Visente Qomesin vaxtında debüt edən, Murad Musayevin gəlişi ilə üzə çıxan Ceyhun Nuriyev

23:41 - 2 Fevral 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

IV YAZI

 

Gənc futbolçularımızın Premyer Liqaya ayaq açıb inkişaf eləməsi heç də asan proses deyil. Hətta dəfələrlə şahidi olmuşuq ki, hər hansı gənc futbolçu yaş limitinə uyğun gəldiyi üçün Premyer Liqada mütəmadi çıxış edib, lakin limit yaşı ötdükdən sonra karyerasında eniş yaşanıb. Bunun səbəbləri müxtəlif olur. Elələri var ki, rəqabətsizliklə müşahidə olunan gənc oyunçu limitinə uyğun olduğu vaxtlarda məşqçilərin seçim çarəsizliyi ucbatından daim oynayır, limit yaşı keçdikdən sonra isə bərabər şərtlər altında rəqabətə tab gətirməyərək inkişafdan dayanır. Elələri də olur ki, istedadı hesabına yüksəlişə nail olur, amma xarakter çatışmazlığı ucbatından karyerasını məhv edir. Ona görə də, belə gənc futbolçuları daim diqqətdə saxlamaq, onların daim inkişaf etməsi üçün yeri gələndə dəstək olmaq, yeri gələndə isə ictimai qınağa tuşlamaq çox vacibdir.

 

 

Bu mövsüm Premyer Liqada adından söz etdirən gənc futbolçulardan biri də “Sabah”ın 21 yaşlı yarımmüdafiəçisi Ceyhun Nuriyevdir. 3 il əvvəl “Sabah”ın U-19 komandasına cəlb olunan Nuriyev bir neçə il ərzində əsas komandanın üzvünə çevrilməklə yanaşı, azarkeşlərin də diqqətini üzərinə çəkib. Əslində, Ceyhun hələ ötən mövsümün gedişində ispan mütəxəssis Visente Qomesin rəhbərliyi altında “Sabah”ın heyətində meydana çıxırdı. Lakin Premyer Liqada meydana çıxdığı ilk vaxtlarda müəyyən qədər təcrübəsizliyi hiss olunduğundan Nuriyev əsas heyətdə möhkəmlənə bilməmişdi. Murad Musayevin təyinatından sonra isə Ceyhun Nuriyev limit oyunçusu kimi əsas heyət üzvünə çevrildi. Bu mövsüm Premyer Liqada “Sumqayıt” və “Səbail”lə oyunlarda qol vuran Nuriyev yalnız limit oyunçusu olduğu üçün deyil, həm də inamlı oyunu ilə “Sabah”ın azarkeşlərini sevindirir.   

 

 

Ceyhun Nuriyevin futbola marağı ailəsindən gəlib desək, doğru olar. Onun əmisi Nəsimi Nuriyev futbolçu olub. Atasının da futbola həvəsi böyük olduğundan oğlunun məhəllədə həmyaşıdları arasında seçildiyini görərək, onu 5 yaşında “İnter” klubuna gətirib. Futbolun əlifbasını Rövşən Babayevdən öyrənən Ceyhun Nuriyev düz 12 il “İnter” klubunun futbol akademiyasında yetişib. 2019-cu ildə “Sabah”a gələn Ceyhun ilk mövsümünü klubun U-19 komandasının heyətində keçirib. Əvvəlcə Jelko Şopiçin vaxtında komandayla Antalyadakı qış təlim-məşq toplanışına aparılıb və orada 3 qolla yadda qalıb. Lakin xorvat mütəxəssisin rəhbərliyi altında Premyer Liqada debüt etmək imkanı qazanmayıb. Ancaq onu da qeyd etmək lazımdır ki, Şopiçin baş məşqçi olduğu vaxtda Premyer Liqada mövsüm pandemiya səbəbindən yarımçıq dayandırılmışdı. Məhz buna görə də, Nuriyevin Premyer Liqa ilə ilk tanışlığı yuxarıda vurğuladığımız kimi, Visente Qomesin “Sabah”a rəhbərlik etdiyi vaxta təsadüf etmişdi.

 

 

Geniş auditoriyaya o qədər də yaxından tanış olmayan gənc futbolçu ilə söhbətləşmək qərarına gəldik. Uşaqlıdan “Bavariya” azarkeşi olan Ceyhun Nuriyev bu günə qədər də alman klubunu yaxından izləyir, onlara pərəstiş edir. Kumiri olmasa da, özü solaxay olduğu üçün həmişə sol ayaqlı oyunçulara daha çox diqqət yetirib. Lakin zahiri görünüşünə görə də oxşadığı argentinalı Di Mariyanı özünə “bir köynək” yaxın hiss edib. Hədəflərinə gəlincə, Nuriyev də hamı kimi inkişaf etmək istəyir:

 

“Premyer Liqada meydana çıxdığım ilk vaxtlarda çətinlik çəkirdim. Təcrübəli oyunçular çox sağ olsunlar, Premyer Liqaya uyğunlaşmağımda dəstək oldular və zaman keçdikcə özümü daha rahat hiss etməyə başladım. Hazırda durumumdan razıyam. Əsas odur ki, məşçqinin məndən nə tələb etdiyini bilirəm və bu istiqamətdə çalışmağı davam etdirirəm. Hədəflərimə gəlincə, hami kimi mən də milli komandada oynamaq arzusu ilə yaşayıram. Gələcəkdə Avropanın aparıcı çempionatlarının birində legioner həyatı yaşamaq istərdim. Anlayıram ki, bunun üçün hələ çox çalışmağım lazımdır”.

 

 

Sağ cinah vingeri mövqeyində çıxış edən Ceyhun Nuriyev inkişaf etmək üçün bütün lazımı keyfiyyətlərə malikdir. Yaxşı texnikası olan solaxay futbolçunu kreativ oyunçular sırasına aid eləmək olar. Həm U-19 liqasında, həm də Divizionda cinahda rəqibləri ilə təkbətək qalanda, onlar üçün başağrıya çevrilib. Futbol dilində desək, fərq yaradan oyunçulardan olub. Özü də başa düşür ki, Premyer Liqada sərgilədiyi hələ onun tam istedadı deyil. Ki, bu da anlaşılandı. Maksimumuna çatması bir qədər vaxt aparacaq. Lakin artıq indidən demək olar ki, Ceyhun Nuriyev gələcəyə ümid verən futbolçularımızın arasında önəmli yer tutur.  

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti