"Torpaqlarımızı düşməndən azad etmək mükafatımdır, medal düşünmürəm" - azərbaycanlı futbolçu

12:12 - 16 Yanvar 2021

Vaxtilə “Olimpik”, “Bakı”, AZAL-ın formasını geyən Səid Abbasov Dağlıq Qarabağın işğaldan azad olunmasında iştirak edib.

 

Sportal.az-a açıqlamasında Şuşa, Füzuli və Xocavəndin erməni terrorçularından təmizlənməsində iştirak edən keçmiş futbolçu döyüş yolundan danışıb.

 

“Komandirlər deyirdi ki, düşməni öldürməyə gedirik, ölməyə yox”

 

 

“2015-ci ilin iyulunda Gəncəyə hərbi xidmətə yollandım. Üç ay sonra Mərkəzi Ordu İdman Klubuna gəldim. Bir ilin qalan müddətini klubda keçirib evə qayıtdım.

 

Ötən ilin iyulunda Tovuz hadisələri zamanı könüllü olaraq səfərbərlik xidmətinə döyüşə getmək istəyimi bildirərək qeydiyyatdan keçdim.

 

Sualınıza cavab olaraq bildirim ki, ailədə yeganə oğlan övladı olsam da, müraciətimi valideynlərimdən gizlətdim. Düşünürdüm ki, vətənə borcluyam, bu torpaqda böyümüşəm. Tovuz hadisələri səbrimizin son həddi idi. Hərbi komissarlıqdan bir neçə dəfə mənə zəng gəldi. Döyüşün yaxında olduğunu fikirləşirdim, hiss edirdim, sanki ürəyimə danmışdı. Hərbiyə çağrılacağım halda sevərək, vətəni erməni işğalçılarını qovmaqla azad etməyi düşünürdüm. Allaha şükür, istəyimizə çatdıq. Sentyabrın 21-də təlimə çağrıldım. Döyüş başlayana kimi hazırlıq davam etdi.

 

Ayın 27-də həyəcan siqnalı verildi, Bakıdan Füzuli istiqamətində mübarizəyə yollandıq. Bu müddətdən sona qədər döyüşlərdə olduq. Sentyabrın 29-dan oktyabrın 17-dək Füzulinin işğaldan olunması üçün “ölüm-dirim” mübarizəsi getdi. Yüksəklikləri, kəndləri terrorçulardan təmizlədik. Döyüşün ilk günləri həyəcan olsa da, sonradan hər şey qaydasına düşdü, adiləşdi. Vətən sevgisi, torpaqlarımızı işğaldan azad etmək arzusu üstün gəldi. Amalımız daim irəliləmək, zəfərləri sıralamaq idi.

 

Döyüşdə, ölümlə üz-üzə olan zaman, ilk növbədə Allaha güvənib dua edirdik, bizi qalib etməyi, əsgərlərimizi qorumağı, bağışlamağı arzulayırdıq. Komandirlərimizin yaddaşlara həkk olunan sözü vardı ki, “Biz düşməni öldürməyə gedirik, ölməyə yox”.

 

“Ordumuz erməni terrorçularını məhv etdi“

 

 

Döyüşlərdə valideynləri, xalqımızı, qohumları gözümüzün önünə gətirirdik. Hərbi əməliyyatların hamısı çətin idi. Füzulidəki döyüşlər relyefinə görə ağır keçirdi. Meşədə xüsusilə əməliyyat mürəkkəb oldu. Ona görə ki, düşmənin bunkerləri, istehkamları varıydı. Ordumuzun piyada qoşunları, xüsusi təyinatlılar, hərbi hava qüvvələrinin, artirelliyamızın gücü sayəsində erməniləri darmadağın etdik.

 

Allaha sonsuz şükürlər olsun ki, arzumuza çatdıq. Rəbbimiz şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin”.

 

“Əzizlərimi, qardaşlarımı itirdim”

 

 

Qəhrəmanımız müharibədə əzizlərini itirdiyini bildirib:

 

“Batareyamız 47 nəfərdən ibarət idi: 6 şəhid verdik, 8 əsgərimiz yaralandı. Oktyabrın ortalarında itkilər oldu. Bu haqda danışmaq çox çətindir. Döyüşdə deyim ki, sanki qardaşlarımı, əzizlərimi itirdim. Orda nəyimiz vardısa, bərabər bölüşürdük, çətin durumda bir-birimizə dəstək olurduq”.

 

“Vətəndən düşməni qovmaq borcum idi”

 

 

Döyüşçü qeyd edib ki, medal almasa da, Vətənin işğaldan azad olunması onun mükafatıdır:

 

“Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi qürurvericidir. Zəfərin qazanılmasında uzun illər bu amal uğrunda çalışmaq, hazırlaşmaq, hərbi baxımdan güclənməyin, ordumuza hərtərəfli dəstəyin böyük rolu oldu. Allah xalqımızı da qorusun. Milli birliyin qələbəmizə möhtəşəm müsbət təsiri oldu.

 

Mən də vətənimizdən erməni terrorçularını qovmaqda iştirak etməyi özümə borc bilirdim. Torpaqlarımızı düşməndən azad etmək mükafatımdır, maddi dəstək, medal almağı düşünmürəm. Çox şadam ki, Füzuli, Xocavənd və Şuşanın erməni işğalçılarından təmizlənməsində mənim də rolum oldu”.

 

“Şəhidlərimizlə fəxr edirik”

 

Şəhidlərimizin uca məqama yüksəldiyini deyən qəhrəmanımız, onlarla qürur duyduqlarını vurğulayıb:

 

“Şəhidlərimizin torpaqlarımızı işğaldan azad etməkdə böyük rolu oldu. Onlar canlarından, qanlarından keçdilər. Şəhidlərimizlə qürur duyuruq. Evə döndükdən sonra şəhidlərimizin məzarını ziyarət edərək, Allahdan rəhmət dilədim. Onlar hər zaman dualarımızda, yaddaşlarımızda olacaq. Yaxın günlərdə hərbçi yoldaşlarımla şəhid ailələrini də ziyarət etməyə gedəcəyik”.

 

Xəbər xətti