İdmanın inkişafında effektiv təbliğat sisteminin rolu LAYİHƏ

23:02 - 10 Sentyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda X YAZI

 

Bir insanın həyatı boyu aktiv bədən tərbiyəsi və idmanla məşğul olmasını şərtləndirən əsas səbəblərdən biri təbliğatla da əhəmiyyətli dərəcədə bağlı olan prosesdir. Elə bu səbəbdəndir ki, əksər dövlətlər üçün bədən tərbiyəsinin məqsədyönlü təbliği əsas fəaliyyət sferasına daxil edilir. Müxtəlif vasitələrdən istifadə edərək idman həyat tərzinin formalaşdırılmasına xidmət edən təbliğat olduqca səmərəli nəticələrin əldə edilməsinə müsbət təsir edir. Bu mənada idman nəşrlərinin, elektron media proqramlarında idman verilişlərinin,  yayımlarının artması olduqca mühüm əhəmiyyət kəsb edir. Dünya təcrübəsi göstərir ki, bu gün internet üzərindən auditoriyaya əlçatan internet ixtisaslaşmış idman saytlarının, geniş auditoriya üçün əlçatan teleradio yayım sisteminin mövcudluğu cəmiyyətdə fiziki sağlamlığa, bədən tərbiyəsinə diqqət və marağı əhəmiyyətli dərəcədə artırır. Bunlar uşaqların, yeniyetmələrin və gənclərin idmana və sağlam həyat tərzinə müsbət təsir edir. Təbii ki, bu halda zərərli vəqdişlərin yaranmasına qarşı sosial və psixoloji baryer formalaşır.

 

Bundan başqa, bədən tərbiyəsi və idmana dair ədəbiyyatların, elmi nəşrlərin ünvanlı şəkildə auditoriyaya çatdırılmasına da ciddi ehtiyac var. Amma bir sıra hallarda yetərli maliyyə mənbələrinin olmaması səbəbindən bu sahədə problemlər müşahidə edilir. Digər tərəfdən idman təbliğatı özü də səmərəli şəkildə qurulmalıdır. Təbliğat birbaşa konkret təbəqələrə ünvanlanmalı, əhalinin maarifləndirilməsində, xəstəliklərin qarşısının alınmasında, aktiv uzunömürlülüyün uzadılmasında, narkomaniya, siqaret, alkoqol qəbulu və digər mənfi hadisələrlə mübarizədə bədən tərbiyəsi və idmanın prioritet əhəmiyyətini inandırıcı şəkildə göstərməlidir.

 

Ümumiyyətlə, bədən tərbiyəsinin təşviqi aşağıdakılara kömək etməlidir:

 

1.  İnsanların fiziki inkişafa olan marağını artırmaq, fiziki mədəniyyətin dəyərini ortaya çıxarmaq;

 

2. Təbii amillərdən geniş istifadə etməklə idmana bağlı özünüməşğulluğun populyarlaşdırılması;

 

3. Kütləvi şüurda fiziki, mədəni və idman fəaliyyətlərinin həyati zərurətini dərk etmək.

 

Bədən tərbiyəsi və kütləvi idmanı təbliğ etməyin vacib vəzifələrindən biri də onların humanizm dəyərlərini gücləndirməsi ilə bağlı olmalıdır. Etik tələblərə cavab verməyən, zorakılıq və qəddarlıq mədəniyyəti təbliğ edən idman növləri, fiziki məşqlər təşviq edilməməlidir. Beləliklə, cəmiyyət, xüsusən də yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin formalaşmasında bədən tərbiyəsi və idmanın rolunu artırmaq üçün təbliğat məsələsinə daim xüsusi diqqət olunmalıdır. Bunun üçün bütün təşkilati, struktur, hüquqi, maliyyə, elmi və metodiki tədbirlərdən kompleks istifadə vacibdir. Eyni zamanda, bu təbliğat günün iqtisadi, sosial və siyasi reallıqlarına, dövlətin və cəmiyyətin imkanlarına uyğun olmalıdır. Nəzərə alınmalıdır ki, bir insanın yüksək potensialı, sağlam həyat tərzi özlüyündə bir məqsəd deyil, təbii bir zərurətdir. Çünki bunun əsasında ölkənin gücü və təhlükəsizliyi artır, ən yüksək təzahürlərə qadir olan, mənəvi və intellektual cəhətdən inkişaf etmiş bir şəxsiyyət formalaşır. Belə şəxsiyyətlərə malik ölkə daha güclü və yenilməz olur. Çünki məhz idmanla fiziki kamilliyə nail olunur. Bədən tərbiyəsi və idmanla məşğul olan hər bir şəxsdə fiziki,  mənəvi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi hər zaman ortaya güclü şəxsiyyət çıxarır.

 

O da mühüm faktordur ki, təbliğat vasitəsilə əhalinin bədən tərbiyəsi və idmana meylinin gücləndirilməsi ilə bağlı təşkil olunan tədbirlər sosial faydalı əhəmiyyətə malikdir. İdmanın kütləvi xarakter almasına yönələn bu tədbirlər müxtəlif yaş qruplarına məxsus şəxslərin cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında iştirakını təmin edir. Bu sahədə yenə təbliğatla kütləviliyin təmin olunmasına nail olmaqla  yanaşı, qazanılan uğurların sayının çoxaldılması və beynəxalq şöhrətli idmançıların hazırlanması kimi də mühüm məqsədə çatmaq mümkündür. Bu mənada idman sahəsində görülən maarifləndirici tədbirlər idmançıların sayının artması ilə yanaşı, onların mənəvi-ideoloji baxımdan hazırlıqlı olmasında da əsaslı rol oynayır. Eyni zamanda o da məlum həqiqətdir ki, İdmanda uğur əldə etmək, onun kütləviliyini artırmaq üçün həm də savadlı, peşəkar kadrlara böyük ehtiyac vardır. Yəni orta məktəblərdə, idman məktəblərində öz işini bilən müəllimlər çalışmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Belə şəxslər idmanın təbliğində də mühüm rol oynayırlar. Ekspertlər qeyd edirlər ki, orta təhsil məktəblərdə bədən tərbiyəsinin tədrisinə xüsusi diqqət yetirilməlidir. Çünki şagirdlər günün çox hissəsini məktəbdə keçirirlər. Amma o da faktdır  ki, bəzi orta məktəblərdə idman dərsləri yükəsək səviyyədə tədris olunmur. Bu məsələnin də effektiv həllinə ciddi ehtiyac var. Çünki yuxarıda qeyd edildiyi kimi idmanı inkişaf etdirən dövlətlər, cəmiyyətlər daha güclü olurlar.

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti