"Berti Foqtsun vaxtında qol vururduq, indi yox" - Ruslan Abışov

13:27 - 8 Yanvar 2021

"Biz, onsuz da, hər zaman belə qruplara düşmüşük. Hamı deyir çətin qrupdur. Amma Avropada zəif yığma yoxdur. Zəif saydığımız Lüksemburq millisinin 14 futbolçusu müxtəlif ölkələrin klublarında çıxış edir. İldən-ilə hər kəs inkişaf edir".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Sabah" klubunun kapitanı Ruslan Abışov "Report"un instaqram səhifəsindəki canlı yayımda Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

 

Yığmanın sabiq müdafiəçisi bildirib ki, böyük sözlər danışmağın mənası yoxdur: "Sadəcə evdə uğurlu nəticələr qazana bilərik. Biz hər zaman səfər oyunlarında problem yaşayırıq. Həmin dövrdə milliyə çağrılacaq oyunçuların səviyyəsi, hansı formada olması çox önəmlidir. Yığmanın uğur qazanmasını istəyiriksə, ölkə xaricində çıxış edən bir neçə futbolçumuz olmalıdır. Yalnız yerli çempionatda oynayan futbolçularla mübarizə aparsaq, qrupda ya 5-ci, ya da 6-cı olacağıq. Ən yaxşı halda isə 4-cü yeri tuta bilərik".

 

34 yaşlı oyunçu yığmanın UEFA Millətlər Liqasındakı çıxışına da toxunub: "Berti Foqtsun vaxtında deyirdilər ki, yığma müdafiə futbolu oynayır. Amma ən azından qol vurub, xallar yığa bilirdik. Təəssüf ki, son Millətlər Liqasında yığma həm müdafiə futbolu oynadı, həm də az qol vurdu. Bu turnir bizim kimi komandalar üçün böyük şansdır. Millimizin qarşıdakı seçmə mərhələdə güclü rəqiblərə qarşı necə oynaması maraqlı olacaq. Martda hər kəs yığmanın hansı gücdə olduğunu görəcək".

 

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Xəbər xətti