Cəmiyyətin dinamik inkişafında idman daha böyük rol oynamağa başlayır LAYİHƏ

19:03 - 5 Avqust 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda V YAZI

 

Dinamik inkişaf edən cəmiyyətə malik olmağa can atan dünya dövlətləri üçün ümdə vəzifələrdən biri müasir həyatın tələblərinə uyğun olaraq insan potensialına, resurslarına sahib olmaqdır. Bu prosesdə bədən tərbiyəsi və idman hərəkatının arzuedilən cəmiyyət modelinin yaradılmasında mühüm rola malik olmasını tarix çoxdan isbata yetirib. Idman insanların fiziki sağlamlığının gücləndirilməsi ilə yanaşı, sağlam ruhlu cəmiyyətin ərsəyə gəlməsində böyük önəm kəsb edir. Ona görə də idmanla bağlı müvafiq strategiyanın hazırlanıb icraya yönləndirilməsi Azərbaycan üçün də prioritetdir.

 

 

Qeyd edilənlər fonunda təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra cəmiyyətin, xüsusən də onun gənclər təbəqəsinin fiziki və mənəvi inkişafında idmanın rolunu daim yüksək qiymətləndirərək bu müstəvidə genişmiqyaslı işlər gördü. Ölkə əhalinin müxtəlif kateqoriyalarının və qruplarının, ilk növbədə uşaqların və gənclərin fiziki hazırlığının yüksəldilməsində bu mənada ciddi nailiyyətlər qeydə alındı. Sağlam həyat tərzi formalaşdırmaq məqsədilə müxtəlif proqramlar tətəbiq olundu, bu, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri və məqsədlərindən biri kimi təsbit edildi. O dövr üçün çətin iqtisadi şəraitə rəğmən, məhz Ümummilli lider Heydər Əliyev ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahəyə bilavasitə cavabdeh olan dövlət qurumları qarşısında da konkret vəzifələr qoymuşdu. Nəticə etibarı ilə idmanın inkişafı üçün mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması istiqamətində mühüm işlər görüldü.

 

 

Milli bədən tərbiyəsi və idman hərəkatının ən yaxşı ənənələrini qorumağa və bərpa etməyə, əhalinin bütün təbəqələrini aktiv fiziki fəaliyyətə maksimum cəlb etməyə yönəlmiş addımlar da öz müsbət nəticələrini verirdi. Amma əldə edilənlərlə kifayətlənmək yetərli hesab olunmurdu. İdman istirahətinin yeni təsirli formalarının axtarışını və həyata keçirilməsini stimullaşdırmaq üçün qabaqcıl dünya təcrübəsindən istifadə ön planda yer alırdı. Nəticədə1990-cı illərin ortalarından başlayaraq ölkədə çoxsaylı fitnes mərkəzləri, aerobika klubları, atçılıq gəzintiləri və digər sağlamlıq sahələrində fəaliyyət göstətən klublar da peyda oldu. Bunlar cəmiyyətin idmana həvəsinin yüksəlməsində vacib rol oynayırdı. Amma ən əsası professional idmançıların yetişməsində ümumi idman infrastrukturu və yanaşma tərzi böyük rol oynadı. 

 

 

Bununla çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız getdikcə daha möhtəşəm qələbələrin müəlliflərinə çevrildilər. Bu, Azərbaycanın dünyada tanıdılmasında az əhəmiyyət kəsb etmirdi. Təsadüfi deyil ki, elə Ulu öndər Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü kimi dəyərləndirir, bunu həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.  

 

 

Heydər Əliyevin idman sahəsində müəllifi olduğu  siyasət 1997-ci ildən olduqca mühüm bir mərhələyə qədəm qoydu. Məhz həmin vaxt cəmiyyətdə və dünya miqyasında böyük nüfuz sahibi olan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu, artıq Azərbaycan idmanının inkişafında mühüm və əlamətdar hadisə hesab edilirdi. Elə ötən zaman da bunun tam bir həqiqət olduğunu konkret faktların timsalında isbata yetirdi. İdmanımız üçün tarixi əhəmiyyət daşıyan bu mərhələdən sonra sözügedən istiqamətdə həyata keçirilən dövlət siyasəti artıq daha dinamik göstəricilərə malik yeni şəraitdə gerçəkləşdi, bunun üçün daha böyük imkanlar açıldı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsində növbəti mühüm işlərə start verildi. Təbii ki, bu da artıq idmanın cəmiyyət həyatında daha böyük rol oynaması ilə müşayiət edildi. Bu, artıq bir cəmiyyət kimi də Azərbaycanın yeni uğurlarının əsas təməl daşlarından biri hesab olunurdu. Ən əsası, sözügedən siyasət ölkədə idmana kütləvi marağın artmasına, beləliklə də, sağlam fiziki formada gənc nəslin yetişməsinə müsbət təsir göstərdi. Bu nəsil həm də mənəvi inkişaf göstəriciləri baxımından seçilirdi.

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

 

Xəbər xətti