Arif Əsədov: "Dinamo" qol vurandan sonra "Neftçi" sanki ayıldı - MÜSAHİBƏ

13:15 - 15 İyul 2021

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçisi Arif Əsədov Sportal.az saytına müsahibə verib.

 

Təcrübəli mütəxəssis "Neftçi"nin Çempionlar Liqası ikinci təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə oyununu dəyərləndirib:

 

- "Neftçi"nin "Dinamo" ilə oyunlarını necə dəyərləndirirsiz?

- İlk dəqiqələrdə oyunun ssenarisi Tbilisidəki matçdakı kimi idi. "Dinamo" daha çox topa sahib idi. "Neftçi" hesabda öndə olduğu üçün ona uyğun futbol oynayırdı. Komanda hesabı qorumağı düşündüyü üçün çox risk etmirdi. "Dinamo" qol vurandan sonra isə "Neftçi" sanki ayıldı və oyununu diktə etməyə başladı. Bunun məntiqi nəticəsi olaraq "flaqman" iki qol vurdu. Bu oyunlarda ən vacib olan şey sərfəli nəticə əldə edib növbəti mərhələyə yüksəlmək idi. Adətən təlim-məşq toplanışından sonra komandalar əsas nəticəni düşünürlər, gözəl oyun ikinci planda qalır. 

 

- "Neftçi"nin oyununda nəyi bəyənmədiz?

- "Neftçi" bizim top klubumuzdu. Ona görə də istəyərdik ki, təmsilçimiz öz oyununu rəqibə diqtə etdirsin, "Dinamo" "Neftçi"nin hücumlarına necə dayandıracağını düşünsün. Amma biz bunun əksini gördük. "Dinamo" hücum edirdi, "Neftçi" ikinci nömrə kimi çıxış edirdi. 

 

- Milli komandanın üzvlərinin oyunu necə təsir bağışladı?

- Futbolçular hələ optimal formalarından uzaqdılar. Buna baxmayaqraq millinin futbolçuları pis təsir bağışlamadılar. Emin Mahmudov, Namik Ələskərov, Aqil Məmmədov, Mert Çelik, Ömər Buludov kimi yerli oyunçular xoş təsir bağılşadılar. Namiki xüsusilə qeyd edərdim. Demək olar ki, hər oyunda qol vurur. Hiss olunur ki, özünə inamı artıb. 

 

"Neftçi"nin legionerlərinin oyunu haqda nə deyə bilərsiz?

- Meza Kollinin ustalıq səviyyəsi göz qabağındadı. Bu futbolçudan hər an kreativ nəsə gözləyirsən. Amma digər legionerlər hələ tam hazır deyillər. Premyer Liqada gördüyümüz səviyyədə deyillər. Bu amillər də komandanın ümumi oyununa təsir edir. 

 

- Növbəti mərhələdə rəqib "Olimpiakos"dur. "Neftçi"dən necə oyun gözləyirsiz?

"Olimpiakpos" adlı-sanlı, güclü klubdur. Yunanıstan təmsilçisi ilə oyunlarda "Neftçi" yəqin ki, ikinci nömrə kimi çıxış edəcək. Bunu da mən normal qarşılayıram. Fikrimcə rəqibə görə oyun planı seçiləcək. "Olimpiakos" çox ciddi rəqibdir. "Neftçi" həm fiziki, həm taktiki baxımdan daha yaxşı vəziyyətdə olmalıdır. Xüsusilə də müdafiədəki boşluqlar aradan qaldırılmalıdı. Ən əsası asmalar zamanı, hava toplarında daha diqqətli olmaq lazımdı. Ümid edirəm ki, "Neftçi" oyundan oyuna daha yaxşı çıxış edəcək. 

Xəbər xətti