"Zirə" və "Qarabağ" klublarında uzun illər məşqçi kimi fəaliyyət göstərmiş şimali makedoniyalı mütəxəssis Borçe Xristov Sportal.az saytına müsahibə verib. O, işlədiyi hər iki klubun yeni mövsüm avrokuboklardakı şanslarını dəyərləndirib.
- "Zirə" Konfrans Liqasında "Makkabi" (Tel-Əviv) ilə qarşılaşacaq. Potensial rəqiblər arasında "Kayrat", BATE, "Dinamo"(Tbilisi) kimi klublar var idi. Komandanın bəxtinə ən çətin rəqibin düşdüyü fikrilə razısınız?
- Potensial rəqiblərin heç biri elə-belə komandalar deyildi. Orada Çempionlar Liqasında, avrokuboklarda qrup mərhələlərində oynamış klublar var idi. "Makkabi" də Çempionlar Liqasının qrup mərhələlərini görmüş komandadı. Rəqib çox güclüdü. İnanıram ki, yaxşı oyun olacaq və "Zirə" mərhələdə adlayacaq.
- "Zirə"nin "Makkabi"ni keçmək ehtimalını necə dəyərləndirirsiniz?
- "Makkabi" çox təcrübəli komandadı. Rəşad Sadıqovun onlar haqda dediyi sözləri oxumuşam. Təbii ki, çətin oyunlar olacaq. Amma ümid edirəm ki, "Zirə" növbəti mərhələyə adlayan tərəf olacaq.
- İlk oyun Bakıda keçiriləcək. Evdə hansı hesab şansları atıracaq?
- Format dəyişikliyindən sonra ilk oyunun evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi qalmayıb. Ona görə də fərqi yoxdu, ilk oyun Bakıdadı, ya Tel-Əvivdə. Hər iki matç vacib və çətin olacaq. "Zirə" - "Makkabi" cütünün taleyini bəzi nüanslar həll edəcək. "Zirə"yə bu oyunlarda uğurlar arzu edirəm. Sadəcə şans da yanlarında olmalıdı. Allah qoysa, mərhələni "Zirə" keçər.
- Çempionlar Liqasındakı təmsilçimiz olan "Qarabağ" isə "Lex"lə üz-üzə gələcək. Polşa klubu “Qarabağ” üçün çox güclü rəqibdi?
- “Qarabağ”ın “Lex”i keçmək şansı var. Amma təbii ki, potensial rəqiblər arasında ən çətini düşdü “Qarabağ”a. Polşa futbolu yaxşı səviyyədədi, orada çox yaxşı komandalar var, bu ölkədə futbol üçün gözəl imkanlar yaradılıb, əla da azarkeşlər var. “Qarabağ”a ən çətin rəqib düşdü. Amma mən onların təcrübəsinə inanıram. Onlar indiyə qədər Avropada çox yaxşı çıxış edib. Mənə görə “Qarabağ” cütün favoritdi.
- Patrik Andrade komandadan ayrıldı. Monteneqro millisinin üzvü Marko Yankoviç isə komandaya yeni dəvət edilib. Sizcə, komandanın güclənməsinə çox ehtiyacı var?
- Yankoviçi tanımıram. Amma "Qarabağ" onunla müqavilə imzalayıbsa, özü də Monteneqro milllisində çıxış edirsə, demək ki, yaxşı futbolçudu və komandaya kömək olacaq. Patrik Andradeyə gəlincə, nə demək etmək olar, futbol belədir də. Daim eyni futbolçuları komandada saxlamaq mümkün deyil. Çünki elə futbolçular var ki, inkişaf edir, artırır, başqa komandalara daha yaxşı şərtlərlə keçir. "Qarabağ"ın həmin mövqedə oynaya biləcək futbolçuları var. Məsələn, İsmayıl İbrahimlinin adını çəkə bilərəm. Sadəcə ona daha çox oyun vaxtı vermək olar. Özü də yüksək səviyyədə oynaya biləcəyini göstərib. Bəlkə də başqa futbolçu gələcək həmin mövqeyə. Hər halda "Qarabağ"da həmin mövqedə oynaya biləcək oyunçular var.
Mirbağırağa