Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XX YAZI
44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan Azərbaycan siyasi,iqtisadi, sosial, mədəni inkişafında yeni bir mərhələ yaşamaqdadır. Artıq ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Elə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də sözügedən məqsədə xidmət edir.
Qeyd edilən sənəddə qarşıya qoyulan hədəflərə çatmaq və daha güclü cəmiyyətin formalalşamasına nail olmaq istiqamətində idman amilinin əsas rollardan biri oynayacağı artıq ekspertlər səviyyəsində də təsdiq olunur. Çünki Azərbaycanda idmana dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsindən biri kimi yanaşılır. əslində, bu, həm də dünya praktikasında belədir. Azərbaycanda da qəbul edilir ki, idman tolerantlıq və hörmət prinsiplərini təbliğ edir, qadınları və gəncləri, fərdləri və icmaları, onda bütün cəmiyyəti fiziki və mənəvi baxımdan gücləndirir, sağlamlığı, təhsili, sosial inklüzivliyi təşviq edir.
Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası kontekstində bu missiyalara uurla nail olmaq daha da aktuallaşıb. Məhz bu durumda idmanın sosial bir fenomen olaraq əhəmiyəti daha da yüksəlib. Azərbaycanda bu mənada sosial transformasiyalar sahəsində də idman və onunla bağlı layihələrinin əhəmiyyətinin artması müşahidə edilir. İdmanla bağlı sosial layihələrin hər hansı böhrandan çıxmağa, dayanıqlı inkişaf məqsədlərinə və ölkəmizin milli maraqlarının təmin edilməsinə nail olmağa kömək edə bilən başlıca faktorlardan biridir.
Eyni zamanda idman ölkəmizdə ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsinin uğurla tətbiqində də zəruri önəmə malikdir. Ölkəmizdə, eləcə də dünyada idmanın dayanıqlı inkişafa töhfəsini nəzərə alan Birləşmiş Millətlər Təşkilatı bu istiqamətə artıq konkret strategiya müəyyən edib. Dayanıqlı İnkişaf Məqsədi adı alan bu strategiya 2015-ci ildən bəri ölkələrin tərəqqi gündəliyində idmana ayrılan rolu və nəticələri müəyyən edir. Bu da öz növbəsində idmana qlobal baxışı tədricən dəyişir. Çünki idman dedikdə əksər insanların beynində adətən birinin qalib, digərinin uduzduğu “mübarizə” mənzərəsi olur. Amma BMT yanaşması və strategiyası göstərir ki, idman fərqli perspektivdə təqdim oluna bilər. Söhbət burada qələbə və ya məğlubiyyətdən kənara çıxan daha geniş məqsədlərə nail olmaq rakursundan gedir. Məsələn, idmana indi insan inkişafı və rifahına töhfə verə biləcək əsas hallardan biri kimi yanaşılır. Sağlam həyat tərzini təmin etmək və bütün yaşlarda hamı üçün rifahı təşviq etmək BMT araşdırmasına əsasən, məhsuldarlıq səviyyəsini artırır.
O da məlum həqiqətdir ki, 21-ci əsrdə ortaya çıxan çoxlu və qaçılmaz problemlər özünü qabarıq göstərir. Burada Yaxın Şərqdəki qanlı savaşlar, digər yerlərdəki müharibə, terrorizm, qlobal miqrasiya, koronavirus pandemiyası kimi məsələləri konkret nümunələr qismində göstərmək mümkündür. Bu şəraitdə sual yarana bilər ki, beynəlxalq ictimaiyyət niyə bu problemlər fonunda idmanın inkişafına vaxt və resurslar sərf etməlidir. Ekspertlər bu suala cavabında qeyd edir ki, qlobal nöqteyi-nəzərdən idman müxtəlif mənşəli idmançıları bir araya gətirmək potensialına malikdir. Onlar etnik-dini, etno-millətçi qarşıdurma, gender ayrı-seçkiliyi və ya sinfi mənsubiyyət nəticəsində yaranan sosial bərabərsizlik hissini idman nəticəsində bir araya gəlməklə aradan qaldıra bilər. Deməli, idman bununla qarşıdurmanı aradan qaldırır və məhz belə vəziyyətdə dayanıqlı inkişaf üçün əlverişli zəmin yaranır. Bu səbəbdən BMT-nin İnkişaf və Sülh Naminə İdman İdarəsi (UNOSDP), Uşaq Fondu (UNICEF), Gender Bərabərliyi və Qadınların Müdafiə Təşkilatı fəaliyyətində idman amilini ön plana çəkir və buna inkişafın əsas dayaqlarından biri kimi yanaşır.Təsadüfi deyil ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) idmanı insan hüququ kimi tanıyıb.
Eyni zamanda, idman proqramlarının töhfəsinin effektivliyini təhlil edərək bu qənaətə gəlinib ki, onlar gənclərin əldə edilmiş həyati bacarıqların dairəsini genişləndirir. Bu həyat bacarıqlar sosial inkişafa, müstəqil yaşamağa və həyatdan zövq almağa kömək edən koqnitiv, psixososial cəhətlərin güclənməsinə səbəb olur. Bunlar liderlik, ziddiyyətləri həll etmək və başqaları ilə birlikdə mükəmməlliyə nail olmaq bacarığını inkişaf etdirməyə kömək edir. Məhz bu şəraitdə dayanıqlı inkişafa daha tez nail olunur. Bütün bunlar Azərbaycanda dövlət səviyyəsində idmana yüksək diqqət və qayğının səbəblərini də dəqiq təsəvvür etməyə imkan verir. Bu mənada tamamilə gözləniləndir ki, bundan sonra da Azərbaycanda idmana yüksək diqqət davam edəcək. Nəticə etibarı ilə bu, ölkəmizdə sağlam, güclü cəmiyyət formalaşdırır, xüsusən daha innovativ gənc nəsilin yetişməsinə, beləliklə də dayanıqlı inkişafa gətirib çıxarır.
Mirbağırağa Cəfərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi