Laurentsiu Reqekampf: "Konfrans Liqasında uğurlar qazanıb, irəliyə getmək istəyirik"

15:00 - 22 İyun 2022

"Neftçi"nin yeni baş məşqçisi  Laurentsiu Reqekampf mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az rumıniyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

 

- Rəhbərliyə, prezidentə, əməyi keçən insanlara təşəkkür edirəm ki, məni bura dəvət etdilər. Komanda ilə məşqlərə başlayırıq. Əminəm ki, hamımız birlikdə klubu layiq olan yerlərə çıxararıq. Konfrans Liqasında uğurlar qazanıb, irəliyə getmək istəyirik. Eyni zamanda daxili liqada titul üçün mübarizə aparacağıq. Bilirik ki, asan deyil. Həyatda asan heç nə yoxdu.

 

- Konfrans Liqasının startına az qalıb. Vaxtın az olması sizin işinizə nə dərəcədə mane olacaq?

- Bəli, komandanı hazırlamaq üçün az müddət var. Eyni zamanda da millinin oyunçuları var ki, hələ komandaya qoşulmayıblar. Bir neçə gün sonra komanda ilə bərabər olacaqlar. Digər oyunçulara gəldikdə, komandadadılar, məşqdədilər. İyulun 1-dən toplanışa başlayacağıq. Hamımız orada birlikdə olacağıq. Bura gəlməmişəm ki, vaxt baxımından şikayətlər edim. Vaxtla bağlı həmişə problem olub. Çünki zaman sürətli keçir. Biz komandanın hazırlığına başlayacağıq və əminəm ki, Konfrans Liqasının ilk oyununa kimi komanda hazır olacaq.

 

- Komandanın yerli qapıçılarından olan Rəşad Əzizli qalacaq, yoxsa legioner qapıçı gələcək?

- Bu mövzuda suallara cavab verə bilmərəm. Bu gündən etibarən istədiyimiz komandanı qurmaq istəyirik. Biz tərəfdən həm komanda, həm də yeni oyunçular haqda tez bir zamanda mesaj alacaqsınız. 

 

- "Neftçi" azarkeşləri komanda uduzduqdan sonra baş məşqçini istefaya səsləyirlər. Buna dözə biləcəksiz?

- Bu, mənim üçün problem deyil. Hər bir komandada həmişə təzyiq altında işləmişəm. Əlbəttə ki, onları yaxşı başa düşürəm. İstəyirlər ki, hər gələn məşqçi uğurlu nəticələr gətirsin. İstər avrokuboklarda, istərsə də yerli liqada. Azarkeşlərin təzyiqini motivasiya kimi qəbul edirəm. Bir də bundan oyunçularımı oyatmaq üçün istifadə edirəm. Düşünürəm ki, hər oyunda azarkeşlər yanımızda olacaq. Həm dəstək olsunlar bizə, həm də hər bir oyunda təzyiq yaratsınlar.

 

- Köməkçi məşqçilər arasında yerlilər olacaq? 

- Mənim bütün köməkçilərim buradadı. Əvəzedici heyətin baş məşqçisi ilə çox yaxın əməkdaşlıq edəcəm. Çünki, klubda hər bir gənc haqda məlumat toplamalıyam. Əgər biz qərar versək ki, məşqçi heyətimdə yerli məşqçi də işləməlidi, bu mövzuda heç bir problem yoxdu.

 

- Rumıniya mətbuat yazmışdı ki, aylıq 40 min avro qazanacaqsınız. Deyilənə görə, sizə görə xüsusi büdcə ayrılacaq...

- Düşünürəm ki, kontrakt klubla mənim aramda olan məsələdi. Heç yerdə bu haqda danışmamışam. Mətbuat həmişə belədir, maliyyə elə mövzudu ki, hamını maraqlandırır. Ona görə həqiqəti əks etdirməyən məqalələr dərc edirlər.

 

- Əvvəlki klublarda çox işləməmisiniz. Burada necə olacaq?

- Müqaviləm iki illikdi. Məcbur edə bilmərəm ki, klubun prezidenti mənimlə 5 illik müqavilə imzalasın. Necə olacağını Allah bilir.

 

- "Neftçi"dən təklif gələndə Mirça Redniklə söhbətiniz olub?

- Xeyr, ehtiyac duymadım ki, "Neftçi" haqda kimdənsə maraqlanım. Hər komandaya mənim öz baxış bucağım var. Əlbəttə ki, təklif aldıqdan sonra Bakıya gəldim və rəhbərliklə üzbəüz söhbət etdim, layihə haqda danışdıq, qərar verdim. Düşünürəm ki, "Neftçi" ölkədə ən tanınmış klubdu.

 

- Hansı taktiki sxemdən istifadə edəcəksiniz? 

- Fikrimcə, oynadığın hansı format yox, dinamika önəmlidi. Hücumameyilli futbol oynayacağıq. Mənim futbol fəlsəfəmə də bir şey var ki, komandam topa sahib olmalı, sürətli hərəkət edib, aqressiv oynamalıdı. Bir də kontakt futbolunu bəyənirəm. Qarşıdakı periodda bu amillərin üzərində çox işləyəcəyik. Oyun formatı haqda beynimdə olanlar çoxdu. Gəlin bunu sizə ilk rəsmi oyunla göstərim.

 

- Çempionatda limit barədə məlumatınız var yəqin ki.  7+4 sizə problem yaratmayacaq?

- Əlbəttə, lazımı mövqelərə xarici oyunçu gətirəcəyik ki, uğur qazanmaqda bizə kömək olsunlar. Eyni anda da yerli oyunçuların üzərində təzyiqlər çox olacaq. Onlar daha çox məşq edəcəklər, üzərilərində işləyəcəklər. İmkan yaranacaq ki, yaxşı oyunçularla birlikdə məşq etsinlər. Yerli futbolçular səviyyə baxımından inkişaf etmiş olacaq. Heç vaxt media önündə şikayətlənməyəcəm. Heç bir konfransda görməyəcəksiz ki, mən nədənsə şikayətlənirəm. Hakimlər haqda şikayətlənməyi xoşlamıram. Bəzən amma meydanın kənarında bunları unudursan, əsəbləşirsən. Çalışacam ki, öz oyunçularımı dəstəkləyim. Biz tərəfdən dəstək həmişə olacaq. Şikayət olduğu zaman bunu qapalı yerdə müzakirə edirəm.

 

- Azərbaycan Premyer Liqsı barədə məlumatınız var idi? Rumıniya və Azərbaycan çempionatını necə müqayisə edərdiz?

- Müqayisə etməyə ehtiyac yoxdu. Gəlməmişdən öncə kfiayət qədər məlumatım var idi Azərbaycan çempionatı haqda. Son illər ölkənin klubları Avropa Liqasında oynayıblar. Kifayət qədər məlumatım var.

 

- Rəhbərliklə hansı şərtlərlə razılaşdınız?

- Bayaq dediyim kimi, "Neftçi" ölkənin ən böyük klubudu. Klub Konfrans Liqasında oynayır, yaxşı heyəti var. Burada olduğuma görə şadam. Heç də hər şey pul deyil. İnanın ki, pul mövzusu olsaydı, bu gün burada olmayacaqdım.

 

- Yaşınız çox olmasa da, kifayət qədər klub dəyişmisiniz. Bəziləri bir il, bəziləri altı ay çəkib. Bu, müəyyən uğursuzluqlar nə ilə bağlı olub?

- Deməzdim ki, çox komanda dəyişməmişəm. Gözəl və böyük uğurlarım olub "Styaua"da. Çempionlar Liqasının yeni formatı dəyişdikdən sonra, ilk məşqçiyəm ki, onları qrupa daşımışam. İlk məşqçiyəm ki, komandanı qrup mərhələsindən çıxarıb, pely-off mərhələsinə çıxarmışıq. Orada da "Ayaks"ı keçmişik. Daha sonra "Əl Hilal"a getdim. Orada uğursuzluğum o oldu ki, yapon referi 4 təmiz penaltidən birini də vermədi. Sizə Asiya Çempionlar Liqasının finalından danışıram. Ardınca "Əl Vahda"ya keçdim və 3 titul qazandım. "Əl Vasl"a getməyim mənim cəhətdən yaxşı olmadı. Dostumun dəvətilə yollanmışdım ora. İki prezident gedən arasında gedən "müharibənin" qurbanı oldum. Sonra Rumıniyaya döndüm və "Universitetya Krayova"da çalışdım. Qarşıma qoyulan məqsəd komandanı Konfrans Liqasına çıxarmaq idi. Birinci il bu idi, ikinci il isə çempion olmalıydıq. Rəhbərlklı görüşdən sonra əmin oldum ki, qoyduqları şərtə, məqsədə uyğun dəstək olmayacaq və qərara aldım ki, klubdan ayrılım. Konfrans Liqasında oynayan komandanın baş məşqçisi olmağa layiqəm. Azərbaycana açıq ürəklə gəlmişəm ki, "Neftçi"nin baş məşqçisi olum. İnanıram ki, bu yolun sonunda uğur qazanacağıq.

 

- Avrokuboklarda qrup təcrübəsi olan məşqçisiz. "Neftçi"də belə məşqçiyə ehtiyac var idi. Komandanı "Aris"lə oyuna hazırlaya biləcəksiz?

- Söz verə bilərəm ki, bunu edim. Bu, mənim işimdi, həyatımın bir hissəsidi məşqçilik. Özümü hər gün hazırlayıram. Hətta onu da deyə bilərəm ki, bizim işdə işi hər zaman eyni yerdə qoruyub-saxlamaq asan deyil. Hər gün öz üzərində çalışmalı və hər çağırışa hazır olmalısan. Oxumalısan, bilməlisən ki, futbolda yenilillər nədən ibarətdi. Mənim üçün yalnız işdi. Bu da o demək deyil ki, hər zaman hazır olmalıyam.

 

- Son illərdə Azərbaycanda "Qarabağ"ın hegemonluğu var. "Qarabağ" haqda fikriniz necədi? Bu komanda ilə rəqabət apara biləcəksiz?

- Bəli, ötən mövsümün bütün oyunlarını izləmişəm. Hazırda bu mövzu haqda danışmaq istəmirəm. Mənim düşüncələrim var və klubun prezidenti, agentimlə danışmışam. Birlikdə komandanı daha da yaxşılaşdıracağıq. Çalışacağıq ki, komandanı bizi qane edən səviyyəyə çatdıraq ki, titul qazanaq. Bu, asan olmayacaq. Amma dediyim kimi həyatda asan heç nə yoxdu.

 

Mirbağırağa

Xəbər xətti