"Ciu-Cutsu “Paris-2024” Olimpiya oyunlarına daxil edilərsə, orada ölkəmizi təmsil etməyə hazırıq" - MÜSAHİBƏ

16:36 - 4 İyun 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

YAZI XXII

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Ciu-Cutsu dünyada geniş yayılmış idman növlərindən biridi. Hətta hazırda ən məşhur idman növlərindən olan MMA idmançıları da daha uğurlu olmaq üçün Ciu-Cutsuya önəm verirlər. Adıçəkilən idman növü dünyada geniş yayılsa da, təəssüf ki, Azərbaycanda o qədər də populyarlıq qazanmayıb. Halbuki sağlam bədəndə sağlam ruh olar fikrilə getsək, yeniyetmələr üçün önəmli idman növlərindən biri hesab oluna bilər. Əslində, Ciu-Cutsunun da bir neçə növü var. Daha çox populyar olanı Braziliya Ciu-Citsusudu desək, yanılmarıq. Azərbaycanda da Braziliya Ciu-Cutsusu ilə məşğul olanlar, bu idman növünün ölkəmizdə populyarlaşması üçün “mübarizə” aparanlar var. Həmin insanlardan biri də Azər Beydullayevdi. Belə ki, bu şəxs Azərbaycan Ciu-Cutsu federasiyasının Braziliya Ciu-Cutsusu departamentinin rəhbəridi. Sportal.az saytına müsahibə verən departament rəhbəri ölkəmizə Braziliya Ciu-Cutsusunu gətirən insanlardandı. O, saytımıza müsahibəsində ölkəmizdə bu idman növünə olan maraqdan və ümumiyyətlə, Ciu-Cutsunun Braziliya növünün Azərbaycana gəlməsi barədə danışıb.



II Hissə

- Karate sınaq kimi son Olimpiya oyunlarına daxil edilmişdi. Ciu-Cutsu necə, Olimpiya oyunlarına ən azından sınaq kimi daxil edilə bilər? Belə bir ümidiniz var?

- Beynəlxalq Ciu-Cutsu federasiyası hazırda Beynəlxalq Olimpiya Komitəsi ilə danışıqlar, görüşlər aparırlar ki, Oimpiya oyunlarına daxil edilsin. İddia yüksəkdi. Çünki dünyada bu idman növü ilə məşğul olan insan çoxdu. Ciu-Cutsu get-gedə populyarlaşır. MMA-nın da demək olar ki, sütunu bu idman növünün üzərində qurulub. Bu idman növündə Qreysi ailəsindən Roys Qreysi də bunu sübut edib. MMA-nın ilk döyüşçülərindəndi. Həm də Ciu-Cutsu ustası olub.



- Ciu-Cutsu Olimpiya idman növlərinə daxil olmasa da, hər halda Avropa və Dünya çempionatları keçirilir. Bu cür mötəbər yarışlarda iştirak edəcək səviyyədə idmançılarımız var?
- Təbii ki, bizim də dünya çempionlarımız var. Yeniyetmələr, böyüklər, hətta veteranlar arasında da nailiyyət qazanmış idmançılara sahibik. İndinin özündə də titullu idmançılarımız var.
 

- Federasiya öz maliyyəsi hesabına idmançıları yarışa yollayır, yoxsa hər dəfə sponsor axtarmağa məcbur qalırsız?
- Bəli, sponsorlara müraciət olunur. Bizim də sponsorlarımız var. “Atəşgah” şirkəti kömək edir, bir də “Skallezioni” bizim daimi sponsorlarımızdı. Yarışlara getməyə, yığmanın təlim-məşq toplanışlarına köməklik göstərirlər. Belə hazırlaşırıq, yarışlara gedirik.



- Bayaq qeyd etmişdiniz ki, Ciu-Cutsu Olimpiya oyunlarına daxil edilə bilər. Sizcə, belə olacağı təqdirdə bu idman növünə ölkəmizdə də maraq artacaq?
- Bəli, belə bir şans var. Hazırda danışıqlar gedir. Hətta bir neçə görüşlər olub, bir neçə yarış da nəzərdə tutulub. Bu barədə xəbərdarıq. Ola bilər ki, “Paris-2024” Olimpiya oyunlarına ciut-cutsu sınaq kimi daxil edilsin.

- Ciu-Cutsu Olimpiya oyunlarına daxil edilərsə, yəqin ki, azərbaycanlı idmançılar da “Paris-2024”dəki yarışlarda iştirak edəcək?
- Yığmamız daim hazırlaşır. Hər il noyabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə dünya çempionatı keçirilir. Millimiz bu yarışda iştirak edir. İdmançılarımız həmişə hazırdı. Respublika yarışlarımız da keçirilir. Sadəcə pandemiyaya görə ara vermişdik. İndi də başlamışıq. Bu yaxınlarda Sərhədçi İdman Kompleksində Bakı şəhər birinciliyi keçirdik. Yaxın vaxtlarda ölkə çempionatı da baş tutacaq. İlk iki yeri tutacaq idmançılar milli komandaya cəlb ediləcək. Onlarla da iş aparılır, təlim-məşq toplanışlarımız gedir. Noyabrdakı dünya çempionatına hazırlaşacağıq. Ölkə çempionatından sonra hansı idmançılarımızın bizi dünya çempionatında təmsil edəcəyi dəqiqləşəcək. Hətta veteranlar da orada iştirak edəcək. Deməyim odur ki, ciu-cutsu yarışları “Paris-2024” Olimpiya oyunlarına daxil edilərsə, orada ölkəmizi təmsil etməyə hazırıq.

Mirbağırağa

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

Xəbər xətti