Daha üç boksçumuz 1/4 finala vəsiqə qazanıb

14:14 - 7 İyul 2021

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

 

Sportal.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb. 1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Fərhad Şeydayev (63 kq) Martin Rusnakla (Çexiya) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, 1/4 finalda israilli Adham Kayoufla qarşılaşacaq.

 

Ziya Həsənovun (66 kq) da ilk görüşü uğurlu alınıb. Boksçumuz Valentin Volokova (Moldova) heç bir şans verməyib – 5:0. Həmyerlimiz 1/4 finalda Gürcüstan təmsilçisi Mehman Namazovu sınağa çəkəcək. Boksçularımızdan Eldar Əsədli (+80 kq) isə səkkizdəbir finalda ilk raundda Bəyazit Atilir (Türkiyə) üzərində texniki qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Aleksandr Zelinski (Ukrayna) ilə qarşılaşacaq.

 

Komanda yoldaşlarından fərqli olaraq Fuad Babayev (60 kq) və Lətif Həsənov (70 kq) məğlub olublar. Onlar müvafiq olaraq, Paulius Bublis (Litva) və Maksim Naumova (Ukrayna) uduzublar.

 

Bundan əvvəl yığmamızın üzvləri Kənan Babayev (48 kq) və Məhəmmədəli Qasımzadə (54 kq) də uğurla çıxış edərək 1/4 finala yüksəliblər.

 

1/4 final mərhələsinin görüşləri iyulun 8-də, final görüşləri iyulun 11-də baş tutacaq.

Qitə birinciliyində 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparır.

Xəbər xətti