İdmana kütləvi maraq yaradılması Azərbaycanda xüsusi diqqət mərkəzində yer alır - LAYİHƏ

10:55 - 14 Avqust 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda VI YAZI

 

Bədən tərbiyəsi və idman hərəkatının inkişafı uşaqların, yeniyetmələrin sağlam həyat tərzinin formalaşdırılmasında müstəsna rol oynadığından ona dövlət siyasətində daim xüsusi üstünlük verilir.  Bu istiqamətdə görülən işlərinin məzmunu və formaları daim dövrün tələblərinə uyğun olaraq yenilənir.

 

O da məlum həqiqətdir ki, sağlamlığın təməli və bədən tərbiyəsinə müsbət münasibətin əsas uşaqlıqda qoyulur. Gənc nəslin sağlamlığının davamlı inkişafı isə bu məsələnin dain diqqət mərkəzində olmasının vacibliyini ön plana çıxarır.

 

 

Ölkəmizdə bununla bağlı əsas səylər aşağıdakı istıqamətlərə yönəldilməkdədir:

 

1.  Uşaqların sağlamlığı üçün valideyn məsuliyyətinin artırılması;

 

2. Uşaq və gənclər arasında idmanının inkişafı üçün məqsədli və sponsor maliyyə imkanlarının axtarışı və rasional istifadəsi;

 

3. Təhsil müəssisələrində bədən tərbiyəsinin proqram, metodiki və təşkilati təminatının təkmilləşdirilməsi;

 

4. Dərslərin təşkilinin yeni effektiv formalarının tətbiqi;

 

5. Ucuz, lakin praktik və gigiyenik malların, məhsulların, eləcə də  bədən tərbiyəsi üçün məşq avadanlıqları sənayesinin yaradılması;

 

6. İdmana kütləvi maraq yaradan populyar ədəbiyyatın, audio, video materialların  və kompüter proqramlarının kütləvi yayımının həyata keçirilməsi;

 

7. Təhsil müəssisələrində idman zalı, üzgüçülük hovuzu, digər müvafiq avadanlıqların qurulması da daxil olmaqla kompleks bədən tərbiyəsi və idman mərkəzlərinin yaradılması.

 

 

Bunlarla  yanaşı, bir sıra addımların atılmasına da ehtiyac var. Məsələn, ölkəmizdə bədən tərbiyəsi və idmanı təhsil müəssisələrinin əsas tədris planına vacib komponent olaraq daxil etmək də mühümdür. Bu fonda sağlamlıq imkanları məhdud şagirdlər də daxil olmaqla tədris müəssisələrində əlavə dərslər də salınmalıdır. Eləcə də gündəlik rejimdə bədən tərbiyəsi istirahət fəaliyyətinin komponenti sırasında olmalıdır. Bütün bunlar hər bir məktəbəqədər yaşda olan uşağı, şagirdi, tələbəni, yeniyetmənin həftədə ən az 8-10 saat fiziki fəaliyyətlə məşğul olmasını təmin etməlidir.

 

Uşaqların və gənclərin aktiv bədən tərbiyəsinə cəlb edilməsi ilə bağlı problemlərin həllində valideynlər də imkanlarını səfərbər etməlidir. Onlar bu fonda uşaqların asudə vaxtlarına xüsusi diqqət yetirilməlidir. Ailə fəaliyyətləri anlayışı qərbdə olduğu kimi artıq Azərbaycanda da prioritet olaraq qəbul edilməlidir. Bunun üçün ölkə hökuməti və müvafiq dövlət qurumları səviyyəsində Azərbaycanın şəhərləri və bölgə mərkəzləri üçün istirahət zonalarının formalaşdırılması üçün xüsusi bir proqram hazırlamaq və həyata keçirmək lazımdır. Bu istirahət zonasına tipik və ya standart olmayan infrastrukturun (idman şəhərcikləri, eko-stadionlar, turizm və istirahət kompleksləri) formalaşdığı idman obyektləri şəbəkəsi olmalıdır.

 

 

Qeyd edək ki, 1930-cu illərin iqtisadi depressiyasından sonra ABŞ-da bu cür zonaların yaradılması ilə Birləşmiş Ştatların vətəndaşlarının motivasiya prioritetləri kökündən dəyişdi. İdmana, aktiv istirahətə kütləvi maraq yarandı. Düzdür, Azərbaycanda da bu qəbildən olan müvafiq addımlar atılır. Amma onların miqyasının hələ istənilən səviyyəyə çatmadığı da məlum həqiqətdir.

 

Bununla belə etiraf etmək lazımdır ki, 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra qeyd edilən istiqamətdə Azərbaycan mühüm addımlar atıb. Məhz o dövrdən etibarən, istər idman infrastrukturu, istərsə də idman yarışlarının yüksək səviyyədə təşkili ölkəmizdə yeni bir vüsət alıb. Cənab İlham Əliyevin bu sahəyə davamlı olaraq diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması Azərbaycanda idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Onun idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğısı, tezliklə öz müsbət nəticəsini verdi və verməkdədir.

 

 

Ölkəmizdə formalaşan idman hərəkatı beynəlxalq idman ictimaiyyətinin də xüsusi diqqət və marağına səbəb oldu. Azərbaycan zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan ölkələrdən birinə çevrildi. İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu bildirən İlham Əliyev qeyd edirdi: “Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır. İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə, bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri, dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə və gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da, görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaqla yanaşı istəyirlər ki, xalq onları da tanısın və onlara da hörmət etsin”. 

 

Məhz belə yanaşma Azərbaycanda İlham Əliyevin rəhbərliyi altında idmanın yeni yüksəliş mərhələsinin yaşanması ilə müşayiət edildi.

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Xəbər xətti