İdmanın dinamik inkişafı Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindəndir LAYİHƏ

16:19 - 14 İyul 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda II YAZI

 

Dünya miqyasında aparılan çoxsaylı araşdırmalar göstərir ki, cəmiyyətin inkişafına çoxsaylı təsir göstərən  faktorlar  sırasında ən önəmli yerlərdən birini də idman tutur. İdman cəmiyyətin bütün təbəqələri, xüsusən də uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafında müstəsna əhəmiyyət kəsb edir.

 

Bütün bunlar fonunda təsadüfi deyil ki, müasir dövrdə idmana sürətli inkişafa can atan cəmiyyətlərdə  əhəmiyyətli rol verilir. Təqdirəlayiq haldır ki, Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət almaqda, bu fonda məqsədyönlü dövlət siyasəti həyata keçilməkdədir. Ötən əsrin son dekadasında Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra ölkədə idmana xüsusi qayğı göstərilib. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanması, bayrağımızı ən uca zirvələrdə dalğalandırması da qeyd edilənlərin real təsdiqidir. İdmanın maddi-texniki bazasının davamlı şəkildə möhkəmləndirilməsi, olimpiya ideallarının təbliği, qeyd edilən istiqamətdə gerçəkləşdirilən dövlət siyasəti öz müsbət nəzticələrini verir. 

 

 

İdman ölkəmizdə artıq kütləvi bir ictimai hərəkat olaraq qəbul edilir. Bu, sosial inteqrasiyanın aparıcı amillərindən biri kimi, yəni insanları bir-birinə yaxınlaşdırmaq və onları ümumi maraqlar və fəaliyyətlər əsasında qruplara, təşkilatlara, birliklərə, klublara cəmləşdirmək kimi əhəmiyyətli bir hadisə hesab olunur. Əhalinin müxtəlif sosial kateqoriyalarının bədən tərbiyəsi və idmana münasibətinin öyrənilməsi də ölkəmizdə diqqət mərkəzindədir. Bu, Azərbaycanda idman hərəkatının təşkili və idarə olunmasının davamlı olaraq yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir.

 

 

Azərbaycanda idman siyasətinin real mahiyyəti ondan ibarətdir ki, fərdin, kollektivin, sosial qrupun, millətin həyatının bütün sahələrini birləşdirən "sağlam həyat tərzi" konsepsiyasına ümumi inkişafın vacib halqası kimi yanaşılır. Bu konsepsiyanın əsas reallaşdırma vasitələrindən biri də məhz bədən tərbiyəsi və idmandır. Bədən tərbiyəsi və idman sahəsi cəmiyyətdə bir çox funksiyanı yerinə yetirir və əhalinin bütün yaş qruplarını əhatə edir. Sferanın çoxfunksiyalı təbiəti bədən tərbiyəsi və idmanın insan şəxsiyyətinin fiziki, estetik və əxlaqi keyfiyyətlərinin inkişafı, ictimai faydalı fəaliyyətlərin təşkili, xəstəliklərin qarşısının alınması, gənc nəslin tərbiyəsi, cəmiyyətdə fiziki və psixo-emosional istirahətin səmərəli təşkili,  reabilitasiya və digər belə vacib məsələlərdə böyük rol oynadığını üzə çıxarır. Burada o da nəzərə alınır ki, idman insanın ümumi mədəniyyətinin, onun sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynamaqla yanaşı, şəxsin məktəbdəki, işdəki, gündəlik həyatda, ünsiyyətdəki davranışını böyük ölçüdə müəyyənləşdirir, sosial-iqtisadi, sağlamlıq problemlərinin həllinə kömək edir. Bu səbəbdən təsadüfi deyil ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına qayğı dövlətin sosial siyasətinin ən vacib tərkib hissəsidir. Dövlət nəzərə alır ki, idman insanların qabiliyyətlərini müəyyənləşdirmək, maraq və ehtiyaclarını ödəmək üçün geniş bir sahə açan humanist idealların, dəyərlərin və normaların həyata keçirilməsini təmin edir. Ən əsası idman insan faktorunu aktivləşdirir.
 


Bədən tərbiyəsi və idmanın nəhəng sosial potensialı bundan sonra da Azərbaycanın çiçəklənməsi naminə tam şəkildə istifadə edilməlidir. Çünki idman mənəvi və fiziki inkişafın ən təsirli vasitəsidir. Bundan başqa, ölkəmizdə idman infrastrukturunun inkişafı yeni iş yerləri yaradır və idmanın inkişafı böyük iqtisadi əhəmiyyətə malik bir əyləncə sənayesinin yaradılmasına kömək edir. Ən yüksək nailiyyətlərə sahib idman, olimpiya idman növləri beynəlxalq əməkdaşlıq, ölkənin beynəlxalq aləmdə cəlbedici imicinin formalaşması üçün mühüm önəm kəsb edir. Azərbaycan idmançılarının qələbələri vətənpərvərlik hisslərini təlqin edir, əhalinin mənəvi gücünü artırır, ölkədə milli qürur hissinin güclənməsinə kömək edir.

 

 

Məlumdur ki, ötən əsrin sonu bir çox ölkədə modernləşmə və idmanın inkişafına təkan verən  müasir qurğularının yaradılması dövrü oldu. Tamamilə yeni iqtisadi və hüquqi münasibətlərdə bədən tərbiyəsi və idman hərəkatının effektiv modelləri yaradıldı. Dünyadakı bu tendensiya həm də müasir mədəniyyətdəki əsas dəyişiklikləri əks etdirən elit idmana olan marağın böyük ölçüdə artımına gətirib çıxardı. Qloballaşma prosesləri müəyyən dərəcədə müasir idmanın, xüsusən olimpik idmanın inkişafınə daha çox stimullaşdırdı. Azərbaycan da bu tendensiyalara vaxtında reaksiya verdi və nəticədə bu gün idmanın inkişaf səviyyəsinə görə Azərbaycan dünya liderləri ilə bir cərgədə addımlayır. Bu, həm də ondan qaynaqlanır ki, bədən tərbiyəsi və idmanın inkişafı yuxarıda qeyd olunduğu kimi ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla həyata keçirilir. Araşdırmalar da göstərir ki, bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır. Heç şübhə yoxdur ki, dövlətin diqqət və qayğısı sayəsində idmançılarımız bundan sonra da yeni-yeni möhtəşəm qələbələrin müəlliflərinə çevriləcəklər.

 

Elçin Əlixan

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

Xəbər xətti