"Samtrediya" ilə müqavilə imzalayan Ruslan Hacıyev Sportal.az-a müsahibə verib:
- “Samtrediya” ilə müqavilə imzalamısan. Transferdən gözləntilərin nədir?
- “Samtrediya” ilə 6 aylıq müqavilə imzalamışam. Gözləntilərimə gəldikdə, yaxşı oynayıb, komandaya xeyir vermək istəyirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Maraqlıdır, transfer necə baş tutdu?
- Transfer Vaqif Heydərli vasitəsilə baş tutdu. O, belə təklif olduğunu dedi. Mən də xaricdə oynamaq istədiyim üçün Gürcüstana gəlməyə razılaşdım.
- Azərbaycan klublarından təklif almamışdın?
- Ölkə daxilində təkliflərim var idi. Sadəcə Gürcüstanı tramplin üçün gördüyüm üçün bura gəldim.
- Bəs “Qarabağ”dan niyə ayrıldın? Sənə, əsas komandada toplanışa getmək təklifi edilmişdi?
- Xeyr. Amma ayrılma səbəbim o idi ki, komandada çox vaxt alacaqdım. Danışdıq, razılaşdıq ki, mən özümə komanda tapım.
- “Qarabağ”dan ayrıldıqdan sonra “Neftçi”yə keçmək ehtimalının olduğu xəbərləri dolaşırdı. Nəyə görə “Neftçi”yə keçidin baş tutmadı?
- “Neftçi”dən mənimlə maraqlandıqlarını bilirdim. Lakin rəsmi təklif olmadığı üçün bir söz deyə bilmərəm. Nəsə deməyim düz olmaz.
- Gürcüstan çempionatının özün üçün trapmlin kimi seçdiyini dedin...
- Əlbəttə. Əsas fikrim də elə bu idi. Gürcüstanın mənim üçün tramplin olacağını düşündüyüm üçün bura gəlmişəm.
- Gürcüstandan əsas məqsədin hansı ölkəyə getməkdi? Adaptasiya olmaq uzun çəkməyəcək?
- Avropada oynamaq istəyirəm. Düşünmürəm ki, adaptasiya üçün uzun vaxta ehtiyac olsun. İnanıram ki, tez bir zamanda komandaya uyğunlaşacam.