Azərbaycanın sosialyönümlü inkişaf strategiyasında idman amili LAYİHƏ

15:07 - 26 Sentyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XII YAZI

 

Müasir cəmiyyətin həyatına getdikcə daha çox nüfuz edən idman bu gün milli səviyyədə münasibətlərə, insanın sosiumda mövqeyinə artan xətt üzrə təsir edir. Elə bunun nəticəsidir ki, bu gün modanı, etik dəyərləri və insanların həyat tərzini formalaşdıran əsas faktorlar sırasında idman xüsusi yer tutur. Yaşadğımız əsrdə bədən tərbiyəsi və idmanla məşğul olmayan, hansısa bir yarışa, estafetə, bu xüsusda ən azından fləşmoba qatılmayan adam tapmaq müşkül məsələdir. Bunun real sübutu Olimpiya oyunları, dünya və Avropa Çempionatı kimi böyük beynəlxalq yarışlara yüksək marağın olmasıdır. Bu fonda Dünya Universiadalarının sayı da durmadan artır. Aparılan statistik hesablamalar göstərir ki, planetin hər ikinci sakini bu yarışları izləyir, onları ən həyəcanlı tamaşalardan biri kimi qəbul edir. Dünyanın görkəmli idmançılarını seyr edərkən insanlar özlərini belə demək olarsa, heç bir şeylə müqayisə olunmayan duyğular fırtınasında hiss edirlər. Məhz bütün bunlar da insanları bədən tərbiyəsi və idmana daha çox cəlb edir. 

 

 

Ölkəmizdə də həyatın bir çox sahələrində bədən tərbiyəsi və idmanın rolu davamlı şəkildə  artmaqdadır. Bu, dövlət tərəfindən də nəzərə alınır. Dövlət bədən tərbiyəsi və idmana müasir cəmiyyətin sosial fenomeni kimi yanaşır. Bu mənada təsadüfi deyil ki, Azərbaycanın sosialyönümlü inkişaf strategiyasında idman amili ön planda yer alan məqamlar sırasınadır. Bu strategiyada insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirməklə yanaşı, əhalinin sağlam həyat tərzinin təmin olunmasına istiqamətlənmiş siyasətin reallaşması prioritet istiqamətdir. Yüksək humanizm və insanpərvərlik kimi ideallara söykənən bu siyasət vətəndaşların etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təminini də özündə ehtiva edir. 

 

 

Azərbaycanda fiziki tərbiyə sistemini yüksək səviyyədə qurmaq, insanın sağlamlığını möhkəmləndirmək naminə bədən tərbiyəsi vasitələrindən səmərəli istifadə etmək, idmanımız üçün müasir milli baza yaratdılmasını genişləndirmək və onu xalqın məişətinə daxil etmək xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ötən illər ərzində ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə böyük işlər görülüb. Bunun nəticəsi olaraq əksər bölgələrdə olimpiya idman kompleksləri tikilib. İndi belə olimpiya idman kompleksləri yaxın tezlikdə azad edilmiş Azərbaycan ərazilərində də inşa olunaraq keşmiş məcburi köçkünlərin ixtiyarına veriləcək. Çünki  Prezident İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. 

 


Bundan başqa, o da məlumdur i, Azərbaycan qanunvericiliyində də idman və bədən tərbiyəsinin kütləviliyinin təmin olunması ilə bağlı bütün məsələlər öz əksini tapıb. Xatırladaq ki, ölkədə bədən tərbiyəsi və idman hərəkatını istiqamətləndirən, kütləviliyi təmin edən əsas sənəd “Bədən tərbiyəsi və idman haqqında” qanundur. Bu qanunun icrası iılə bağlı görülən işlər də Azərbaycanda idmanının kütləviliyinin təmini istiqamətində mühüm rol oynayıb. Elə bu da dövlətin sosial siyasətinin uğurla reallaşmasına özünəməxsus vacib töhfələr verib.
Proqnozlar göstərir ki, bundan sonra da əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsində idman mühüm rol oynayacaq və istənilən dövlət bunu nəzərə almağa məcburdur. 

 

Azərbaycanda isə dövlətin sosial siyasətinin tərkib hissəsi kimi əhalinin təhsili, səhiyyə və sağlamlığın qorunması ilə yanaşı, ictimai-mədəni tədbirlər, idman, gənclər faktoru qarşıdakı müddət ərzində də diqqət mərkəzində yer alacaq. Çünki bunun üçün yetərli bazis formalaşdırılıb. İndi bu bazisin inkişaf etdirilməsi, onun daha təkmil hala gəlməsi olduqca vacibdir. Bu mənada mərkəzi və yerli hakimiyyət orqanlarının sosial siyasət sahəsindəki fəaliyyətində idman faktoruna getdikcə daha çox diqqət etməsi proqnozlaşdırılır. Bu, həm də Prezident İlham Əliyevin icra hakimiyyəti orqanları qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. O da nəzərə alınmalıdır ki, sağlam cəmiyyət dövlətin strateji məqsədidir və bu məsələdə idmanın əvəzsiz rolu mütləq mənada nəzərə alınır. Prezident İlham Əliyev bu mühüm məqama dəfələrlə toxunaraq hər bir vətəndaşın müntəzəm olaraq idmanla məşğul olmasını tövsiyə edir: 

 

“Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”. 

 

Belə yanaşma fonunda tam qətiyyətlə demək olar ki, idman qarşıdakı dövr ərzində də Azərbaycanın sosial siyasətinin ən vacib istiqamətləri sırasında öz yerini qorumaqda davam edəcək.  


 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti