"Kimdənsə güclü və ya zəif olduğumu demək istəmirəm"

12:25 - 15 İyul 2021

“Yaxınlarımla, doğmalarımla məsləhətləşdikdən sonra "Səbail”ə keçməyə qərar verdim. Komandada məni hər şey qane edir”.

 

Bu sözləri Sportal.az-a açıqlamasında “Səbail”in yeni transferi Məhəmməd Mirzəbəyov deyib.
Bundan əvvəl ölkəmizdə, “Sumqayıt”, “İnter”, “Qəbələ”, “Neftçi”, “Sabah” klublarında oynamış 30 yaşlı müdafiəçinin “Səbail”ə keçməmişdən əvvəl “Keşlə”yə keçə biləcəyi ehtimal edilirdi. Futbolçu həmin məsələ haqda belə deyib: “Sadəcə söz-söhbət idi. Konkret təklif olmamışdı. Bir neçə klubla danışırdıq. Sonda isə “Səbail”lə razılığa gəldik”.

 

Mirzəbəyov, həm son klubu olan “Sabah”da daima oynamamasına, həm də son illərdəki çıxışına da aydınlıq gətirib: “Kimdənsə güclü və ya zəif olduğumu demək istəmirəm. Məşqçilərin seçimi idi. Məşqlərdə əlimdən gələni edirdim. Kim oynayacaq, kim oynamalıdı, buna məşqçilər qərar verir. Əlbəttə ki, çox oynamamağım karyerama təsir etdi. Amma heç nə olmaz, işləyib, əsas heyətdəki yeri qazanmaq istəyirəm. 
“Səbail”də oynayıb A milliyə qayıtmaq? Allah qoysa. Ən yaxşısına ümid edirəm. Öncə oynamaq lazımdı. Əgər lazım olsa, niyə də olmasın? A milliyə qayıtsam yalnız şad olaram.”.

 

Sonda isə 30 yaşlı futbolçu yeni komandasının 2021/2022 mövsümündəki məqsədlərindən danışaraq fikirlərini yekunlaşdırıb: “Məqsədimiz hər ən yaxşısını etməkdi. Bizim yaxşı kollektivimiz, yaxşı məşqçilər korpusumuz var. Ümidvaram ki, bu mövsüm biz uğurlu nəticələr qazanacağıq”.

 

Xəbər xətti