Azərbaycanda idmanın inkişaf perspektivləri - LAYİHƏ

16:16 - 10 Oktyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XIV YAZI

 

Cəmiyyətdə aparılan araşdırmalar göstərir ki, bu gün insanların böyük əksəriyyəti idmanla məşğul olmağa can atır. Müvafiq imkanı olanların bir çoxu idmanla məşğul olur. Çünki bu, sağlam həyat tərzinin əsasını təşkil edir. Ümumiyyətlə, idman bu gün çoxlarının aktiv fəaliyyətinin kəskin azalması şəraitində xüsusilə vacibdir. Bu səbəbdən son illərdə müasir mədəniyyətin dəyərlər sistemində idmanın əhəmiyyəti kəskin şəkildə artıb.

 

Azərbaycanda dövlət tərəfindən yaradılan şərait, atılan addımlar sosial proseslər kontekstində idmana marağın daha da yüksəldilməsinə hesablanıb. Məlumdur ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Azərbaycan dünya miqyasında bir çox nailiyyətlərin müəllifi kimi tanınır. Xüsusən də iqtisadi müstəvidə son illərdə böyük uğurlara imza atılıb. İqtisadiyyatın şaxələndirilməsi, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının davamlı genişlənməsini şərtləndirir. Bu iqtisadi uğurlar ölkəyə modern idman infrastrukturunun formalaşdırılması üçün yeni maliyyə və digər imkanlar qazandırır. Bunların nəticəsidir ki, son illərdə ölkədə ictimaiyyət üçün açıq olan idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu, əhalinin bütün kateqoriya və qrupları üçün bədən tərbiyəsi, idmanla məşğul olmağa bərabər imkanların yaradılması deməkdir.

 

Əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən yaşlı insanların, sosial cəhətdən həssas təbəqələrin fiziki inkişafa və idman həyat tərzinə motivasiya sisteminin formalaşdırılması baxımından da ictimai idman infrastrukturunun yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu, insanlara asudə vaxtlarını səmərəli keçirməyə imkan verməklə yanaşı, vətəndaşların bədən tərbiyəsi və idman sahəsində qabiliyyətlərinin reallaşdırması və inkişafı üçün əlavə imkanlar yaradılması anlamına gəlir. Eləcə də bu, əhalini müntəzəm bədən tərbiyəsi və idmana cəlb etmək üçün bir vasitə olaraq qəbul edilir. Təbii ki, belə hallar perspektivdə ixtisaslaşmış kadr potensialının formalaşdırılması, uşaq və gənclər üçün idman hazırlığı sisteminin təkmilləşdirilməsi, habelə məktəb və şagird idmanının inkişafı üçün da böyük əhəmiyyət kəsb edir. O da həqiqətdir ki, Azərbaycanın sürətli inkişafına uyğun olaraq bu gün ölkəmizin az qala bütün rayonlarında olimpiya idman kompleksləri, idman qurğuları, stadionlar inşa edilir. Lakin ölkədə idmanın kütləviləşdirilməsi üçün bunlar azlıq təşkil edir. Məhz bu səbəbdən insanların istirahət üçün toplaşdırları ərazilərdə hamı üçün əlçatan olan idman infrastrukturunun formalaşdırılması olduqca mühümdür. Bu, Azərbaycanın idman ölkəsi kimi qazandığı statusun daha da möhkəmlənməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

 

Xatırlatmaq yerinə düşərdi ki, idman sahəsinə yüksək dövlət qayğısı bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyev qeyd edirdi ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətidir: “Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir”.

 

Peşəkar idmançılara yüksək qayğı ilə paralel olaraq Azərbaycan yuxarıda qeyd olunduğu kimi cəmiyyətin daha geniş təbəqəsinin idmanla məşğul olmasını təmin etməyə xüsusi diqqət edir. Bunun üçün də hamı üçün əl çatan olan, heç bir ödəniş olmadan idmanla məşğul olmağa imkan verən ictimai yerlərdə idman infrastrukturunun yaradılması sosial siyasətin prioritet istiqamətləri sırasında yer alır. Bu, bədən tərbiyəsi və idmanın subyektləri arasında səmərəli qarşılıqlı əlaqənin təmin edilməsinə də müsbət təsir edir. Eləcə də müvafiq dövlət qurumlarında planlaşdırma, dizayn və icra mərhələləri də daxil olmaqla idman infrastrukturunun idarə edilməsinə yanaşmanın təkmilləşdirilməsinə, büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyinin artırılmasına öz təsirini göstərir. Eyni zamanda bununla müvafiq məlumatların toplanması, təhlili və idarə edilməsi prosesinin təkmilləşdirilməsi həyata keçirilir. Bədən tərbiyəsi və idman sahəsinin inkişafı üçün normativ hüquqi bazanın daha mükəmməl hala gəlməsinə də bu proses müsbət müstəvidə təsirsiz ötüşmür.

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti