"Hədəfimiz Cəbrayılda böyük futbol akademiyası qurmaqdır"

23:45 - 22 Aprel 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

XVI YAZI

 

Uşaq və gənclərin fiziki və mənəfi inkişafı mövzusunda növbəti həmsöhbətimiz Cavid Hüseynovdur. Ölkəmizin tanınmış futbolçularından olan Hüseynov karyerasını bitirdikdən sonra idarəçi-məşqçi fəaliyyətinə başlayıb. O, “Cəbrayıl” klubunun həm prezidentidir, həm də baş məşqçisi.

 

Əvvəllər futbolçular karyeralarını bitirdikdən sonra aktiv fəaliyyətdən çəkilib bir neçə ildən sonra məşqçiliyə gəlirdilərsə, indi Avropada da bu tendensiya dəyişib. Artıq futbolçular vaxt itirmədən məşqçilik peşəsinə yiyələnməyə başlayıblar. Cavid Hüseynov da karyerasını bitirən kimi məşqçiliyə başlamaq qərarına gəlib:

 

“Qəbələ"dən ayrılandan sonra heç bir təklif almadım və götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. 33 yaşda karyeramı bitirdiyimə görə çox qınandım. Amma fikirləşdim ki, daha ehtiyac yoxdur, oynadığımı oynamışam. Düşündüm ki, məşqçi olmağın əsl vaxtıdır. Beləliklə, qərarımı verdim və üstündə durdum. Məşqçilik içimdən gələn bir istəkdir. Neçə illərdir futbol oynamışam, təcrübə qazanmışam. Özümdə inam hiss edirəm ki, nəyisə uşaqlara, futbolçulara aşılaya bilərəm. Düzdür, bu, çətin yoldur. Hələ yeni başlamışam, bilmədiyim çox şey var. Yavaş-yavaş öyrənəcəyəm. Bu, təcrübə ilə olan bir şeydir. Öz üzərimdə çalışaraq gələcəkdə yaxşı məşqçilər sırasında olmaq istəyirəm”.

 

 

Cavid Hüseynovun məşqçilik fəaliyyətinə başlamağı yox, onun klub prezidenti olmağı daha çox diqqət çəkdi. Bu məsələdə önəmli məqam həmin klubun onun doğma rayonunu təmsil etməsidir:

 

"Cəbrayıl" klubunu yaratmaq mənim arzum idi. Babam Cəbrayıl rayonunda İdman Komitəsinin sədri olub. Bütün idman növləri üzrə idmançıları yarışlara aparıb. Atam güləşçi olub, həm də məktəbdə hərbi hazırlıq müəllimi işləyib. "Cəbrayıl" klubunu yaratmaq sırf oradan qaynaqlandı. Bizim nəsil idmana bağlı olub. Hiss edirdim ki, bu yolu mən də davam etdirməliyəm, Cəbrayıla hansısa işdə xeyir verməliyəm, rayonumuzun adını bacardığım işlə önə çıxarmalıyam. Bu istəyimi dostlarıma, yaxın ətrafıma danışanda məni dəstəklədilər. Beləliklə, artıq işlər görməyə başladım. Çox istəyirdim ki, köklü klub formalaşdırım. Sıfırdan klub yaratmaq çox çətin prosesdir. Çox əziyyət çəkdim. Amma rayonumuza görə bu, mənim gözümə görünmədi. Məsuliyyətli, əziyyətli iş olduğunu bilirdim. Bəlkə də daha asan yolu seçib, məşqçilik kursunu oxuduqdan sonra hansısa klubun aşağı yaş qruplarında işləyə bilərdim. Amma mən bunu etmədim. İstədim ki, cəbrayıllıların da bir klubu olsun, oyunlarda gedib azarkeşlik etsinlər, alqışlasınlar. Futbol elə idman növüdür ki, insanlar onunla nəfəs alırlar. Şükürlər olsun ki, yaxşı klub formalaşdırmışıq. Düzdür, çatışmazlıqlar da çoxdur. Azərbaycanda stadion çatışmazlığı var. Şəhidlərimizin, cənab prezidentimizin sayəsində bizim də rayonumuz işğaldan azad olundu. Artıq oraya dönüşü fikirləşirik. Cəbrayılda komandanı hansı formada görmək istəyirik, artıq bu yöndə işlərimizi davam etdiririk. Ümid edirəm ki, bu da tezliklə reallaşar”.

 

 

Futbol klubunun uğurlu olması üçün ilk növbədə təməlin doğru qurulması vacibdir. “Cəbrayıl” klubunun bu yöndə planları çoxdur. Əsas məsələ yaxşı akademiya yaratmaqdır:

 

“Hər zaman uşaq futboluna diqqət ayırmışam. Hədəfimiz Cəbrayılda böyük futbol akademiyası qurmaqdır. Bu, planımızda var. Ümid edirəm ki, qarşımızda heç bir maneə olmaz, fikirlərimizi həyata keçirərik. Bu, 4 rayonun - Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilandan olan uşaqları qəbul edəcək böyük bir akademiya olacaq. İstəyərəm ki, ən azı 3 stadionumuz olsun. Mənim düşüncəmdə olan akademiya belədir ki, uşaqlar orada məşq etsin, təhsillərini orada alsınlar. Uşaq futbolunda ən vacib məqam odur ki, tez-tez xarici ölkələrə səfərlər olsun. Aşağı yaşlardan bu səfərlər lazımdır ki, futbolçular o ab-havanı hiss etsin. Gələcəkdə milli komandaların həyətində başqa ölkələrlə oynayanda həmin hisslər onlara yad gəlməsin. Bizə xalq olaraq aşağı gözlə baxırlar. Hansısa ölkə ilə qarşılaşanda oyuna sanki, 0:1 geridə başlayırıq. Bu, artıq bizim psixologiyamıza çöküb. Uşaq futbolunda xaricə səfərlər təşkil etməklə bu hissdən qurtula bilərik. Cəbrayıla qayıdandan sonra mənim fikirlərim böyükdür. Amma bu, hələ ki, sadəcə fikirdir. Qarşımda hansı maneələrin duracağını bilmirəm. Dövlətdən də maraq olmalıdır və ümid edirəm ki, olacaq da. Akademiya qurmaq üçün xeyli vəsait lazımdır. Plan geniş olmalıdır ki, oradan bəhrələnə bilək”.

 

Elçin Əlixan

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti