Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XVI YAZI
Uşaq və gənclərin fiziki, mənəvi inkişafında müstəsna rol oynayan idman bu kateqoriyadan olan insanların perspektivdə təmsil olunduqları cəmiyyətə daha yüksək səviyyədə xidmət edə bilməsinə də təsir göstərən başlıca faktorlardan biridir. Söhbət burada ilk olaraq idmanın beynəlxalq münasibətlər sistemində yüksək rolundan gedir. İdmanın beynəlxalq münasibətlərdə müsbət rolu bu mənada indi tədqiqatçıların getdikcə daha çox diqqət mərkəzində yer alır.
İdmanın beynəlxalq münasibətlərdə inteqrativ funksiyası ilə bağlı oynadığı mühüm missiya bütün dünya tərəfindən qəbul edilir. İdman sahəsində beynəlxalq inteqrasiya prosesi çərçivəsində uzunmüddətli ikitərəfli və çoxtərəfli əlaqələr sistemi yaradılır. Bu əlaqələrin əsas müəllifi isə daha çox idmanla beynəlxalq arenalara çıxan gənclər olur. Bu mənada uşaqlar, yeniyetmələr, gənclər arasında idmanın təbliği sağlam bir cəmiyyət formalaşdırmaqla yanaşı, dövlətlərin beynəlxalq müstəvidə mövqeyinin, iki və çoxtərəfli əlaqələrinin güclənməsində önəmli rol oynayır. Bu səbəbdən Azərbaycan da daxi olmaqla, dünya ölkələrinin bir çoxunda beynəlxalq idman əlaqələri üçün institusional bir baza yaradılıb. Milli və beynəlxalq idman federasiyalarının, eləcə də müxtəlif komitələrin, birliklərin bu institusional bazada özünəməxsus vacib yer tutması da danılmaz reallıqdır.
Bundan başqa, fərqli ölkələrin, xalqların mədəni nailiyyətləri və bir-birlərinin xüsusiyyətləri ilə daha yaxından tanış olmalarına imkan verən idman yarışları bu gün beynəlxalq inteqrasiyanın vazkeçilməz elementinə çevrilib. Çünki belə yarışlarda olan təmaslar, qarşılıqlı hörmət, rəğbət hissi oyadan digər addımlar beynəlxalq müstəvidə sülhün, təhlükəsiz mühitin formalaşmasına ciddi təsir edir. Bununla həm də qarşılıqlı əlaqələr təşviq edilir, sosial əlaqələri gücləndirilir, mədəniyyətlərarası maneələri aşılır.
Bununla idman millətlərin birliyinə kömək edir. İdmanın qeyd edilən kontekstdə hər hansı millətin dünyada tanınması, nüfuznun yüksəlməsinə də müsbət təsiri var. Çünki yarışlarda idmançılar təkcə özlərinin qabiliyyətlərini deyil, həm də müəyyən təmsil etdikləri bölgənin, şəhərin, ölkənin nəyə qabil olduğunu nümayiş etdirirlər. Buna görə də yarışlarda qazandıqları uğurlar təkcə onların özlərinin deyil, müvafiq bölgənin, şəhərin, ölkənin, millətin nüfuzunu artırır. Burada o da nəzərə alınmalıdır ki, idmanın “dili” hər kəs üçün başa düşüləndir və irqindən, dərisinin rəngindən, dinindən, ideoloji baxışlarından asılı olmayaraq xalqlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq, xoş niyyət körpüsü qurmağı bacarır.
Beynəlxalq münasibətlərdə idmanın sülhməramlı funksiyasına da bu mənada xüsusi toxunmaq lazım gəlir. İdman qarşıdurma şəraitində müxtəlif ölkələr və xalqlar arasında mədəni və siyasi əlaqələr, dostluq münasibətləri qurmaq və ya onları qorumaq baxımından hər zaman ən səmərəli vasitələrdən biri olub. Buna klassik bir nümunə ABŞ-ın stolüstü tennis komandasının 1971-ci ildə Çinə səfər etməsidir. Məhz bu səfər həmin vaxt gərgin olan ABŞ-Çin münasibətlərində yeni bir səhifə açılmasına gətirib çıxardı. Çin ilə iqtisadi və diplomatik əlaqələri bərpa edildi, bunun ardınca çinlilər ABŞ qadın voleybol komandasını Çinə tura dəvət etdilər. Bu hadisələrlə əlaqədar olaraq “ping-pong”, “reqbi”, “voleybol” diplomatiyası kimi anlayışlar da meydana çıxdı.
Elə Soyuq Müharibə dövründə savaşların qarşısının alınmasında, yer üzündə sülhün və həyatın qorunması idmançılar aktiv rol oynadılar. İdman ümumiyyətlə, münaqişələrin zor tətbiq etmədən dinc qaydada həll etmək qabiliyyətini çoxdan nümayiş etdirib. nkişaf və Sülh naminə Beynəlxalq İdman Gününün təsis edilməsi qeyd edilənlər fonunda təsadüf hesab edilə bilməz. Hələ 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb. Onun rəsmi adı İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günüdür. “Dünyanın bir nömrəli raketkası” adını daşıyan Novak Cokoviçin bu günlə bağlı fikirləri olduqc maraqlıdır: “Belə bir günün təsis edilməsi dünyada sülh və əmin-amanlıq üçün bpyük bir önəmə sahibdir. Ümid edirəm ki, Beynəlxalq İdman Gününün təsis edilməsi hər birimizin öz səylərini idmanın dürüst oyun, komanda həmrəyliyi və opponentə hörmət kimi əsas dəyərlərinin təkmilləşdirilməsinə yönəltməsinə səfərbər edəcək. Axı, idman maarif, inkişaf və sülh vasitələrindən biri kimi əməkdaşlığın, həmrəyliyin, dözümlülüyün, anlayışın, yerli, milli və beynəlxalq səviyyələrdə sosial inteqrasiyanın möhkəmlənməsinə xidmət edir”.
Bu fikirlər fonunda BMT bütün dövlətlərə, BMT sistemi təşkilatlarına, ilk növbədə BMT-nin İnkişaf və Sülh naminə İdman Bürosuna, habelə beynəlxalq, regional və milli idman təşkilatlarına, vətəndaş cəmiyyətinə, o cümlədən qeyri-hökumət təşkilatlarına, bütün digər əlaqədar tərəflərə müraciət edərək, onları Beynəlxalq İdman Gününü qeyd etməyə və onun barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməyə çağırıb. Beynəlxalq İdman Günü hər il iyunun 23-də qeyd olunan Beynəlxalq Olimpiya Gününə uğurlu əlavə hesab edilir. İdman Günü bütün dünyada milyonlarla insan 10 kilometr məsafəyə qaçışlar və marafonlarda, o cümlədən qrup şəklində idman oyunlarında, velosiped yürüşlərində və maarifləndirmə tədbirlərində iştirak edir. Bu, insanlar arasında həmrəyliyi gücləndirməklə yanaşı, qlobal sülh və təhülükəsziliyə də mühüm töhfə verir.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi