"Qəbələ"yə hörmətlə... QEYD

16:23 - 10 Avqust 2018

I Divizionun püşkü atıldı. 14 komandanın iştirak edəcəyi məlum oldu. 12, yoxsa 14 dilemmasının sonunda çoxluq təmin olundu.

 

Necə, nə cür?

 

Yenə süni nizamlama ilə. Siyahıya baxaq:

 

"Kəpəz”
"Qaradağ Lökbatan”
"Şüvəlan”
MOİK
"Turan Tovuz”
"Ağsu”
"Zaqatala”
"Səbail - 2"
"Zirə - 2"
"Qarabağ - 2,
"Keşlə - 2"
"Sumqayıt - 2”
"Neftçi - 2”
"Sabah - 2”


Bu "2"lər inkubator məhsulu görüntüsünü yaradır. "2"siz olanların da hamısı SOCAR-ən büdcəsini "əməcək" amöblərdi. Mütəxəssislər düşünür ki, əvəzedicilərin çempionatının ləğv edilməsi və həmin komandaların I Diviziona qatılması Azərbaycan futbolunun böhranda olmasının göstəricisidi. Bu, həm də bütün yaş millilərin yeni inkişaf strategiyası üçün əlverişsiz durum deməkdir.

 

AFFA daim açıqlayır ki, "Kimsə futbola pul yatırdı, biz qoymadıq?!". Eyni zamanda hər mövsüm azı 2-3 müstəqil klub yaratmaq cəhdi haqda oxuyuruq, eşidirik və həmin cəhdlər müsbət cavablandırılmır.

 

Bu "tendensiya" nədən qaynaqlanır?

 

Müstəxəssislər bu mövzuda müxtəlif arqumentlər səsləndirir. Kuluarlarda gəzən əsas söhbət isə budur ki, "yuxarılardan" futbolun oliqarxlardan asılılığının ləğv edilməsi, bir mərkəzdə təmərküzləşdirilməsi haqda göstəriş verilib. Son iki-üç ildə bu proses aparılır.

 

Bu qərara göstərilən səbəb çoxdur və müxtəlifdir. Ən əsası isə budur ki, oliqarx nəzarətində olan klublar həddən ziyadə pul məsrəfinə səbəb olur. Oliqarx nəzarətində olsa da, yekunda ümumi büdcədən - neft pullarından gedir və bu prosesin davam etdiyi illərdə ölkədən külli-miqdarda maliyyənin "çölə axını" müşahidə edildi.

 

İddialara görə, məhz buna görə futbolda müəyyən sxemin formalaşdırılması göstərişi verilib. Ancaq bunun tətbiqində ciddi problemlər var. Bu işin əsas icraçısı AFFA-nın baş katibi Elxan Məmmədovdur. Prosesdə ofsaydda olan qurumun prezidenti Rövnəq Abdullayev cəmiyyətdə ciddi narazılıq doğuran qərarların  yenidən şəkilləndirilməsində maraqlı deyil. Çünki yeni formasiyanın icraçı qüvvəsi Elxan Məmmədov olsa da, o da AFFA-nn və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirova arxalanır.

 

Bir sözlə, yeni formatın ideologiyası  icraçı isteblişmenti Nəsirov klanına aiddir və Abdulayevlə Nəsirovçün futbol sahəsi prioritet olmadığından bu məsələdə tərəflər bir-birinə qarşı prinsipiallıq sərgiləmir...

 

Bunlar təsdiqini tapmamış, ancaq əsas müzakirə mövzusu olan detallardı.

 

Olsun.

 

Ancaq yeni formatın absurdluqları həddən artıqdır. Məsələn, söhbət açdığımız I Divizion məsələsi.

 

Müstəqil klub, futbola sərbəst yatırım bazarı açıq olmadığından mühitin "oksigen çatışmazlığı" aşkar hiss olunur. Bu da məhvə aparan gedişatdır.

 

AFFA iddia edir ki, yarışın daha səmərəli hal alması üçün əvəzedicilərlə Divizionu birləşdirmək qərarı verildi. Təbii ki, bu, belə deyil. Bu, yuxarıda etdiyimiz səbəblər üzündən məcburi atılmış addımdır.

 

Divizionda iştirakı təsdiqlənən "Kəpəz"in TPL-dən düşməyindən sonra mövqeyi  birmənalı deyildi. Klubu himayə etməyə hazır olduğunu açıqlayan Gəncə rəhbərliyi AFFA-nın qərarından sonra I Divizionda iştirakdan imtina edəcəyini dolayısıyla açıqlamışdı. Belə görünür ki, o klubu bundan sonra tam SOCAR maliyyələşdirəcək.

 

"Şüvəlan"ın da davam edib-etməyəcəyi naməlum idi. Bu da hansısa dotasiyalar hesabına saxlanılacaq.

 

"Turan Tovuz", "Ağsu" və "Zaqatala"nın tamamilə SOCAR-dan maliyyələşdiyi əvvələn də məlum idi. Eyni maliyyə mənbəyinə malik "Qaradağ-Lökbatan"ın isə dağıldığı bildirilirdi, ancaq...

 

Yəni bu qədər klub məhz SOCAR-ın maliyyəsi ilə saxlanacaq və bunlar bir çemionatda bir-birinə rəqib olacaq (?!). Bu, acınacaqlı hal deyil?

 

I Diviziona müstəqil klubların buraxılmasındakı ciddi baryerlərə əsas səbəblərdən biri də danışılmış oyunlar problemi göstərilir. Bu hallar həmin komandalarda gəlirlərin/məvaciblərin aşağı olmasına görədir.

 

Yeni formatda da dəyişən nəsə yoxdur. Bir əldə cəmləşdirilən bu çempionatda futbolçular yenə o qədər qazanacaq, hələ daha az ola bilər.

 

Belədə yenə danışılmış oyunların olması gözləniləndir.

 

Bir sözlə, yeni təmərküzləşdirimə siyasəti ölkə futbolunu uçuruma aparmaqdadır. Azərbaycan klub futbolu yenicə dirçəlməkdəykən, "Qəbələ", "Neftçi", "Qarabağ" simasında beynəlxalq nəticələrini yaxşılaşdırmaqdaykən yeni format mühiti pozdu. "Xəzər Lənkəran", "Bakı" kimi bazası, bünövrəsi olan klublar süquta uğradı, "Qəbələ" artıq can çəkişir, "Neftçi" ölkədən kənarda mənfi saldoya yuvarlanıb və s.

 

Bundan başqa, futbol hökumətinin iddiasına görə milli komandaların yeni sistemə keçidi inkişafa səbəb olacaq. Halbuki bəhs etdiyimiz gedişat ən çox millilərin səviyyəsinə pis təsir edəcək. Hələ qələbə üzü görməyən aşağı yaş qruplarını çalışdıranlar car çəkirlər ki, keyfiyyətli futbolçu yoxdur.

 

Bəs vəziyyətdən çıxış?

 

TPL klubları AFFA İcraiyyə Komitəsinin Divizion məsələsində son qərarına qarşı mövqe qoymalı idi. Ki, bunu yalnız "Qəbələ" etdi. Ölkədə yeganə region təmsilçisi iddia edir ki, yeni format onların fəaliyyət sisteminə uyğun deyil. Bu məsələdə klubun maliyyə sıxıntısı əsas kimi göstərilsə də, ən böyük arqument bu deyil. Klub rəhbərliyi dəfələrlə açıqlamalarında bildirdi ki, əvəzedici komandanın Divizionda iştirakı mənasızdır, həm də bu haqda daha əvvəldən AFFA-ya məlumat vermişdilər və s.

 

Bəs digər TPL klubları niyə mövqesizlik göstərib?

İK-nın maydakı iclasında "Neftçi" də olmaqla bir neçəsi bu formatın əleyhinə olduğunu açıqlamışdı, cəmi iki ay sonra, İK-nın iyul iclasınadək nə dəyişildi?

Heç nə dəyişilməyib, AFFA-dan bu klublara göstəriş olub. Çünki "Qəbələ" və "Qarabağ"dan, qismən də "Zirə"dən başqa maliyyə mənbəyi SOCAR-dan asılı olmayan klub yoxdur. Quyu məhz burdadır...

 

Təəssüf ki, yalnız "Qəbələ" korrekt mövqe nümayiş etdirdi. Digrləri bilə-bilə ki, bu format ölkə futbolunun ziyanına olacaq,  yenə getdilər...

 

Futbola ciddi pul buraxan iş adamları yoxdur, neyləmək olar?! -illərdir AFFA-nın mövqeyi budur.

 

"Sabah"ımız "Kəpəz"dən üzüaşağı yuvarlanıb, "Qaradağ - Lökbatan" kimi batacaq. Gün gələcək, "Qarabağ"lar bağlanacaq futbolumuzun qoluna, 11 metrlik kəfən də çarə olmayacaq. 1-2 "Zirə"k də yoxdur ki, desin, "Sumqayıt"! Getdi, gedir və bu gedişlə gedəcək də... Bizim sərvətin - neftin pullarıdır gedən... (Elçin Cəlilov, Futbolpress.az)

Xəbər xətti