Aqil Nəbiyev: "20 yaşlı futbolçu I Divizionda mübarizə apara bilməyəcəksə, nə gələcəyi olacaq?"

16:16 - 3 Avqust 2018

"Məşqlərimizi davam etdiririk. Komanda I Divizionda yarışacaq. Sabah "Keşlə"nin əvəzedici komandası ilə qarşılaşacağıq".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev deyib. Gənc mütəxəssis komanda formalaşdırdıqlarını deyib. Nəbiyev I Divizionda yeni mövsümdən etibarən, tətbiq ediləcək limitlə bağlı da danışıb:

 

"Limit ani anda verilən qərarla dəyişildi. Bizim aşağı yaş qruplarımız var idi, amma U-19 komandamız mövcud deyildi. 2004-2007-ci il təvəllüdlü futbolçularımız var, lakin onların I Divizionda çıxış etməsi mümkün deyil. Bizim üçün çətindir. Ordan-burdan maraqlanırıq, klublara xəbər göndəririk. Təbii ki, yaxşı futbolçuları bizə vermirlər, gələcək üçün özlərində saxlayırlar. Çempionlatın startına kimi komandanı formalaşdırmaq istəyirik. Bir neçə il əvvəl 1995-ci il təvəllüdlü futbolçular Preyer Liqada oynayırdılar. Həmin vaxt klublar da çox idi. Amma bu gün komanda sayı azdır, legionerlər isə çoxluq təşkil edir. Federasiyanın qərarını nə ilə əlaqəli olsa belə, hörmətlə qəbul etməliyik. Əgər 18, 19, 20 yaşlı futbolçu I Divizionda mübarizə apara bilməyəcəksə, nə gələcəyi olacaq? Bir futbolçu üçün 18 yaş az deyil. Belə yaşda Premyer Liqada oynamaq lazımdır, divizionda yox. Amma klub sayı az olduğu üçün onları qıraqda qalır".

 

Aqil Nəbiyev bacardıqları qədər yuxarı pillələri tutmağı hədəflədiklərini deyib:

 

"Bir komandada 7 nəfər gənc futbolçu oynayacaq. Təsəvvür edin ki, ən yaxşı gənc futbolçular Premyer Liqa klublarının əvəzedicilərində olacaq. Təzə gələn uşaqları aşağılamaq istəmirəm, amma klublarına lazım olmayan futbolçular idilər. Divizion klubları üçün çox ağır olacaq. 1998-ci ildə yuxarı olan ən keyfiyyətli futbolçular əvəzedicilərdə mübarizə aparacaq. Bundan əlavə, əsas komandadan 3-4 nəfər də əvəzedicilərə kömək etsə, fikirləşin ki, aqibətimiz necə olacaq. Çalışacağıq ki, iddialı komanda quraq. Hədəfimiz bacardığımız qədər yuxarı pillələrdə yer almaq olacaq".

 

Qeyd edək ki, I Divizionda yeni limitə görə, heyətdə 4 futbolçu yaş limiti olmadan, 6 futbolçu 1998-ci il və daha gənc təvəllüdlü, 1 futbolçu 2001-ci il və daha gənc təvəllüdlü olmalıdır. Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər.

 

Xəbər xətti