobus qurma dəb halına düşüb. Mən belə şeylərə önəm vermirəm. Hər rəqib öz rəqibinə fərqli yanaşır. Əgər bu üslubu seçirlərsə, hücumlarımızın qarşısını almağı da düşünürlər. Hər bir halda, bunun bizim üçün əhəmiyyəti yodur, öz hücumlarımızı edəcəyik. Düşünürəm ki, qol vurmaq üçün çox imkanımız olacaq. Əsas isə, qol buraxmamaq haqda düşünməliyik. Qol vurmaq haqda düşünsək, müdafiədə səhvlər edə bilərik.
- Bu mövsüm ÇL-də 3 oyuna 1 qol vurmusuz. Bunun üzərində çalışırsız?
- Biz addımlar atırıq. Qol vurmaq üçün çalışırıq. Bu amil bizi narahat edir. Hər bir halda, qol vurmaq haqda çox düşünürük.
- "Kukesi"nin baş məşqçisi açıqlamasında penaltilərə hazırlaşdıqlarını deyib. Onlar mübarizəni 120 dəqiqə və penaltilərə aparmağı düşünürlər. Bəs siz?
-Əlbəttə, oyunun nəticəsini ilk 90 dəqiqədə müəyyənləşdirmək istəyirik. Mən hər bir rəqibin fikirlərinə müsbət yanaşıram. Ola bilər ki, futbolçularını belə motivasiya edir. Əsas məsələ odur ki, oyunun taleyi həll olunmalıdır. İnanıram ki, istədiyimiz futbolu oynaya biləcəyik.
- Abdullah Zubir oynamağa hazırdır?
- 3 gündür komanda ilə məşq edir. Sabah səhər məşqimiz olacaq və bundan sonra “11-lik” barədə qərar verəcəyəm.
saytlarin hazirlanmasi