"4 aya yaxın "Fənərbaxça" klubunda, daha sonra Almaniyada uzunmüddətli təcrübədə olmuşam"

23:52 - 23 Fevral 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

VIII YAZI

 

Ölkə futbolunun inkişaf etməsi üçün uşaq futbolundan başlamağın vacibliyi barədə çox danışılıb. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda futbolumuzla bağlı layihələrimizdə fikirlərini öyrəndəyimiz mütəxəssislər öz təcrübələrinə əsaslanaraq inkişaf etməyin yollarını göstərirlər. Bu dəfə uzun illər aşağı yaş qrupu üzrə milli komandalarda çalışmış Təbriz Həsənovla söhbətləşdik. 2016-cı ildə ölkəmizdə keçirilən 17 yaşlılardan ibarət milli komandaların Avropa çempionatında ev sahibi kimi turnirə birbaşa vəsiqə qazanan yığmamıza məhz Təbriz Həsənov rəhbərlik edirdi. O vaxt ilk oyunda Portuqaliyaya böyük hesabla məğlub olsaq da, Belçika və Şotlandiyaya qarşı yaxşı oynamışdıq:

 

“Şotlandiyaya qalib gəldik, Belçika ilə isə heç-heçə etdik. Halbuki oyunun sonlarında qol epizodlarından yararlansaydıq, həmin matçda da qələbə qazana bilərdik. Final mərhələsində belə komandalarla eyni qrupda 4 xal qazandıq. Əgər aşağı yaş qrupu üzrə millilərinin yüksək nəticə qazanmağını istəyiriksə, U-17 və U-19 milli komandaları ilk növbədə final mərhələlərinə vəsiqə qazanmalıdır. Açığı, o da bu gün çox çətindir. Çünki bunun üçün əvvəlcə seçmə mərhələni, daha sonra elit raundu keçmək lazımdır. Elit mərhələdə isə çox güclü komandalar olur, o mərhələləri keçmək üçün komandamız güclü olmalıdır. Çempionatımız da güclü keçirilməlidir ki, futbolçularımız Avropa komandalarına qarşı başabaş oynamağı bacarsınlar. Uzun müddət milli komandalarda çalışmışam. Bizim yoldaşlıq görüşləri, beynəlxalq turnirlər əsasən postsovet ölkələrinin yığmalarına qarşı olub. Bəzən ortabab Avropa ölkələrinə qarşı da oynamışıq, ancaq o da ötəri olub. Düşünürəm ki, elit raundda yaxşı çıxış etmək üçün mütəmadi olaraq o səviyyədə yığmalarla qarşılaşmaq lazımdır. Bunlarla yanaşı, Azərbaycan çempionatında da səviyyəli, bir-biri ilə rəqabət aparan komandaların sayı çox olmalıdır ki, millidə çalışan məşqçilərin seçim imkanı geniş olsun. Dediklərimin hamısı olsa, gələcəkdə komandalarımız final mərhələlərində iştirak edə bilərlər”.

 

 

Təbriz Həsənov da o fikirdədir ki, uşaq futbolunun inkişaf etməsi üçün akademiyaların sayı çox olmalıdır:

 

“Təbii ki, sözdə yox, ciddi infrastrukturu olan, əsl işlək akademiyalar lazımdır. Orada yaxşı məşqçilər çalışmalıdır. Təbii ki, onların maddi cəhətdən tələbatlarını ödəmək lazımdır ki, öz enerjilərini, beyinlərini işə yönəltsinlər. Bizim vaxtda futbola 9-10 yaşda başlayırdıq. İndi futbol bir az da qabağa gedib. Artıq uşaqlar 4-5 yaşda futbol məktəblərinə gəlirlər. Məhəllə futbolu yoxdur deyə, 9 yaşında futbola gələn uşaqlar öz həmyaşıdlarından geri qalırlar. Bizim 5-6 yaşlı uşaqlardan ibarət qruplarımız var. Onlar artıq 8-9 yaşa çatanda öz yaşıdlarından daha çox inkişaf etmiş olurlar. Yaxşı olar ki, valideynlər erkən yaşlarda uşaqları futbola yazdırsın. Artıq Avropada da belədir. Nə qədər güclü akademiyalarımız olsa, o qədər çox səviyyəli komandalar olacaq. Futbolçular rəqabət görəndə daha çox inkişaf edəcəklər. Avropa ölkələrində hər həftəsonu komandaların oynadığı oyunlar sanki final mərhələsidir. Mən orada 15:0, 20:0 hesablı oyunlar görməmişəm. Təəssüf ki, bizdə belə hallar olur. Çünki uşaq futbolunda səviyyəli, rəqabət aparacaq komandalar çox deyil.

 

 

4 aya yaxın Türkiyənin "Fənərbaxça" klubunda, daha sonra Almaniyada uzunmüddətli təcrübədə olmuşam. İş prinsipləri demək olar ki, eynidir. Bizim mentalitet bir az fərqlidir. Almaniyada zəif, rəqabət apara bilməyən uşağın valideynini çağırıb 6 ay əvvəldən məlumat verirlər ki, indidən uşağınıza komanda tapın. Valideyin də bunu normal qarşılayır. Uşaq 6 ay oynayır və sonra onunla vidalaşırlar. Sonra həmin oyunçuların yerinə seleksiyaçılar yeni futbolçular tapır. Bu iş prinsipində mənim ən çox xoşuma gələn odur ki, komanda həmişə yüksək səviyyədə olur, oyunçular hamısı rəqabət aparmağı bacaranlardır. Təsəvvür edin ki, Azərbaycanda hansısa valideynə deyirik ki, 6 ay sonra uşağınıza yeni komanda tapın. Həmin valideyn dərhal uşağını götürüb aparacaq. Avropada o qədər iş prinsipləri var ki, bunların hamısını biz tətbiq edə bilmərik. Biz öz mentalitetimizə uyğun şəkildə işləməyə çalışırıq. İstəyirik ki, daha da yaxşı olsun. Koordinator olaraq maksimum çalışıram ki, akademiyamızın məşqçiləri valideynlərdən uzaq olsunlar. Çünki valideynlər onların enerjilərini alırlar. Çox sual-cavablar, narazılıqlar olur. Ona görə də, çalışıram bütün zərbələri öz üzərimə götürüm ki, məşqçilər işlərini rahat görsünlər. Bunu niyə misal çəkdim. Çünki Avropadakı valideynlərlə işləmək çox asandır, bizdə isə çətindir. Uzun müddət milli komandalarda çalışmışam. Almaniyada U-15 milli komandasının ilkin olaraq formalaşması xoşuma gəlib. Duysburqda böyük baza var. Orada 10-11 böyük stadion və eyni anda 30 komandanın yerləşdiyi böyük otel var. U-15 milli komandasını formalaşdırmaq üçün orada turnir keçirirlər. Almaniyanın 21 əyalətinin hərəsinin öz yığma komandası var, onlara federasiya tərəfindən məşqçi təyin olunur. Berti Foqsun vaxtında biz də o turnirdə 22-ci komanda kimi iştirak etmişdik. O turnir zamanı milli komandanın özəyi qurulur. Futbol mütəxəssisləri, skautlar matçları izləyir, ən yaxşıları seçirlər. Sonda o seçilmişlər Almaniya milli komandasına dəvət olunurlar. Format belə idi ki, 1-ci turun püşkü atılır. Daha sonra qələbə qazananlar öz aralarında, heç-heçə edənlər, məğlub olanlar da bir-biri ilə oynayırdılar. Bu, hər tur belə davam edirdi. Belə bir şeyi Türkiyədə də görmüşdüm. Amma Türkiyə böyük ölkə olsa da, onlar Almaniya kimi əyalətlər arasında etməmişdilər. Onlar qərb yığması, şərq yığması, İstanbul klublarının yığması və Avropada oynayan türklərə bölmüşdülər. Bizi də həmin turnirə dəvət etmişdilər. Bu dövlətlər böyükdürlər, komandaları çoxdur deyə, bunu edə bilirlər. Azərbaycanda təbii ki, istəsək də, edə bilmərik. Çünki bizdə o qədər komanda, əyalətlərdə elə güclü futbolçular yoxdur. Gördüyüm çox şeylər var, amma onların hamısını edə bilmirik. Biz öz yolumuzu seçməliyik. Bəlkə gələcəkdə bizdə də komandalar çox olanda bizim də milli komandalara oyunçu seçimimiz bu cür olacaq. Ümid edirik ki, nə vaxtsa bu baş verəcək. Uşaq futbolunu inkişaf etdirmək üçün sərmayə, infrastruktur lazımdır. Bütün işlər kompleks şəkildə olmalıdır”.

 

 

Təbriz Həsənov hal-hazırda çalışdığı “Sabah”-ın akademiyasında görülən işlər barədə də danışdı:

 

“Klubun aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışıram. Akademiyanın baş koordinatoru Xorvatiyanın "Dinamo" klubunda uzun müddət çalışmış Adino Mustedanaqiçdir. O, əsasən 15, 16, 17 və 19 yazılardan ibarət komandalara nəzarət edir. 14 yaşdan aşağı olan komandalara isə mən nəzarət edirəm. Akademiyamızda bütün işlər planlı şəkildə qurulub. Bütün yaş qrupları etimad göstərdiyimiz məşqçilərə həvalə olunub. Onların işindən razıyıq. İstər məşq prosesləri, istərsə də oyunlar izlənilir, təhlil edilir, müzakirə olunur. Bundan əlavə baş koordinator tərəfindən məşqçilərin bilik səviyyəsinin artırılması üçün seminarlarımız olur. Bu gün bizim akademiya Azərbaycanda ən yaxşılardan biridir. Bakıdakı gənclər və uşaqlardan başqa ölkənin demək olar ki, bütün əyalətlərini gəzib seleksiya aparırıq. Ən yaxşı, perspektivli uşaqları seçib akademiyamıza dəvət edirik. Klub rəhbərliyi onların qalması, qidalanması və təhsili üçün şərait yaradıb. Futbolçuların bütün tələbatları klub tərəfindən qarşılanır. Çalışırıq ki, onları gələcəkdə həm "Sabah"a, həm də milli komandalarımıza lazımlı futbolçu kimi yetişdirək. Bütün komandalarımız çempionluq uğrunda mübarizə aparır. Akademiyamız seleksiya ilə də mütəmadi olaraq məşğul olur. Öncədən rəsmi sayt vasitəsilə elan veririk. İstəyən hər kəs öz övladını seleksiyaya gətirib yoxlanışdan keçirə bilər. Bu işi hər zaman davam etdirəcəyik. İstəyirik ki, yaxın gələcəkdə akademiyamızı ən güclülərdən biri edək. Rəhbərlik bunun üzərində çox çalışır. Əsas məsələlərdən biri də odur ki, rəhbərlik komandanın beynəlxalq turnirlərdə iştirak etməsinə şərait yaradır. Pandemiyadan öncə komandalarımız tez-tez turnirlərə qatılırdı. Yollar açılandan sonra bir çox yarışlarda iştirak edəcəyik. Dekabr ayında 12 yaşlılardan ibarət komandamız Gürcüstanda turnirdə iştirak etdi, 16 komanda arasında 3-cü yeri tutdu. Həmin yaş qrupunun ilk turniri idi. Uşaqlar özlərini orada yaxşı tərəfdən göstərdilər. Turnirdə olan rəqib komandaların necə oynadığını gördülər, hiss etdilər. Həm məşqçilər, həm futbolçular belə turnirlərdə inkişaf edirlər. Mən özüm də həmin yarışda komanda ilə birlikdə idim. Çalışırıq ki, komandalarımız imkan olduqca beynəlxalq yarışlarda çox iştirak etsin”.

 

Elçin Əlixan

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

 

Xəbər xətti