"Yaxşı olardı ki, böyük futbol yığmamızda da azərbaycanlılar oynasın" MÜSAHİBƏ

15:41 - 18 İyun 2022

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması ölkədə böyük sevinclə qarşılandı. Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin Slovakiyada ən güclü olmasının səbəbkarlarından biri də qolkiperimiz idi. Davud Kəriminin etibarlı oyunu sayəsində milli uğurlu nəticələr göstərməyi bacardı. Əbəs yerə deyil ki, elə final matçından sonra da turnirin ən yaxşı qapıçısı mükafatı məhz ona verildi. Budəfəki müsahibəmiz elə Kərimi olacaq. Vaxtilə Premyer Liqada müxtəlif klublarda çıxış etmiş təcrübəli qapıçının ən böyük uğurunu peşəkar karyerasını bitirdikdən sonra qazanması maraqlı həyat hekayəsidir həm də.

 

- Bir neçə gündür ki, ölkənin ən populyar komandası minifutbol yığması üzrə Azərbaycan millisidi. Avropa çempionatı sizin üçün necə keçdi, necə oldu ki, çempionluğu qazandınız?

- Hələ ki, populyarıq. Çünki Avropa çempionu olmuşuq. Bu isə heç də asan iş deyil. 24 komanda arasında ən güclü olursan. Avropa çempionatı bizim üçün çox yaxşı keçdi. Turnir bizim çempion olmağımızla yekunlaşdı. Bu da hamımızı xoşbəxt edir. Çox güclü rəqiblər var idi. 24 komandadanın hər biri də çempionluğa namizəd idi, ən yaxşı olmaq istəyirdilər. Sadəcə olaraq, biz düzgün oynadıq. Qrupdan çıxdıqdan sonra isə bizə əlavə inam gəldi. Bunun sayəsində də çempion olduq.

 

- İlk turda məğlub olduğunuz Rumıniyanı finalda məğlub etməyi bacardınız. Ancaq qələbə istəyirdiniz, yoxsa finalda da uduzsanız özünüzü narahat hiss etməyəcəkdiniz?

- Doğrudu, finaldakı rəqibimiz qrupda uduzduğumuz Rumıniya oldu. Onlar qrupdan çıxdıqdan sonra yalnız finalda qarşılaşacağımızı bilirdik. Çünki səbətlərimiz ayrı idi. Finalda da uduzsaydıq belə, özümüzü normal hiss edəcəkdik. Çünki ikinci ildə finalçı olduq. Amma şükürlər olsun ki, qalib gəldik. Bundan gözəl nə ola bilər?

 

 

- Səncə, Azərbaycan minifutbol millisinin qısa zamanda bu qədər sevilməsi və populyarı olması nəyə görədi? 

- Minifutbol ona görə qısa zamanda sevildi ki, Azərbaycan millisi azərbaycanlılardan ibarət idi. Hamımız azərbaycanlıyıq deyə, bütün xalqımız bizi dəstəklədi. Həmin dəstəyə görə təşəkkür edirəm. Onların duaları da bizə çox kömək oldu.

 

- Ölkə prezidenti ilə görüşünüz oldu. Necə alındı görüşünüz? Bu, ölkədə minifutbolda yeni inkişafın erasının təməli qoyulduğunu demək olar?

- Bəli, ölkə başçısı bizi qəbul etdi. Çox sağ olsun, minnətdarıq Ali Baş Komandanımıza. Çox gözəl görüş keçdi. Minifutbolun inkişafı üçün təməl qoyduğunu dedi. Bundan sonra da diqqət və qayğı ayıracağını da söylədi. Sağ olsun, hər şey əla alındı.

 

- Avropa çempionatının ən yaxşı qapıçısı seçildin. Bu, sənin üçün gözlənilməz idi? 

- Avropanın ən yaxşı qapıçısı seçiləcəyimi gözləmirdim. Amma şükürlər olsun ki, bu cür fərdi nəticə qazandım. Azərbaycan xalqının duaları sayəsində biz çox yaxşı performans göstərdik. Mən də onların içərisində. Finalda oyunum daha yaxşı alındı və 24 komandanın qapıçıları içərisində ən yaxşı seçildim. 

 

 

- Böyük futbolda gerçəkləşməyən arzularının minifutbolda gerçəkləşdiyini demək olar?

- Doğrudu, böyük futbolda arzularım gerçəkləşməmişdi. Çünki oynadığım vaxtda Azərbaycan millisinin formasını geyinmək istəyirdim. Ancaq buna nail olmamışdım. Şükürlər olsun ki, minifutbolda millimizin şərəfini qorudum və Avropa çempionu oldum. Mənim üçün bundan gözəl nəsə ola bilməz.

 

- Son zamanlar ölkəmizdə böyük futbol və minifutbol milliləri tez-tez müqayisə edilir. Səncə, sizinlə böyük futbol yığmasının əsas fərqi nədədir? Daha çox milli ruh, xarakter məsələsi qabardılır...

- Böyük futbola qarışmaq istəmirəm, bu, azarkeşlərin fikridi. Böyük futbol bir az çətindi. Ancaq düzgün vurğulayırsınız, milli ruh, xarakter məsələsi çox önəmlidi. Yaxşı olardı ki, böyük futbol yığmamızda da azərbaycanlılar oynasın, azərbaycanlı qardaşlarımız da bizim kimi nəticə verməyə köklənsinlər və nəticə versinlər. Çox arzulayıram ki, millimiz irəli getsin. Ən azından Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazansınlar. Allah qoysa, bu da baş verər.

 

- Gənc yaşlarında "Neftçi"nin qapısını qorumusan. Böyük futboldakı karyeranın istədiyin kimi alınmaması ilə razısan?

- Bəli, vaxtilə "Neftçi"də gənc yaşlarımda oynamışam. Amma deməzdim ki, böyük futbolda karyeram pis alınıb. Heç də peşman deyiləm, 200-ə yaxın oyun oynamışam. Allah necə istəyibsə, karyeram da elə olub.

 

- Qardaşın Natiq Kərimi də vaxtilə "Qarabağ"da oynayıb. Amma o futbolla erkən vidalaşdı. Onu minifutbola gətirmək fikrin var?

- Bəli, Natiq Kərimi qardaşımdı. "Qarabağ"da oynadıqdan sonra futbolçu karyerasını başa vurdu. Hazırda "Leon"da 2009-cu illərdən ibarət komandanın baş məşqçisidi. Minifutbola gətirmək deyəndə, onu Elşad müəllim bilər. Baş məşqçimiz odur, biz kimisə gətirmirik. Elşad müəllim özü görməsə, onu minifutbola cəlb etməz. Baş məşqçimizdə bir xasiyyət var ki, kiminsə qardaşıdı deyə baxmır, güclüdürsə onu da komandaya götürəcək.

 

 

- Ölkə prezidentdi də dediyi kimi, siz hobbi kimi baxırsınız bu idman növünə. Amma dövlətin qayğısından, bu idman növü ölkədə populyarlıq qazandıqdan sonra buna ciddi iş kimi baxmaq mümkündü? Yəni, bütün dolanışığınızı buradan təmin etməyiniz realdı?

- Bəli, ölkə başçımız düzgün vurğulamışdı ki, buna hobbi, ikinci iş kimi baxırdıq. Şükürlər olsun ki, prezidentimiz qəbul edəndə bizi, minifutbola federasiyasına da daha böyük diqqət ayıracağını bildirdi. Bu, bizi çox sevindirdi. Biz də buna ciddi iş kimi baxacağıq. Qarşıdan dünya çempionatı da gəlir. Hazırlaşacağıq k, mükafatçılar sırasına düşək.

 

- Avropa çempionatının ən yaxşı qapıçısı seçildiyin anda, Bolqarıstan klubunun səni istədiyi bildirildi. Hansı klubdu, minifutboldandı, böyük futboldandı?

- Bəli, belə söhbət var idi. Təbii ki, minifutbol komandalarından söhbət gedir. Amma söhbət axıra gedib çıxmayıb. Qismət olarsa, menecerlə görüşərik, bilərik söhbət nədir.

 

- Azərbaycan millisinin növbəti Avropa və dünya çempionatında yenidən eyni uğurları təkrarlaması alınacaq?

- Çalışacağıq ki, Azərbaycan növbəti dəfə Avropada bu uğuru təkrarlasın. Ən azından mükafatçılar sırasında olsun. Bunun üçün hər şeyi edəcəyik meydanda.

 

Mirbağırağa Cəfərli

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIV

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti