Uşaq idmanının inkişafı - LAYİHƏ

14:20 - 11 Dekabr 2021

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda XXIII YAZI

 

Hamıya məlum həqiqətdir ki, hər kəs öz sağlamlığının qeydinə qala bilər və bu qayğı təkcə sağlam qidalanmadan deyil, həm də idmanla məşğul olmaqdan ibarətdir. Burada xüsus qeyd edilməlidir ki, idman yaş kateqoriyasından asılı olamayaraq, cəmiyyətin bütün təbəqəsi üçün müsbət kontekstdə ciddi təsir imkanlarına malikdir. Məsələn, bir çox idman növü yetkin bir insanı formada saxlaya və atletik bədən quruluşunu formalaşdırmağa, inkişaf etdirməyə kömək edə bilir.

 

Çoxsaylı tədqiqatlardan belə bəlli olur ki, əslində, sözügedən xüsusda hər şey uşaqlıqdan başlayır, idmana sevgi bu illərdə yaranır. Uşaq, yeniyetmə idmana həvəsli olduqda, onun mənfi təsir altına düşmə ehtimalı çox azdır. Çünki, istənilən idman yaxşı fiziki formada olmaqla yanaşı, nizam-intizamı da gücləndirir. Məsələn, bir uşağa idmanla məşğul olmağı tapşırdıqdan sonra onun müəyyən bir nizam-intizam əldə etdiyi və hər zaman hərəkətlərinə, əməllərinə görə məsuliyyət daşımağa hazır olduğu dərhal nəzərə çarpır. Ümumiyyətlə, idman böyüklərin də, yeniyetmələrin də həyatını dəyişə bilər, amma burada uşaqları diqqət mərkəzində saxlamaq daha mühümdür. Çünki, onlar istənilən ölkənin ümid və dayağıdır. Bu səbəbdən onların, eləcə də gənc nəsilin qeyri-sağlam həyat tərzi keçirməsi bütün ölkələrdə qəbuledilməz faktor qismində çıxış edir. Amma uşaqların fiziki və mənəvi  inkişafına xidmət edən idmana sevgi və marağın aşılanması üçün dövlətlə yanaşı, cəmiyyətin də üzərinə böyük yük və məsuliyyət düşür. İlk növbədə o baxımdan ki, şəxsi uşaqlıqdan valideynlər idmanla məşğul olmağa sövq etməlidirlər. Buna paralel olaraq uşaq idmandan həzz almağı da bacaramlıdır. Məhz bu səbəbdən onun maraq göstərdiyi idman növü ilə məşğul olmasına şərait yaratmaq lazımdır. Təcrübə göstərir ki, uşağın istəmədiyi idman bölməsinə zorla aparılması faktoru çox pis nəticələrə gətirib çıxarır. Bu səbəbdən uşağın nəyi sevdiyini başa düşmək və anlamaq lazımdır. İdman həm də uşağın sosiallaşmasına müsbət təsir göstərir. Məsələ burasındadır ki, uşağın inkişafına ətraf mühit və hər şeydən əvvəl, onun kiçik yaşlarında qoşulduğu sosial münasibətlər sistemi təsir edir. İdman isə sağlam sosial münasibətlərin formalaşmasında əsaslı rola malikdir. O da faktdır ki, mükəmməl sosiallaşma o zaman mümkün olur ki, insan bu prosesin təkcə obyekti yox, həm də subyekti olsun. Subyekt kimi o, sosial norma və mədəni dəyərləri özünüinkişaf, özünüreallaşdırma ilə birlikdə dərk edir, yəni nəinki cəmiyyətə uyğunlaşır, həm də sosiallaşma prosesində fəallıq göstərir, öz-özünə və həyat şəraitinə təsir edir. İnsanda belə subyektiv keyfiyyətləri uşaqlıq dövründə formalaşdıran başlıca məqamlardan biri məhz idmandır. O da nəzərə alınmalıdır ki, uşağın ictimailəşdirilməsinə müəllimlərlə, valideynlərlə və başqa uşaqlarla olan münasibətləri təsir göstərir. Belə münasibətlərin qurulmasında yenə ən effektif rol oynayan məqamlardan biri idmandır.  İdman uşaqlara bir tərbiyə vasitəsi kimi də məqsədyönlü təsir edir, bu təsirlərin sosial istiqaməti müsbət keyfiyyətlər aşılayır. Eyni zamanda idmanla müəyyən münasibətlər normasının uşaqlar tərəfindən mənimsənilməsi üçün əlverişli şəraitin yaradılır, uşaq, yeniyetmə tərəfindən kompleks sosial rolların mənimsənilməsi uğurla reallaşır.

 

Yuxarıda göstərilənlər fonunda sevindirici haldır ki, ölkəmizdə bu gün çoxlu sayda uşaq və gənclər idmanla məşğul olurlar. 1990-cı illərin əvvəlinə nəzər salsaq, o zaman mənfi həyat tərzi aşılayan fəaliyyət növləri daha populyar idi, indi isə sağlam həyat tərzi canlanmağa başlayır. Təbii ki, burada insanların şüurunda dəyişikliklər öz sözünü deyir, amma tək bu da kifayət deyil. Təcrübə göstərir ki, prosesdə ölkə hökuməti də aktiv formada iştirak etməlidir. Tikilən idman meydançalarnını, stadionların və digər idman infrastruktur obyektlərinin sayı daha da artmalıdır. Xüsusən də ölkənin bölgələrində idmanın inkişafına daha çox sərmayə qoyulmalıdır. Hökumət idmançılara kömək etməlidir, çünki məşhur idmançılar həmişə bütöv bir ölkənin fəxridir.

 

Hazırda Azərbaycanda uşaq idmanının inkişafı sahəsində müəyyən problemlər olması da etiraf edilməlidir. Söhbət ondan gedir ki, uşaq idmanının inkişafında maliyyə, idman qurğuları ilə təminat, uşaq idman məktəblərinin maddi-texniki bazasının aşağı səviyyədə olması ilə bağlı problemlər hələ tam həllini tapmayıb. Bu qəbildən olan problemlər tam həll olunmazsa, təbii ki, Azərbaycanda uşaq idmanını inkişaf etdirmək və kütləviliyi təmin etmək sahəsində istənilən nəticəni əldə etmək mümkün olmayacaq. Bu səbəbdən dövlət və cəmiyyət uşaq idman növünün inkişafına daha çox diqqət ayırmalı, bunun üçün ayrılan vəsaitin miqdarı illər üzrə yüksəldilməlidir. İlk növbədə ona görə ki, burada söhbət hər bir ölkənin uğulu gələcəyinin fundamentindən, onun tərəqqi və intibaha köklənmiş inkişafından gedir. 

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti