"Sabah" bu ildən daha iddialıdı, medallar uğrunda mübarizə aparacaq" MÜSAHİBƏ

14:37 - 3 İyul 2022

"Sabah" futbol akademiyasının U-10, U-12, U-13, U-14, U-15, U-16 komandaları aşağı yaş qrupu üzrə ölkə çempionatında qızıl, U-11, U-19 komandaları isə bürünc medalları qazandı. Akademiyanın aşağı yaş qrupları üzrə əlaqələndiricisi, koordinatoru Təbriz Həsənovla uşaq komandalarının uğurları barədə danışdıq. 

 

- “Sabah”ın beş aşağı yaş qruplarından ibarət heyəti çempion olmağı bacardı. Kəmiyyət baxımından bütün klubları geridə qoya bilmisiz. Bəs keyfiyyət baxımından vəziyyət necədir?

-  Bəli, qazanılan 5 medal kəmiyyətcə başqa komandalardan üstündü. Bizə yaradılan şəraitin, məşqçilərimizin bilik-bacarıqları, gördükləri seleksiya işləri, komandamızda olan istedadlı, bacarıqlı futbolçuların keyfiyyəti nəticəsində bu uğurlar qazanıldı. Başqa komandaların da akademiyalarında işlər yaxşı gedir, onlar da öz işlərini gördülər. Bizim nəticələr sırf olaraq gördüyümüz işlərin nəticəsidi. Akademiyamızı digərlərindən keyfiyyət baxımından fərqləndirən bir neçə amil var. Bunlardan elə birincisi bizim sözün bütün mənalarında akademiyamızın olmasıdı. Regionlardan futbolçuları seçib gətiririk Bakıya. Onlar burada təhsil alırlar, qidalanırlar. Komandadakılar onların sağlamlığı ilə məşğul olurlar. Ən azından uşaqlara böyük qayğı göstəririk ki, gələcək üçün yaxşı futbolçu kimi yetişsinlər.

 

- Əsas komandadakı gənc oyunçuların çoxu başqa klublara icarəyə verilir, bundan əvvəl isə "Sabah" heyətində gənc oyunçuların çoxluğu ilə seçilirdi. Klubun hədəflərinin artması, gənclərin inkişafına mane olmayacaq ki? Hər halda, hədəflər artdıqca hər halda daha təcrübəli yerli və legionerlərə güvənməli olur baş məşqçi...

-  Təbii ki, "Sabah" ın əsas komandası bu ildən daha iddialıdı, medallar uğrunda mübarizə aparacaq. Çox yaxşı komanda formalaşdırılır. Bilirsiz ki, komandamızda gənc futbolçular çoxdu. Onların bir çoxu da aşağı yaş qruplarından ibarət yığmaların üzvüdü. Təbii ki, bu, sevindirici haldı. Dünyanın bütün top klublarında da belə praktika var ki, gənclər çoxdursa, onların inkişafını dayandırmamaq üçün onlar icarəyə verilir başqa komandalara. Məhz həmin komandalarda oynamaq şansları daha çox olur. Bu, normaldı. Ən azından həmin futbolçular digər klubların heyətində Premyer Liqada daha çox oynamaq şansı qazanacaq, ustalıq səviyyələrini, bacarıqlarını artıracaqlar. Ən azından bundan komandamız qazanacaq.

 

 

- Artıq neçə ildir ki, klub Xorvatiya praktikasından yararlanır. Bunun nəticələri nə vaxt özünü göstərəcək və sizcə, hər hansı qığılcımlar varmı artıq?

-  Xorvatiyanın ən adlı-sanlı və köklü klubu olan "Dinamo" ilə əməkdaşlıq edirik. Təbii ki, pandemiya səbəbindən çox planlar, işlər həyata keçirilə bilmədi. Böyük layihələrimiz, planlarımız var idi. Amma yenə də əməkdaşlığımız davam edir. Gələcəkdə daha çox, daha faydalı işlər görüləcək. Bizim komandanın və milli üzvləri də olan ən bacarıqlı iki futbolçumuz "Dinamo" nun toplanışında iştirak etdi. Baş koordinatorumuz Adino Mustedanaqiçdir. Xorvatlara bacarıqlı futbolçularımız haqda məlumat verdikdən sonra, onlar Zaqrebə yollanıb komanda ilə məşqə çıxdılar. Təbii ki, “Dinamo”da bunu qeyd edirlər. Onların orada hazırlaşması, uyğunlaşmasından asılı olaraq, ola bilsin ki, gələcəkdə kimlərisə seçdilər, orada qaldılar. Zaqrebdən də daha güclü ölkələrə çıxışları ola bildi. Bunlar hamısı planda var. Gələcəkdə bunun daha çox şahidi olacağıq.

 

- Əvvəlki illərdə akademiyanın komandaları xarici ölkələrdəki turnirlərə yollanırdı. Bu ənənənin dayanması nə ilə əlaqədardır?

- Pandemiya ilə əlaqədar olan məsələlərdi. Əvvəl "Neftçi", " Qarabağ", bizim komandalar da beynəlxalq yarışlara çox yollanırdı. Pandemiyadan sonra Avropada bir çox turnirlər dayandırıldı, dəvətlər gəlmədi. Amma biz akademiya olaraq ən azından qonşu ölkələrdə bir neçə turnirdə iştirak etdik. Tbilisidə, Batumidəki turnirlərdə iştirak etdik. Hətta qalib də olduq. Bu işləri geniş də olmasa, davam etdiririk. Bir-iki dəvətimiz var. Düşünürəm ki, yaxın aylarda bunları dəyərləndirəcəyik. Avqust-sentyabr aylarında turnirlər olmalıdı və iştirak edə bilərik. Mənə elə gəlir ki, yavaş-yavaş ənənə qayıdır. Bir çox turnirlərdə də biz və digər akademiyaların komandaları iştirak edəcək. 

 

- "Sabah" futbol akademiyasının bazası əsasən “Vətən” futbol məktəbindəki uşaqlar sayəsində formalaşıb. İndi bu istiqamətdə əməkdaşlıq hansı formada davam etdirilir? Tərəflər arasında hansı şərtlər əsasında əməkdaşlıq edirsiniz?

- Özünüz bilirsiz ki, "Sabah" futbol akademiyası "Vətən" futbol məktəbinin bünövrəsi üzərində qurulub. Təbii ki, o gündən işbirliyi və yaxın əlaqələr var. "Vətən"in U-15-ə qədər uşaq komandaları var, ondan o tərəfə yoxdu. "Sabah"ın isə bütün yaş qrupları mövcuddu. "Vətən" də özünü göstərən və komandaya uyğun olan futbolçular “Sabah”a cəlb edilir, burada inkişaf etdirilir. Son zamanlarda getdiyimiz turnirlərdə də "Sabah" futbok akademiyası və "Vətən" futbol məktəbi turnirlərdə qoşa iştirak edirlər. Təbii ki, hərə öz adı ilə çıxış edir, öz oyunu, öz nəticəsi var. Əməkdaşlığımız çox sıx işbirliyi ilə əlaqədardı. "Vətən"də ən yaxşılar "Sabah"a cəlb edilir.

 

 

- İndiyədək akademiya komandaları, əsas və əvəzedici heyət müxtəlif stadionlarda məşq edirdilər. “ASK Arena”dan vahid baza kimi istifadə olunacaq, yoxsa əvvəlki kimi komandalar oyunlara müxtəlif məkanlarda hazırlaşacaqlar?

- Bəli, belə məlumat var. Bu ildən "ASK Arena" ilə müqavilə imzalanmalıdı. Təbii  ki, alınsa, çox yaxşı olacaq. Artıq bizim bütün yaş qruplarından ibarət komandalarımız hamısı bir stadionda məşqlərini keçib, oyunlarını oynayacaqlar. Bu, həm biz, həm də rəhbərlik üçün rahat olacaq. Allah qoysa, alınar. Yaxın günlərdə məlum olmalıdı. Təbii ki, bu, sevindirici haldı, işimizin daha da keyfiyyətli və daha uğurlu alınması üçün çox gözəl layihədi.

 

- Aşağı yaş qruplarında müxtəlif komandalarınız ölkə xaricinə yollandı, daha çox Gürcüstandakı turnirlərdə iştirak etdiniz. Yeni ildən necə, Avropaya daha mərkəzi ölkələrə hər hansı turnirlərə göndərilmək kimi planınız varmı?

- Bəli, bayaq dediyim kimi, Gürcüstana getdik-gəldik, turnirlərdə iştirak etdik. Yaxın gələcəkdə planlar var ki, Avropaya turnirə gedək. Yəqin ki, iştirak edəcəyik. Pandemiya ilə bağlı qadalar ləğv olandan sonra turnirlər çoxalacaq. Çünki bu, vacib məsələlərdi. Uşaq komandaları beynəlxalq oyunlara nə qədər çox getsə, çox iştirak etsə, inkişaf bir o qədər sürətli gedəcək. Avropa futbolunu görüb tez öyrəşəcəklər hər şeyə. Bu da, inkişaf üçün vacibdi.

 

- Bir neçə ildən sonra A millinin özəyini “Sabah” akademiyasından çıxan uşaqların təşkil edəcəyini ehtimal edirsiz? Hər halda aşağı yaş qruplarında çox komandalarınız çempion olur...

- Təbii ki, aşağı yaş qruplarında komandalarımız çempionluq sayında  hamını üstələyib. Amma bizim işimiz çempion olmaq deyil. Heç bir məşqçinin qarşısına çempion olmaq vəzifəsi qoymuruq. Amma çempion olmaq özü də qürurverici hissdi. Futbolçuların özlərində qələbə əzmi yaranır, qələbə ruhunda böyüyürlər. Bu da gələcəkdə futbolçu kimi böyümələri üçün əsl stimuldu. Onların hamısı yaxşı, keyfiyyətli oyunun nəticəsində çempion olublar. Hazırda da aşağı yaş qruplarından ibarət millilərdə bir çox futbolçumuz var. Əsas işlərimizdən biri də odur ki, milli komandamıza yaxşı oyunçular yetişdirək. Millimiz də ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etsin. Düşünürük ki, bu gedişlə “Sabah”ın əsas komandasında və A millimizdə bir çox öz yetirməmiz oynayacaq.

 

- Daha bir neçə klubla əməkdaşlıq edib, uşaqları təcrübə üçün həmin klublara göndərmək planınız varmı?

- Əməkdaşlığımızı “Dinamo” ilə qurmuşuq. Gələcəkdə bir çox şeylər ola bilər. Hələ ki, o barədə bir şey yoxdu. Hansısa Avropa klubu ilə əməkdaşlıq da ola bilər. Hazırda “Dinamo” ilə davam edirik əməkdaşlığa. Hər hansı yaxşı komanda hansısa futbolçumuzu istəsə, buna canla-başla qarşılıq verərik. Çünki hər bir futbol akademiyasının arzusudur ki, futbolçusu dünya səviyyəli klublarda çıxış etsin. Belə bir şey olsa, təbii ki, maneə yaratmarıq. Dəvət olsa, futbolçularımızı göndərəcəyik həmin komandalara. Bu dəqiqə üçün isə “Dinamo” ilə əməkdaşlığımız davam edir.

 

 

Mirbağırağa Cəfərli

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI I

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti