"Dinamo"ya öz oyununu göstərməyə imkan vermək olmaz" - MÜSAHİBƏ

11:55 - 14 İyul 2021

"Neftçi"nin keçmiş futbolçusu Ruslan Abbasov Sportal.az saytına müsahibə verib.

 

Veteran futbolçu "ağ-qaralar"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə oynayacağı qarşılaşmanı dəyərləndirib:

 

- "Neftçi" "Dinamo" ilə cavab matçına çıxacaq. İlk oyunda Tbilisidə qalib gələn "flaqman" səncə gələcək matçlar üçün ümid verdi?

- "Neftçi" Gürcüstanda o qədər də yaxşı oynamasa da, lazım olan nəticəni qazana bildi. 

 

- Necə düşünürsən, "Dinamo" Bakıda geridönüş edə biləcək gücdədi, yoxsa "Neftçi" buna imkan verməyəcək?

- "Dinamo" Bakıda var gücü ilə oynayacaq. Başqa yolları yoxdu. Ancaq hücum futbolu oynayacaqlar. "Neftçi" futbolçulaerı diqqətli olmalıdır, müdafiədə boşluq vermək olmaz. "Dinamo"nun geridönüş edə biləcəyinə gəlincə, "Neftçi"dən çox şey asılıdı. Təmsilçimiz taktiki cəhətdən düzgün oynasa, mərhələni keçər.

 

- Oyunla bağlı proqnozun necədir?

- Çox çətin oyun olacaq. "Neftçi"nin evdə oynamasına baxmayaraq, şansları 50/50-yə dəyərləndirirəm. 

 

- Samir Abasov transferlərin gecikməsindən daha çox gileylənir. Necə düşünürsən, "Neftçi"nin yenə də transferlərə ehtiyacı var?

- Hər baş məşqçi istəyər ki, sərəncamında səviyyəli futbolçular olsun. "Neftçi" Çempionlar Liqasında oynayır. Ona görə də Samir Abasovu haqlı hesab edirəm.

 

- Yeni transferlər - Sezar Meza Kolli və Harramiz Soareş haqda hansı fikirdəsən? Səncə, "Neftçi"yə xeyir verəcək oyunçulardı?

- İlk matçda Meza Kollinin oyununu bəyəndim. Amma Harramiz barədə eyni fikirdə deyiləm. Bəlkə də ilk oyunudur deyə hələ komandaya uyğunlaşmayıb. ümid edirəm, növbəti matçlarda "Neftçi"yə xeyir verər.

 

- "Dinamo" Gürcüstan çempionatında 21 oyun keçirib, "Neftçi" isə bu mövsüm cəmi bir rəsmi oyun keçirib. Bu, komandalar üçün nə dərəcədə önənli rol oynayır?

- Çox oynamağın üstün cəhətləri çoxdu. Komanda nə qədər oyun keçirsə, bir o qədər hazır olur. O cəhətdən "Dinamo"nun öndə olduğunu düşünürəm. 

 

- Artıq səfər qolu önəm daşımır. Səncə, "Neftçi" "Dinamo"ya qarşı necə oynamalıdı və  fiziki cəhətdən çatdıracaqmı?

- "Dinamo"ya öz oyununu göstərməyə imkan vermək olmaz. Müdafiə olunub hesabı qorumağa çalışmaq yanlış olar. Səfərdəki nəticəni unudub bu oyunda da qələbə üçün oynamalıdır.

Xəbər xətti