Alfonso Dominqes: "Tokioda Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam"

12:39 - 7 Avqust 2021

Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarının boks yarışında bürünc medal qazanan Azərbaycan yığmasının idmançısı Alfonso Dominqes Bakıya qayıdıb.

 

Sportal.az xəbər verir ki, boksçumuzu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, Dominqesin yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.

 

81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn Dominqes buna sevindiyini deyib. Onun sözlərinə görə, Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarında da medal qazanması xoş bir hissdir: “Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda kubalı Arlen Lopezlə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim. Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi. Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.

 

Millimizin baş məşqçisi Umberto Orta Dominqes isə boksçularımızın Olimpiadadakı çıxışından danışıb. Dominqesin üçüncü olmasını onun əzmkarlığı ilə əlaqələndirən mütəxəssis digər boksçularımızın medalsız qalmasının səbəblərinin analiz ediləcəyini, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.

 

Qeyd edək ki, kişi boksçulardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına 5 idmançı ilə yollanıb və yarışı 1 bürünc medalla bitirib.

Xəbər xətti