"Vacib oyuna çıxacağıq. Bakıda 20-25 min azarkeşin önündə oynamaq çətin olacaq. Bu komandaya böyük dəstək var. İlk matçda qapımızı toxunulmaz saxlaya bildik. Bu oyunda özümüzə inanırıq".
Sportal.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"la qarşılaşacaq Albaniyanın "Kukesi" klubunun idman direktoru Nderim Nedzipi deyib. Klub rəsmisi mərhələ keçəcəklərinə inandığını deyib:
"Qarabağ"ın favorit olduğunu daha öncə də demişdim. Ancaq Bakıda qol vurmağı bacaracaq keyfiyyətli komandamız var. Futbolçular da özlərinə inanırlar. Bu oyuna ümidimiz böyükdür. İlk oyunda sona qədər mübarizə apardıq və qol da vura bilərdik. İlk oyunda 1:0 hesabı ilə qalib gələrək, Azərbaycana gəlsəydik, daha yaxşı olardı. İnanıram ki, Bakıda bir qol vurub, mərhələ adlaya bilərik. Prezidentimizdən tutmuş hər bir futbolçu buna inanır. "Qarabağ"ın gücünə bələdik, amma mərhələni keçə bilərik".
Futbolçu karyerasında "Qarabağ"da oynamış makedoniyalı veteran oyunçu əks-hücumlara bel bağlayacaqlarını bildirib:
"Qarabağ"ın hücumlarının qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu komandaya yaxşı bələdəm. Mərhələ keçmək üçün sona qədər inanmalı və mübarizə aparmalıyıq. "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında inkişaf yolu cızıb. Ümid edirəm ki, "Qarabağ"ı Bakıda təəccübləndirəcəyik. "Qarabağ" oyunun start firindən irəli atılacaq. Biz isə öz fürsətimizi gözləyəcəyik. Əks-hücumlarda rəqibi cəzalandırmaq üçün çalışacağıq. Reginalda ideal formada deyil, amma onun gəlişi ilə hücum xəttimiz güclənib".
Nedzipi "Qarabağ"da birgə çıxış etdiyi keçmiş komanda yoldaşları barədə danışıb:
"Qarabağ"dakı dostlarımla uzun müddət sonra görüşdüm. Bizim münasibətimizdən çox razı qaldılar. Ansi Aqolli ilə çox danışa bilmədik. Bakıda görüşmək üçün vaxtımız olacaq. Albaniyaya qələbə qazanmaq üçün gəlmişdilər, amma "Kukesi"nin gücünü gördülər. Bu oyunda 1 qol çox çeyi dəyişə bilər".
Nedzipi komandada yaxşı ab-hava olduğunu deyib:
"Komandada atmosfer əladır. "Valetta" ilə oyunun mükafatları futbolçulara verilib. Bu amillər komanda üçün böyük stimuldur. Futbolçular daha həvəsli olurlar".
saytlarin hazirlanmasi