Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XIX YAZI
İstənilən ölkənin gələcəyini müəyyən edən başlıca faktor cəmiyyətin əsas hərəkəterici qüvvəsi olan gənclərdir. Gənclik hər zaman bütün cəmiyyətlərdə ən dinamik təbəqə kimi qəbul edilib və elə bunun nəticəsidir ki, ümumi inkşaf prosesində aparıcı rollardan biri daim gənc nəslə məxsus olub. Tarix bunun sübütünu göstərən kifayət qədər fakt və misallarla zəngindir. Bu mənada sürətli inkişafa can atan hər bir cəmiyyət və dövlət qeyd olunan prosesdə gəncliyin rolunu nəzərə alır. Digər tərəfdən bununla daha parlaq gələcəyə, uğurlarla dolu işıqlı perspektivə möhkəm zəmin hazırlanır.
Cəmiyyətdə oynadığı rol düzgün qiymətləndirilərək nəzərə alındıqda gənclik fəallıq dərəcəsini daha da yüksəldir, bununla ümumi inkişafa mümkün qədər böyük töhfələr verməyi çalışır. Elə bu baxımdan Azərbaycan gəncliyi özünü xoşbəxt sana bilər ki, dövlətimiz və onun rəhbəri Prezident İlham Əliyev tərəfindən kifayət qədər böyük diqqət və qayğı ilə əhatə olunub. Faktdır ki, indi ölkəmizdə gənclərin potensialını uğurla reallaşdırmaları üçün bütün lazımi şərait yaradılıb.
Qəbul edilmiş və uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və digər sənədlər ölkəmizdə gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və digər məsələlərə çoxsaylı imkanlar yaradıb. Bu prosesdə idmana da daim dövlət tərəfindən xüsusi yer verilib.
Qeyd edilən kontekstdə idmanın kütləviləşməsi və daha çox gəncin cəlb edilməsi məqsədilə zəruri addımlar atılır, maddi-texniki baza formalaşdırılır. Öz növbəsində Azərbaycan gəncliyinin üzərinə böyük və bir o qədər də şərəfli missiya düşür. Bu, yaradılan yüksək şərait və imkanlardan düzgün bəhrələnərək ölkəmizin tərəqqisi uğrunda əzmlə çalışmaqdır, inkişafa özünəməxsus töhfələr verməkdir. Hazırda gənc nəslin nümaynədələrinin böyük əksəriyyəti bu missiyanı layiqincə yerinə yetirməyə çalışır. Bunun əsas səbəblərindən biri qeyd olunduğu kimi dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin zamanın tələblərinə cavab verməsi, həmçinin bəhs olunan demoqrafik qrupa yüksək qayğı və diqqətin olmasıdır. Burada bir daha xüsusi vurğulanmalıdır ki, dövlətimizin gənclər siyasətində böyüməkdə olan nəslin sağlam, vətənpərvər və milli ruhda yetişməsində idman mühüm yer tutur. İdmanın yaratdığı sağlam bədən, sağlam ruh sayəsində gənclərimiz bu günün qəhrəmanları səviyyəsinə yüksəliblər. Lakin idmana paralel olaraq dövlət gənclərin mənəvi inkişafını da xüsusi diqqət mərkəzində saxlayır. Bu, indiki texnoloji inkişaf şəraitində olduqca vacib əhəmiyyət kəsb edir.
Məlumdur ki, indi dünyada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olduqca genişdir. Müxtəlif dövlətlər inkişaf prosesində elmi texniki tərəqqinin nailiyyətlərindən maksimum istifadə edirlər. Belə dövlət sırasında yer alan ölkələrdən biri də Azərbaycandır. Bu gün ölkəmizdə ən müxtəlif sahələrdə, o cümlədən təhsildə, səhiyyədə, iqtisadiyyatda, idarəetmədə və digər sferalarada İKT-nin tətbiqi genişləndirməkdədir. Bununla bağlı həyata keçirilən dövlət siyasəti əhalinin əksər təbəqələrinin, o cümlədən də gənclərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına hərtərəfli şərait yaradır. Elə bunun nəticəsidir ki, İKT-dən, o cümlədən kompüter və internetdən istifadə edən, eyni zamanda karyeralarını informasiya-kommunikasiya texnologiyaları sahəsində quran gənclərmizin sayı durmadan artır.
Bu gün sosial şəbəkələrə nəzər salmaq belə kifayətdir ki, qeyd edilənlərin real mənzərəsinin şahidi olasan. Ancaq bəzən bundan yararlanaraq gəncləri yanlış istiqamətə yönəltməyə çalışan qüvvələr də mövcuddur. Əslində, bununla həmin qüvvələr Azərbaycanın milli maraqlarına qarşı çıxmağa, çirkin məqsədlərinə gəncləri də alət etməyə cəhd göstərirlər. Məhz mənəvi cəhətdən sağlam gənclər bu cür hallara qarşı ləyaqətlə mübarizə aparır, yanlış təsirləri dəf edir. Lakin bu siyasətin daha geniş miqyas alması da vacibdir. Bu, elmə, təhsilə olan marağın yüksəlməsinə, yerli, regional, qlobal proseslərin gedişini daha düzgün prizmadan qiymətləndirməyə gətirib çıxarar.
Digər tərəfdən belə siyasətin gənclər arasında vətənpərvərlik, azərbaycançılıq ruhunun artmasına da təsir göstərəcəyi şübhəsizdir. Bu, həmçinin dövlətçilik prinsipləri əsasında xalqın tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə daha böyük ehtiramla yanaşamanı da təmin etmək gücündədir. Eyni zamanda bu, cəmiyyətin həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətlidir. O da nəzərə alınmalıdır ki, Azərbaycan gəncinin savadlı kadr, sağlam düşüncə sahibi kimi yetişməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Bütün bunlar Azərbaycan gəncliyinə dövlət, onun rəhbəri tərəfindən böyük diqqət və qayğı, eyni zamanda etimad göstərildiyinin konkret təzahürləridir. Gənclik isə bu qayğıya cavab olaraq yaradılan imkandan düzgün istifidə etməli, etimada layiq olmalıdır.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi