"Sizin ölkədə pul problem deyil, amma inkişaf üçün federasiya səviyyəsində etibarlı, uzunmüddətli plan lazımdır"

14:28 - 1 May 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

YAZI XVII

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda növbəti müsahibimiz Serbiya Superliqasında çıxış edən “Metalaç” klubunun baş məşqçisi Miliya Zizicdi. Vaxtı ilə “Qəbələ”də forma geyinmiş Zizic Azərbaycan futboluna da yaxından bələd olduğu üçün, onun iki ölkə futbolunun müqayisəsi baxamından səmərəli fikirlərinin olacağını düşündük.

 

Azərbaycanda futbolçu kimi çıxış etdikdən sonra həm futbolçu kimi, həm də sonradan məşqçi karyerasında yüksəlişə keçən legionerlər az olub. Futbolçu kimi Balkan ölkələrində oynadıqdan sonra Asiyaya yollanan Ziziç Honq-Konqun məşhur “Kitçee” klubuna keçmişdi. Uruqvaylı məşhur futbolçu Dieqo Forlanın da formasını geyindiyi Asiya klubunda oynayan Ziziç Azərbaycanın yolunu tutmuşdu. “Qəbələ”nin şərəfini qorumuş Miliya ilə söhbətə məşqçiliyə gəlişi ilə bağlı başladıq.  

 

 

- Məşqçiliyə necə başladınız? 

- Hər şeydən öncə onu deyim ki, mən futbolu çox sevirəm. Öncə gənc məşqçilər üçün aparılan kateqoriya hazırlıqlarında iştirak etdim, oxudum. Peşəkar futbolçu karyeram da olduğuna görə peşəkar məşqçi olmaq istədim. 2010-cu ildən məşqçilik edirəm və addım-addım da irəliləyirəm. Düşünürəm ki, bu, mənim üçün ən düzgün seçimdir. Əvvəlcə gənclər komandalarında, sonradan isə Serbiya Superliqasında baş məşqçi kimi çalışmağa başladım. Yeri gəlmişkən, oxudum və UEFA Pro kateqoriyasına da yiyələndim.

 

- Vaxtilə Azərbaycanda futbolçu olmusunuz. Necə olmuşdu ki, “Qəbələ”yə gəlməyə razılıq vermişdiz?

- Futbol oynadığım vaxtlarda Azərbaycandan, “Qəbələ”dən təklif gəlmişdi. Gəldim və bu klubla müqavilə imzaladım. Azərbaycanda bir il qaldım. Ölkənizdə olduğum vaxtdan yaxşı xatirələrim, təəssüratlarım qalıb.

 

- Həmin vaxt diqqətinizi cəlb edən nə olmuşdu? Azərbaycan futbolu haqda fikriniz necədi?

- Həmin vaxtı gördüm ki, infrastruktura çox sərmayə qoyulur. Amma düşünürəm ki, gənc oyunçulara və məşqçilik təhsilinə daha da çox sərmayə qoyulmalıdır. Bilirsiz, gənc futbolçuların inkişafı mürəkkəb prossesdir və bu prossesə çox diqqətlə fikir vermək lazımdır.

 

- Serbiya dünya futbolu üçün futbolçular yetişdirir, dünyada çox sayda serb futbolçular var. Siz bunu necə bacarırsız?

- Serbiyada gənc futbolçulara böyük diqqət yetirilir. Keyfiyyətli işlərlə ciddi karyera qura biləcək çox sayda istedadlı oyunçularımız var. Həmçinin, Avropa Liqasında və ya Çempionlar Liqasında önəmli rolu olan bir neçə klubumuz da iştirak edir.

 

- Azərbaycan futbolunu yaxından görmüsünüz. Sizcə, Azərbaycan futbolu niyə Serbiya futbolu kimi deyil? Məsələn, Avropada azərbaycanlı futbolçular çox deyil, amma serb futbolçular çoxdur...

- Mən Serbiyanın gənc oyunçularla daha yaxşı işlədiyi qənaətindəyəm. Biz inkişafın bu hissəsinə daha çox diqqət yetiririk. Mənə elə gəlir ki, Azərbaycanda işdə ilk növbədə yuxarı səviyyəyə üstünlük verilir. Ən yaxşı serbiyalı gənc futbolçular nisbətən gənc yaşda Qərbi Avropanın ən yaxşı liqalarına gedir. Orada daha güclü rəqabətdə daha da yaxşılaşırlar.

 

- Sizcə, Azərbaycan klublarının şəraiti Serbiya klublarından yaxşıdır? Maliyyə və digər məsələlərdə?

- Düşünürəm ki, Azərbaycanda sizin üçün əla şərait var. Amma eləcə də düşünürəm ki, əgər ciddi nəticələr əldə etmək istəyirsinizsə, məşqçilik peşəsinin keyfiyyət səviyyəsini yüksəltməlisiniz. Sizin ölkədə pul problem deyil, amma inkişaf üçün federasiya səviyyəsində etibarlı, uzunmüddətli plan lazımdır.

 

- Serbiyada uşaq futbolunda hazırkı vəziyyət necədir? 

- Serbiyanın ən gənc kateqoriyalar üzrə keyfiyyətli bazası var. Həmçinin, Serbiya futbolu son vaxtlar U-17, U-19 səviyyəsində ciddi nəticələr əldə edib və bu, böyük işdi. Gələcəkdə daha yaxşı nəticələr əldə etmək istəyirsinizsə, U-11, U-13 və U-15 seçimləri sizin üçün çox önəmlidir. Ki, həmin uşaqlar gələcəkdə Azərbaycan futbolunun imicini dəyişdirə bilsinlər.  Mən işin keyfiyyətinə və davamlılığına inanıram. Bu mənim əsas devizimdi!

 

 

- “Metalaç”da işləriniz necə gedir? Klubda yaradılan şərait sizi qane edirmi? 

- "Metalaç" Serbiyada yaxşı təşkil olunmuş klubdur. Əvvəlki yarım il həqiqətən pis nəticələrlə yadda qalmışdı. Biz hazırda təəssüratı yaxşılaşdırmağa çalışırıq. Bu, gənc oyunçular yaratmaq konsepsiyasına malik bir klubdu. Biz şübhəsiz ki, Serbiya Super Liqasının ən gənc komandasıyıq. Bu, mənim üçün gözəl çağırışdır və mövcud vəziyyətdən asılı olmayaraq, inanıram ki, klubun gələcəyi üçün çox yaxşı işlər görürük.

 

- Siz futbolçu kimi Azərbaycanda çıxış etmisiniz. Məşqçi kimi gəlməyi necə, heç fikirləşirsiz?

- Əgər mənimlə maraqlanırsınızsa, inanıram ki, sizin futbolunuzda yaxşı nəticələr verərdim. Çünki mən sizin xalqın mentalitetini bilirəm. Futbolda lazımi bilik və iş təcrübəm var. Futbol mənim seçimimdir və Azərbaycan futboluna məşqçi kimi qayıtmağım mümkündü. Bakı meqapolisdi, Azərbaycan isə daim inkişaf edən, iş və yaşayış üçün yaxşı şəraiti olan gözəl ölkədi.

 

Mirbağırağa Cəfərli

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti