Fiziki mədəniyyətin təlqini və inkişafı - LAYİHƏ

21:38 - 19 Sentyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XI YAZI

 

Hər bir insan, eləcə də bütövlükdə cəmiyyət üçün ən böyük dəyərlərdən biri sağlamlıqdır. Elə bu səbəbdəndir ki, bədən tərbiyəsi və idmanın əhəmiyyəti, onların gündəlik həyatda tətbiqi davamlı olaraq genişlənir. Bunun ümdə səbəblərindən biri həm də odur ki, bədən tərbiyəsi və idman insanı həyat üçün hazırlayır.  Çünki o, mənəvi və fiziki keyfiyyətlərin tərbiyəsinə kömək edir, insanı daha güclü hala gətirir.

 

Daha bir önəmli məqam odur ki, bədən tərbiyəsi və idman fiziki mədəniyyətin formalaşması və inkişafında böyük önəm kəsb edir. Fiziki mədəniyyət haqqında müasir fikirlər onun ümumi mədəniyyətin spesifik bir hissəsi kimi qiymətləndirilməsi ilə əlaqələndirilir. Bütövlükdə cəmiyyət mədəniyyəti kimi, fiziki mədəniyyət də kifayət qədər geniş müxtəlif proses və hadisələri əhatə edir. Bura aşağıdakıları aid etmək mümkündür: 

 

İnsanın fiziki vəziyyəti; fiziki inkişafı prosesi; fiziki inkişafı sürətləndirən elmi yanaşmalar müvafiq dərslər; zəruri biliklər, ehtiyaclar, dəyər istiqamətləri, sosial münasibətlər.

 

 

Yuxarıda göstərilənlərin hər biri bir insanın təkcə sosial olaraq formalaşmış fiziki keyfiyyətlərini deyil, həm də onun davranış normaları və qaydaları, formaları və vasitələri kimi ictimai fəaliyyət elementlərini də özündə ehtiva edir. Beləliklə, fiziki mədəniyyət fiziki inkişaf problemlərinin həlli ilə məhdudlaşmayan, həm də cəmiyyətin əxlaq, təhsil, etika sahəsində digər sosial funksiyalarını yerinə yetirən kompleks bir sosial fenomendir. Müasir cəmiyyət gənc nəslin fiziki cəhətdən inkişaf etmiş, sağlam və mənəvi cəhətdən kamil şəkildə böyüməsi ilə indi daha çox maraqlanır. Nəticə etibarilə bu da fiziki mədəniyyət mövzusunun aktuallığını daha da artırırır.

 

 

Burada nəzərə alınması daha bir vacib məqam odur ki, Azərbaycan cəmiyyəti sosial-iqtisadi və siyasi inkişafının daha mütərəqqi bir mərhələsinə qədəm qoyub. Bu prosesdə insanın özünün həyatı, sağlamlığı və həyat tərzi ilə bağlı məsələlər mühüm yer tutur. Bir fərdin, kollektivin, sosial qrupun, millətin həyatının bütün sahələrini birləşdirən “sağlam həyat tərzi” anlayışı da kontekstdə daha aktual hala gəlir. Qeyd edilən müstəvidə cəmiyyətin belə sağlam həyat tərzinin təmini üçün bədən tərbiyəsi və idmana daha çox diqqət edilməsi mühüm şərtdir. Dövlət nəzərə alır ki, bədən tərbiyəsi sahəsi cəmiyyətdə bir çox funksiyanı yerinə yetirir və əhalinin bütün yaş qruplarını əhatə edir. Sahənin çoxfunksiyalı olması ilk növbədə fiziki mədəniyyətin insan şəxsiyyətinin fiziki, estetik və mənəvi keyfiyyətlərinin inkişafı, ictimai faydalı fəaliyyətin təşkili, əhalinin asudə vaxt keçirməsi, xəstəliklərin qarşısının alınması, gənc nəslin tərbiyəsi olması ilə özünü göstərir. Bu, tarixən sınaqdan çıxmış təcrübədir. Hələ qədim zamanlarda həkimlər və filosoflar bədən tərbiyəsi olmadan sağlam olmağın mümkün olmadığına inanırdılar. Yaradılışlarında fiziki gücünü və ahəngdar şəkildə inkişaf etmiş insan bədənini təcəssüm etdirən qədim heykəltəraşların əsərlərinə nəzərə salmaqla da bunu görmək olar. 

 

 

Qeyd edilən istiqamətdə çoxsaylı araşdırma aparmış amerikalı həkim Mixail Vydrin qeyd edir: “Bədən mədəniyyətinin sosial təbiəti, cəmiyyətin sosial cəhətdən zəruri fəaliyyət sahələrindən biri olaraq, əməyin və insan həyatının digər formalarının birbaşa və dolayı ehtiyacları, cəmiyyətin ondan ən vacib təhsil vasitələrindən biri kimi geniş istifadə etmək istəyi və işçilərin öz inkişaflarında öz maraqları ilə müəyyən edilir”. 

 

 

Bu mənada fiziki mədəniyyət  insanın fiziki və zehni qabiliyyətlərini mənimsəməyə, inkişaf etdirməyə və idarə etməyə, sağlamlığını möhkəmləndirməyə, səmərəliliyi artırmağa yönəlmiş bədən tərbiyəsi fəaliyyətinin metodlarını, nəticələrini, becərilməsi üçün lazım olan şərtləri əks etdirir.  Bədən tərbiyəsi vasitələrindən məqsədyönlü və səmərəli istifadə bilik və bacarıqların formalaşdırılması prosesinə müsbət ətsir edir. Bunula eyni zamanda cəmiyyətə layiq vətəndaşlarda mənəvi, əxlaqi, iradi və fiziki keyfiyyətlər yaradılır. Bu keyfiyyətlərin təməli baxçalarda, məktəblərdə qoyulur. Bu səbəbdən fiziki mədəniyyətin formalaşması üçün dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da uşaq və gənclər arasında fiziki təlimlər sistematik və ardıcıl xarakter daşıması, müvafiq bilik və bacarıqların möhkəmləndirilməsi olduqca vacibdir. Bütün bunlar fiziki mədəniyyətin inkişa səviyyəsini lazımı həddə çatdırmaqla yanaşı, həm də cəmiyyətin daha sağlam özüllər üzərində inkişafını şərtləndirir. 

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti