Bədən tərbiyəsi və idman sahəsində uğurlu dövlət siyasəti LAYİHƏ

15:42 - 21 Avqust 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda VII YAZI

 

Bəşəriyyət tarixinin təhlili göstərir ki, bütün dövrlərdə dövlətin funksiyaları cəmiyyətin inkişaf mərhələləri ilə sıx bağlıdır. Elə  buna görə də zaman keçdikcə bu funksiyaların bəziləri əsas, bəziləri isə ikinci dərəcəli ola bilər. Amma elə funksiyalar da mövcuddur ki, onlar daim əsas sırada yer alır. Buna dövlətin ümumi daxili funksiyaları arasında yer alan sosial-mədəni funksiyanı əyani misal qismində gəstərmək olar.

 

Sözügedən funksiya mədəni dəyərləri, təhsili, səhiyyəni, bədən tərbiyəsi və idmanı, eləcə də digər belə vacib məqamları özündə ehtiva edir. Təbii ki, sosial-mədəni funksiya arasında  bədən tərbiyəsi və idman özünəməxsus mühüm yer tutur. Məhz bu səbəbdəndir ki, qeyd edilən istiqamətdə konkret dövlət siyasəti müəyyən edilərək icraya yönləndirilir. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti Azərbaycanda  aşağıdakı prinsiplərə uyğun olaraq həyata keçirilir:

 

 

1. Bədən tərbiyəsi və idman xəstəliklərin, zərərli vərdişlərin qarşısını almaq, sağlamlığı gücləndirmək və yüksək insan performansını qorumaq vasitələrindən biri hesab edildiyindən, həyatlarının bütün mərhələlərində müxtəlif yaş qruplarında olan insanların idmanla məşğul olmasına xüsusi diqqət yetrilir.  


2. Bədən tərbiyəsi və idmanın inkişafı üçün müvafiq proqramların hazırlanmasında və həyata keçirilməsində, insanların sağlamlıq və fiziki vəziyyətinə görə məsuliyyətinin tanınmasında bütün vətəndaşların maraqları nəzərə alınır. 


3. Qanunun tələblərinə cavab verən bütün bədən tərbiyəsi və idman dərnəklərinin, federasiyaların, məktəblərin və digərlərinin sərbəst fəaliyyəti təmin edilir.  Bu müstəvidə müxtəlif təşkilati-hüquqi fəaliyyət və mülkiyyət formaları indi ölkəmizdə geniş yayılmaqdadır. 


4. Azərbaycan Olimpiya hərəkatının, bədən tərbiyəsi və idman sahəsindəki təhsil müəssisələrinin və elmi təşkilatların, idman sənayesi müəssisələrinin maliyyələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət edilir. Bu prinsiplərə uyğun olaraq, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək üçün dövlət bədən tərbiyəsi hərəkatını və Olimpiya hərəkatını dəstəkləyir. Məhz bundan irəli gəlir ki, büdcə hesabına idmançıların Olimpiya oyunlarına, digər beynəlxalq idman yarışlarına və onlarda iştirakına hazırlıq tədbirləri də daxil olmaqla bütün proseslərin dövlət tərəfindən illik maliyyələşdirilməsi həyata keçirilir.

 

 

Digər önəmli cəhət də budur ki, bədən tərbiyəsi və idman təşkilatlarının, idman sənayesinin müəssisələrinin maddi-texniki və informasiya resurslarından, tədqiqat və texnologiyalardan cəmiyyətin, xüsussən də uşaq və yeniyetmələrin istifadə etmələri üçün dövlət tərəfindən müvafiq şərait yaradılır. Vətəndaşların yaşayış yerlərinə yaxın ərazilərdə idman qurğularının, bədən tərbiyəsi və istirahət obyektlərinin tikintisi və saxlanılması üçün şəraitin yaradılması da dövlətin idman siyasətində artıq önəmli yer tutur.   Hər növdə uşaq və gənclər üçün idman məktəblərinin, klublarının, sağlamlıq düşərgələrinin, tibbi və fiziki dispanserlərin sayının artırılması və maddi -texniki bazasının gücləndirilməsi üçün də yenə dövlət tərəfindən müvafiq şəraitin yaradılması uğurla həyata keçirilir. 

 

 

Azərbaycan  qanunvericiliyinə uyğun olaraq bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin lisenziyalaşdırılması, idman məhsullarının və avadanlıqlarının məcburi sertifikatlaşdırılmasının təşkili istiqamətində də Azərbaycanda müvafiq addımların atılması nəzərdə tutulur. Bu, perspektivdə idmanla məşğul olanların bunu daha düzgün və sağlam əsasda həyata keçirməsi üçün olduqca vacibdir.

 

 

Beləliklə dövlət himayəsi və təminatı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı tələb olunan səviyyədə həyata keçirilir. Bu məsələnin əsası isə hələ ötən əsrin son dekadasında  xalqımızın Ümummilli lideri Heydər Əliyevin yenidən dövlət rəhbərliyinə gəldiyi dövrə təsadüf edir. Onun bu sahədə atdığı əməli addımların qanunauyğun nəticəsi kimi “Bədən tərbiyəsi və idman” haqqında ilk dəfə olaraq 23 dekabr 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş qanunu göstərmək olar. Bu qanun xalqımızın sağlamlığının möhkəmləndirilməsi, yüksək səviyyəli idmançıların hazırlanması sahəsində dövlət orqanlarının və ictimai təşkilatların vəzifəsini və səlahətlərini müəyyən edir. ’’Bədən tərbiyəsi və idman” haqqında qanununun birinci maddəsinə əsasən ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissələrindən biridir.  Ona da diqqət çəkilir ki, bədən tərbiyəsi cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, fiziki hərəkətlər vasitəsilə insanın sağlam həyat tərzinin formalaşdırılmasına, fiziki və əqli inkişafına yönəldilmiş norma, bilik və dəyərlər məcmusunu özündə əks etdirən sosial fəaliyyət sahəsidir. Dövlətin bədən tərbiyəsi və idmanın inkişafına qanunvericilik və digər formada dəstəyi isə cəmiyyətin  fiziki kamilliyi üçün olduqca vacibdir. Çünki  bədən tərbiyəsi və idmanla məşğul olan hər bir şəxsdə fiziki və mənəvi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi gedir. Bu da nəticə etibarı ilə sağlam cəmiyyəti formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. 

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti