“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının III turunda doğma meydanda “Səbail”ə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis öncə fikirlərini bildirib:
- Təbii ki, bizim üçün yaxşı nəticə deyil. Ev oyununda məğlub olmaq pisdir. Səhvlərimiz oldu, uşaq səhvləri buraxdıq və bunlara yol vermək günahdır. Hesabda geriyə düşəndən sonra bərabərlik əldə etməyə çalışdıq. Amma səhvlər də etdik. İkinci hissənin başlamasından 4-5 dəqiqə sonra ikinci qol vuruldu və çox çətin vəziyyətə düşdük. Penaltidən vurulan qol bizə ümid versə də, hesabı bərabərləşdirə bilmədik. “Səbail” ağıllı futbol oynadı, səhvlərimizdə yararlandı və 3 xal qazandı. Əlbəttə, mənim üçün və komanda üçün çətin vəziyyətdir. Milli komandanın oyunlarına görə yaranan fasilə ərəfəsində çox çalışacağıq.
- Təqvim sizin üçün elə də yaxşı deyil. “Qəbələ”, “Qarabağ” və “Neftçi” ilə oyunlarda nəyə ümid edirsiniz?
- Komandalar kağız üzərində zəif ola bilərlər. Çempionatdakı komandalar baş-baş mübarizə aparmaq gücündədir. Təkcə “Qarabağ”ı fərqləndirmək olar. Mənim fikrim belədir. Bizim müəyyən bir istiqamətimiz var, qələbə qazanmaq istəyirik. “Səbail”əməğlub olmağı gözləmirdik. Öz yolumuza davam etməyə çalışacağıq.
- Sezar Meza Kollinin yerini hələ də doldura bilməmisiniz.
- Elədir. Biz oyun qurucusu axtarırıq. Olmasa, bizim üçün çətin olacaq. Topu özündə saxlaya biləcək və dəqiq ötürmələr verə biləcək futbolçu axtarışındayıq.
- Kamran Ağayev son dəqiqələrdə əlcəklərini çıxardı. Bunu necə izah etmək olar?
- Son dəqiqələrdə rəqib qapısına doğru gedirdi, komandaya kömək etmək istəyirdi. Onun hərəkətlərinə bəraət qazandırmaq niyyətində deyiləm. Bunu Kamranın əsəbi olması ilə izah edə bilərəm.
saytlarin hazirlanmasi