Futbolpress.az və futbolinfo.az saytları Mətbuat Şurasına (MŞ) çağırılıblar.
Sportal.az xəbər verir ki, buna səbəb "Keşlə" klubundan şuraya şikayətin daxil olmasıdı.
Şikayətdə klubun Müşahidə Şurasının sədri Zaur Axudnovun işgüzar nüfuzuna xələl gətirən yazıların/xəbərlərin dərc edildiyi qeyd olunub. Təklif edilib ki, klub və həmin saytların nümayəndələrin iştirakı ilə şurada görüş keçirilsin və problem müzakirə edilsin.
Məsələ ilə əlaqədar adıçəkilən saytlar AFFA rəhbərliyinə, futbol ictimaiyyətinə və MŞ başda olmaqla, müvafiq media qurumlarına müraciət edib: “Keşlə” FK-nın haqqımızda şuraya şikayəti qanunla tənzimlənən müstəqil media fəaliyyətimizə süni təzyiqdi. Əsassız şikayət cəhdi klubun qərəzinin göstəricisidi və qətiyyətlə tələb edirik ki, MŞ bu məsələni ciddi araşdırıb, qüsursuz, peşəkar fəaliyyəti ilə nüfuz qazanmış bu KİV-lərin imicinə zərbə yetirmək cəhdlərinin hüquqi qiymətini versin.
Biz bu məsələdə artıq təşəbbüskar tərəfik və bütün araşdırmalara açığıq. Hətta adıçəkilən klubun ən başda adıçəkilən KİV-lər olmaqla, idman mediasında tənqidi mövqeyi olan mətbuat orqanlarına şirnikləndirici təkliflərlə ələ almaq cəhdlərinə dair faktları təqdim etməyə hazırıq. Və inanırıq ki, dürüst, şəffaf fəaliyyəti ilə hörmət qazanmış KİV-lərə qarşı bu mövqenin əsl səbəblərini üzə çıxaracağıq.
Klubun Müşahidə Şurasının sədri təyin olunandan adı qalmaqallarda hallanan Zaur Axundovun indi də müstəqil mövqeyi və şəffaf fəaliyyəti olan KİV-lərə qarşı hücumu pislənir, futbol ictimaiyyətini bu prosesin açıq müzakirə edilməsində fəal iştirak etməyə səsləyirik. Futbolda pis tendensiyalara səbəb olmuş şəxslərin bu ləkəni mətbuata bulaşdırmaq cəhdlərinə yol verməyəcəyik”.
saytlarin hazirlanmasi