Müasir, fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşması LAYİHƏ

18:31 - 5 Noyabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XVIII YAZI

 

Gənclər siyasətinin uğurla nəticələrə gətirib çıxarması, bu təbəqənin fiziki və mənəvi inkişafı bu gün cəmiyyətin mühüm istəyi, dövlət siyasətinin isə prioritet istiqamətlərindən biridir. Bu məqsədə nail olmağın başlıca yollarından biri uğurlu idman siyasətindən birbaşa asılıdır. Gənclərimizin və cəmiyyətimizin gələcəyi üçün idman fiziki və mənəvi cəhətdən inkişaf etməyə imkan verən çox önəmli vasitədir. Çünki idman vasitəsilə gənclər daim yeni zirvələrə çatır və həyatda özlərini təsdiq edirlər.

 

İndi mütəxəssislərin böyük əksəriyyətinin yanaşmasına əsasən, gənclik və idman sadəcə olaraq, bir-biri ilə əlaqəli deyil, onlar bir yerdə mövcuddur. Artıq bəllidir ki, idman həyat, cəmiyyət, dünya haqqında ilkin təsəvvürləri formalaşdırır. Eyni zamanda gənclər məhz idmanda özlərini ən rəngarəng prizmadan parlaq bir şəkildə göstərə bilirlər. Müasir cəmiyyət üçün ən vacib dəyərlər sırasında olan bərabərliyin təmin edilməsində, uğur əldə olunmasında idman yenə önəmli bir vasitə kimi çıxış edir. Bu səbəbdən daha çox sayda gəncin idmana yönləndirilməsi olduqca vacibdir.

 

Bu gün Azərbaycanda mövcud vəziyyət göstərir ki, gənclərin bir çoxu aktiv fiziki həyata, idmanla məşğul olmağa meyllidir. İmkan olduğu halda onların böyük əksəriyyəti idmanla məşğul olur. Amma əks mövqedə olanlara da rast gəlinir. Bunun səbəblərini araşdırdıqda ortaya olduqca maraqlı səbəblər çıxır. Əvvəla, bəzi gənclərin idmanla məşğul olmaq istəməməyin səbəbləri onunla bağlıdır ki, bunun üçün onların istifadə edə biləcəyi məşq zalları, digər idman infrastukturu mövcud deyil. Bundan əlavə, vaxt çatışmazlığı, kifayət qədər zamanın olmaması, eləcə də  tənbəllik bu prosesə təsir edir. Deməli, dövlət gənclər, idman siyasətində bu kimi neqativ hallara xüsusi diqqət yetirməli, onların aradan qaldırılmasına yönəlik siyasət yürütməlidir. Çünki idmanla məşğul olmaq bəzən təkcə istəyimizdən asılı deyil və imkanlar, həm də hakimiyyət orqanlarının bunun üçün lazımi şərait yaradıb-yaratmaması ilə də bağlıdır. Bu vəziyyətdə gənclərin idmanla məşğul olması üçün  imkanlardan səmərəli istifadə edilməli, müvafiq infrastkturun yaradılmasına xüsusi diqqət olunmalıdır.

 

Sağlam həyat tərzinin formalaşması üçün idman və gənclər siyasəti daha da təkmilləşdirilməlidir.  Kütləvi idmanın, xüsusən də fitnes hərəkatının inkişafı təşviq edilməli vətəndaşları müvafiq şərait və imkanlar yaradılmalıdır. İnsanlar maddi gəlirlərindən asılı olmayaraq bədən tərbiyəsi və idmanla məşğul ola bilmək imkanlarına sahib olmalıdırlar. Əhalidə, xüsusən uşaq və yeniyetmələrdə bədən tərbiyəsinə müntəzəm maraq formalaşması, idman və sağlam həyat tərzi bacarıqlarının aşılanması siyasəti davamlı xarakter almalıdır. İdmançıların ehtiyatının hazırlanmasının effektiv sisteminin yaradılması və idman növləri üzrə regional komandaların formalaşması əsas diqqət mərkəzində olmalıdır. İdman komplekslərinə,  idman meydanlarına gənclərin çıxış imkanları daim asan və əlçatan olmalıdır. Çünki gənclik hər bir dövlətin mühümkapitalıdır, iqtisadi, intellektual və mədəni inkişafının mənbəyidir. Bu gün internetin təsiri və gənclərin onlayn mühitə kütləvi şəkildə cəlb edilməsi kontekstində gənclər siyasətinin vəzifələri hər zamankindən daha çox millətin sağlamlığının qorunması, idmanın və idmanın kütləviləşdirilməsi ilə sıx bağlıdır. Alimlərin əldə etdiyi nümunələr və görkəmli insanların həyat yolundan götürülən nümunələrin sübut etdiyi kimi idman qüdrətli sosial fenomen, uğur vasitəsi, xüsusilə gənclərin sosiallaşması baxımından mühüm vasitədir. İdman fəaliyyətinin düzgün təşkili ilə gənclərin düzgün fəaliyyəti və insanların sağlam həyat tərzi uğurla təmin edilə bilər.

 

Hər bir dövlət nəzərə almalıdır ki, bəşər cəmiyyətinin bütün tarixi boyu idmanın rolu və əhəmiyyəti dəyişməz qalıb. Belə ki, idman indinin özündə də özünəməxsus milli və beynəlxalq struktura, konkret maddi bazaya, peşəkar kadrlara, ayrıca sistem və prinsiplərə malik olan xüsusi sosial institut kimi fəaliyyət göstərir. İdmanın və idman fəaliyyətinin əsas göstəriciləri nəticələr və onların yarışlarda müqayisəsidir. Lakin idmanın oynadığı rolu sırf  bununla məhdudlaşdırmaq da düzgün deyil. Yəni idman təkcə yüksək nəticələrin əldə edilməsi vasitəsi deyil. İdman bir sosial institut kimi rəqabət funksiyası ilə yanaşı, cəmiyyətin, xüsusən də gənclərin həyatına rəngarəng təsir göstərən sosial-mədəni hadisə kimi iqtisadi, estetik, əyləncə funksiyaları da yerinə yetirir. Deməli, o, fiziki məqamlarla yanaşı, mənəvi cəhətdən də ciddi təsir imkanlarına malikdir. Bu səbəbdən idman siyasətinə dövlətin daim xüsusi diqqət etməsi, daha çox sayda gənc və yeniytemənin idmanla məşğul olmasına şərait yaratması olduqca önəmlidir.  

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti