"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Sportal.az saytına müsahibə verib.
- Komanda bu gün toplanışa başlayır. Yəqin ki, hazırlıqlar "ASCO Arena"da olmayacaq..
- Bəli, bu gündən toplanışa başlayırıq. Yeni mövsümün hazırlıqları artıq start götürür. Çalışacağıq ki, yaxşı hazırlaşaq, bu dönəmi yaxşı keçək. Ümid edirəm ki, hər şey yaxşı alınacaq. Bəli, məşqlərimizi "ASCO Arena"da deyil, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçəcəyik.
- "ASCO Arena"nın ot örtüyündən ötən mövsüm hamı şikayət edirdi. Yəqin ki, yeni mövsümə yenilənmiş ot örtüyündə oynayacaqsınız?
- Bəli, "ASCO Arena"nın ot örtüyü dəyişilir, yenilənir. Hazırda orada işlər gedir. Yaxın vaxtlarda stadionun ot örtüyü hazır olacaq.
- Komanda təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Maraqlıdı, niyə Türkiyəni deyil, Gürcüstanı seçmisiz? Maliyyə ilə bağlı olan məsələdi?
- Gürcüstanı seçməyimiz heç də maliyyə ilə bağlı məsələ deyil. Türkiyəyə də gedə bilərdik. Seçimi biz edirdik. Qərara gəldik ki, Gürcüstana yollanaq. Çünki Gürcüstan çempionatı hazırda davam edir. Orada üç yoxlama görüşü keçirəcəyik. Doğrudu, rəqiblər hələ bəlli deyil. Amma Gürcüstana getməyimiz, sırf oyunlarla bağlıdı. Türkiyəyə də gedə bilərdik, amma sonda Gürcüstan variantı üzərində dayandıq.
- "Səbail"lə bir neçə legionerin adı hallanır. Demək olar ki, yeni mövsüm üçün daha iddialı və daha güclü heyət görəcəyik?
- Bəli, komandaya legionerlər dəvət edirik. Bəzilərilə danışıq aparırıq, bəzilərilə isə yaxın vaxtlarda rəsmi müqavilə imzalaya bilərik. Yəqin ki, 1-2 günə baş verəcək. Yerli futbolçularımız da var. Hansı ki, ötən mövsüm komandada oynayıblar. Onları da komandada saxladıq. Əksəriyyəti cavan futbolçulardı. Yeni oyunçular da dəvət etmək fikrimiz var komandaya. İstəyirik ki, yaxşı heyətimiz olsun və çempionata da yaxşı hazırlaşaq.
- "ÇSKA 1948"də oynamış Emil Martinov artıq Bakıya gəlib. Əvvəllər də "Səbail"də oynamış bolqar haqda fikriniz necədi?
- Emil Martinovun seçimi mənimlə bağlıdı. Biz onun "ÇSKA 1948" komandasındakı oyunlarını bu mövsüm izləmişik. Əvvəllər də Azərbaycanda oynayıb və futbolumuz barədə məlumatlıdı. Yəni ki, bizim çempionata bələd biridi. Ona təklif göndərmək istədik. Əslində, bir çox dayaq yarımmüdafiəçisinə baxmışdıq. Ancaq sonda Martinovun üzərində dayandıq. Təklifi göndərdik, o da qəbul etdi.
- Deyəsən, qapı mövqeyi Emil Balayevə etibar olunacaq. Onun qayıdışı nə vaxta planlaşdırılıb?
- Qapı xəttilə ilə bağlı məsələ belədi ki, biz yerli qapıçının olmasını istəyirik. Komandamızda cavan qolkiper Hüseynəli də var. Emil Balayevlə bağlı heç nə deyə bilmərəm. Çünki hələ heç nə dəqiqləşməyib, rəsmiləşməyib. Amma bircə onu açıqlaya bilərəm ki, iki qolkiperlə danışıq aparırıq. Baxaq, görək hansı alınacaq.
Mirbağırağa