Stimullaşdırıcı tədbirlər idmanın kütləviliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edir LAYİHƏ

17:10 - 27 Avqust 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda VIII YAZI

 

Yeni müstəqillik dövründə Azərbaycanda yaşanan demokratik dəyişikliklər prosesində bədən tərbiyəsi və idmanın təşkilinin sosial formaları əsas prioritetlərdən biri kimi ortaya çıxıb. Məhz bundan irəli gələrək sözügedən müstəvidə dövlət tərəfindən çoxsaylı addımlar atıldı. Bu hal ölkədə idman təşkilatlarının say artımına və populyarlığına da təsirsiz ötüşmədi. Onların maliyyə, hüquqi və sosial istiqamətlər də daxil olmaqla dəstəklənməsi cəmiyyətdə idmanın populyarlaşmasına müsbət istiqamətdə təsir göstərdi.

 

 

Buna paralel olaraq dövlət tərəfindən yüksək səviyyəli idmançıların hazırlanması, onların, eləcə də məşqçilərin və mütəxəssislərin sosial müdafiəsi və həvəsləndirilməsi üzrə tədbirlərinin həyata keçirilməsi cəmiyyətdə, xüsusən də uşaq və yeniyetmələr arasında idmana marağı əhəmiyyətli dərəcədə artırır. Belə stimullaşdırma tədbirləri Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunları kontekstində özünü bir daha qabarıq şəkildə büruzə verdi. Ölkədə idmaının inkişafına daim yüksək diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev  idmançılarımız və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında ikinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat; üçüncü yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə əlli min manat verilməsi nəzərədə tutulur. Qeyd edək ki, bu idmançılara Milli Olimpiya Komitəsindən də mükafatlar ayrılıb.Həmçinin Prezident İlham Əliyevin digər Sərəncamı ilə Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının bəzi  məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bundan əvvəl də dövlət başçısı tərəfindən idmançıların stimullaşdırılmasını nəzərdə tutan çoxsaylı tədbirlər həyata keçirilib. Təbii ki, bütün bunlar səbəbsiz deyil. İlk növbədə o baxımdan ki, bu, idmançılara yüksək qayğının real təzahürüdür.

 

 

Digər tərəfdən bu, uşaqlar, gənclər arasında idmana marağın daha da artmasına ciddi təkan verir. Onlar arasında peşəkar və olimpiya idman növlərinə marağı daha da artırır. Belə gənclər və yeniyetmələr Vətən adına qələbə uğrunda daha böyük ruh yüksəkiyi ilə idman mübarizəsi aparırlar,  ölkəmizn adını ən uca zirvələrə qaldırırlar. Məsələnin digər önəmli tərəfi də budur ki, qeyd edilən halda idmançıda cəmiyyətin tələblərinə cavab verən mənəvi keyfiyyətlər də aşılanır. Bu da daha sağlam bir cəmiyyətin formalaşması deməkdir. Məhz qeyd edilənləri nəzərə alan dövlət üçün daah bir vacib məsələ Azərbaycanda  idmanın bütün ölkə boyunca kütləviliyinin təmin edilməsinə nail olmaqdır. Dünya təcrübəsi də göstərir ki, idmanda kütləvilik təmin olunmursa, ciddi uğura nail olmaq mümkün deyil. Uğurdan əlavə, idmanın kütləviliyi həm də hər bir cəmiyyətdə sağlam nəslin  yetişməsində vacib əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə ölkəmizdə illər üzrə yüksək nəticələr əldə olunmaqdadır.

 

 

Bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrin əksəriyyətində Olimpiya İdman kompleksləri və digər idman müəssisələri, təşkilatları fəaliyyət göstərir. Gənclər bu komplekslərdən, təşklatlardan səmərəli istifadə edirlər. Bu zaman mövcud idman qurğularının yenidən qurulması və modernləşdirilməsi,  yenilərinin istifadəyə verilməsi də xüsusi diqqət mərkəzində yer alır. Bununla belə təbii ki, qarşıda görüləcək işlər də az deyil. Məsələn, araşdırmalar göstərir ki,  yüksək nailiyyətlər göstərərən bədən tərbiyəsi və idman mütəxəssislərinin hazırlanması texnologiyalarının, formalarının və metodlarının daha da təkmilləşdirilməsinə ehtiyac var. Belə mütəxəssislərin yeniyetmə və gəncləri, həmçinin uşaqları idmana cəlb etməkdə rolu böyükdür. 

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti