"Böyük futboldakı klublarımızın hər birinin çimərlik komandası yaransaydı, Azərbaycanda çimərlik futboluna təkan olardı"

16:52 - 9 İyul 2022

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avroliqanın seçmə mərhələsində Almaniya, İtaliya və İspaniya ilə eyni qrupda yer almışdı. Millimiz Almaniyaya qalib gələrək Superfinala vəsiqə qazanmağı bacardı. Böyük futbol yığmamızdan fərqli olaraq, çimərlik futbolu üzrə millimiz daim uğurlu çıxışları ilə yadda qalıb. Həm də çimərlik futbolu üzrə yığmamız Canni De Byazinin rəhbərlik etdiyi kollektivdən fərqli olaraq, Avropada sayılıb-seçilən, təhlükəli komanda kimi qəbul olunur. Millimizin son turnirdəki uğurlu çıxışı ilə bağlı komandanın baş məşqçisi Zeynal Zeynalovla danışdıq. Vaxtilə böyük futbol və çimərlik futbolu üzrə Azərbaycan millisinin futbolçusu olmuş gənc mütəxəssis, həm millinin Superfinala vəsiqə qazanmasından, həm də çimərlik futbolunun çətinliyindən söhbət açıb.

- Azərbaycan millisinin işlərinin yaxşı getdiyini söyləmək olar? Portuqaliyada keçirilən görüşlər millimiz üçün necə alındı?
- Portuqaliyadakı turnir barədə yaxşı fikirlər söyləmək olar. Çünki turnir bizim üçün uğurlu keçdi. Əsas məqsədimiz Superfinala vəsiqə qazanmaq idi ki, Almaniya məğlub edərək vəsiqə təmin etdik. İtaliya və İspaniyaya qarşı da yaxşı oynadıq, uşaqlar özlərini yaxşı tərəfdən göstərdi. Əsas odur ki, istədiyimiz nəticəni orada qazandıq.

- İtaliya və İspaniya ilə matçda komanda özünü necə göstərdi? Sizcə, həmin görüşlərdə rəqiblər bizdən çox güclü idi?
-  Hamı bilir ki, İtaliya və İspaniya Avropanın ən sayılıb-seçilən komandalarıdı. Həqiqətən də çətin rəqiblərdi. Həmişə də onlar yüksək yerlər uğrunda oynayırlar. Təbii ki, onlara qarş oynamaq çətin idi. Amma mən həmişə komandanı oyuna qələbə üçün hazırlayıram. İtaliya ilə görüş turnirdəki birinci oyunumuz idi deyə, bizim üçün çətin keçdi. Düzü, bu matçda komandadan istədiyimi ala bilmədim. Amma İspaniya ilə matçda komanda çox əla oynadı, futbolçular özünü ən yaxşı tərəfdən göstərdi. Bilirsiz, İspaniya Avropa çempionudu. Bu görüşdə uşaqlardan artıqlaması ilə razı qaldım. Düzdü, uduzduq. Amma məğlubiyyətə baxmayaraq, futbolçularımda inkişaf gördüm, qorxmadılar, futbol oynadılar. Dediklərimi meydanda yerinə yetirdilər. Ona görə də İspaniyaya qarşı da çox yaxşı oynadığımızı deyə bilərəm.



 

- Azərbaycan millisi cəmi bir oyunda qalib gəlsə də, Superfinala vəsiqə qazanmağı bacardı. Almaniya üzərində qazanılan qələbəni necə yadda qaldı?
- Almaniya üzərindəki qələbəni yüksək dəyərləndirirəm. Çünki həmin qələbə bizi Superfinala çıxardı. Həmin oyunun əhəmiyyəti çox böyük idi. Uşaqlar da bunu yaxşı bilirdi, oyuna çox yaxşı köklənmişdi. Əsas rəqiblərimizdən biri Almaniya idi. Şükür Allaha, qalib gəldik, Superfinala vəsiqə qazana bildik.

- Azərbaycanda çimərlik futbolu üzrə U-21 yığması da yaradılıb. Bu, kimin fikri idi? U-21 yığmasının fəaliyyət göstərməsi A milliyə kömək olacaq?
- U-21 yığmasının ərsəyə gəlməsi bizim fikrimizdi, məşqçilər korpusunun. Hələ bir yaş qrupunun da olmasını istəyirik, amma hələ ki, alınmır. U-21 yığmamızın olması da sevindiricidi. Bu, əsas millimiz üçün böyük dəstəkdi. Çünki 21 yaş böyük futbola addım atılan vaxtlardı. Çimərlik futbolundan söhbət gedir. U-21 yığmamızda 2-3 nəfər var ki, onları gözaltı etmişik, gələcəkdə onlardan istifadə etmək istəyəcəyik. Həmin futbolçuları A milliyə cəlb edəcəyik. U-21 yığmasında da məşqçilər işləyir, uşaqları hazırlayırlar. Bu komandanın olması A millimiz üçün böyük köməkdi.



 
- Ümumiyyətlə, Azərbaycanda çimərlik futbolunun hazırki durumunu necə dəyərləndirirsiniz? Çimərlik futbolunda pul olmadığına görə, futbolçuları da yəqin ki, bura cəlb etmək çətindi?
- Bəli, çimərlik futbolunda bir az çətinliklər var. Çempionatın olmaması çətinlik yaradır, futbolçu qıtlığı var, seçimlər məhduddu. Bu sarıdan çətinliklərimiz çoxdu. Buna baxmayaraq, çalışırıq, əlimizdən gələni edirik ki, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edək, bayrağımızı yüksəklərə qaldıraq.




 - Azərbaycanda çimərlik futbolu üzrə ölkə çempionatı keçirilmir. Bunun səbəbini bilirsiniz? Liqanın keçirilməməsi çimərlik futbolunun ölkəmizdəki inkişafına yəqin ki, mənfi təsir edir böyükdü? Sizcə, böyük futbolda Premyer Liqada çıxış edən klubların çimərlik futbolu komandası yaratması çıxış yolu olmazdı?
-
Çimərlik futbolu üzrə çempionatımızın keçirilməməsi bizə çətinlik yaradır. Biz də istəyərdik ki, Premyer Liqada iştirak edən klubların çimərlik futbolu üzrə də komandası yaransın. Bu, bizim üçün böyük təkan olardı. Futbolçu seçimi, çempionat baxımından imkanlarımız da geniş olar. Ölkə çempionatı keçiriləndə, futbolçular oyun praktikası qazanır, inkişaf edir. Futbolçu hər an oyunlara hazır olur. Bu mənada, Azərbaycan çempionatının keçirilməməsi böyük problemdi. Komanda yoxdur deyə, çempionat da keçirə bilmirik. Böyük futboldakı klublarımızın hər birinin çimərlik komandası yaransaydı, Azərbaycanda çimərlik futboluna təkan olardı. 

- Uzun müddətdir ki, artıq çimərlik futbolunda çalışırsız. Özünüz də karyeranızı futbolçu kimi çimərlik millisində davam etdirmişdiniz. Niyə məhz çimərlik futbolunu seçdiniz? Böyük futbolda çalışmağı heç düşünmüsüz, yoxsa məşqçi karyeranızı artıq birdəfəlik çimərlik futbolunda qurmusunuz?
- Futbolu bitirəndə mənə çimərlik futbolundan təklif gəldi. Fikirləşmədən də qəbul etdim. Hələ ki, burada işləyirəm. Böyük futboldan isə təkliflərim yoxdu. Əgər təklif gəlsə, o haqda da fikirləşmək olar. Ancaq hazırda çimərlik futbolundayam və bura üçün çalışıram. Əlimdən gələni edirəm ki, çimərlik futbolumuzu yüksəklərə qaldırım.

- Siz, böyük futbolda da əsas millidə çıxış etmisiz. Futbolçu karyeranız istədiyiniz kimi alınmışdı? Hər halda əsas millidə də oynamışdınız...
- Karyeramdan narazı deyiləm. Amma daha da çox şey edə bilərdim. Hər halda qismət belə imiş. 

- Azərbaycan millisi çox tənqid olunur. O vaxtki milli ilə indiki arasında hansı fərqlər var? İndi güclüdü millidi, yoxsa o vaxtı daha güclüydü?
- Milli komanda həmişə tənqid olunur. Bizim vaxtımızda da, indiki vaxtda da. Komanda udanda hamı tərifləyir, uduzanda isə tənqid olunur. Bu, futbolun reallığıdı. Həmişə belə olub, bu cür də davam edəcək.


 - Maraqlı məqamlardan biri də odur ki, yalnız azərbaycanlılardan ibarət mini-futbol yığması və çimərlik millisi uğurlu nəticələr qazana bilir. Amma böyük futbol yığmamızda uğurlu nəticə yoxdu. Ola bilər ki, digər millilərimizdə olan xarakter, milli ruh, böyük futbol millisində yoxdu, yoxsa nə ilə əlaqələndirirsiniz bunu?
-
Bəli, bizim komandada legioner yoxdu, yalnız azərbaycanlı futbolçular oynayır. Mən həmişə onun tərəfdarı olmuşam ki, milli komandada yerli futbolçular oynamalıdı. Fikrimcə, yerli futbolçunun millidə göstərdiyi mübarizəni, istəyi, döyüşkənliyi "gəlmə" futbolçu etmir. Etmir, ya da alınmır. Ona görə də Azərbaycan millisində hər zaman yalnız yerli futbolçuların oynamasının tərəfdarı olmuşam. 

- Çimərlik futbolunda oynayanların çoxu deyir ki, çimərlik futbolunda oynamaq daha ağırdı, nəinki böyük futbol. Sizin fikriniz necədi? Bu iki futbol arasında hansı fərqlər var?
- Çimərlik futbolunu oynamaq çox ağırdı. Fərqlər isə çoxdu. Elə meydança fərqini dərhal deyə bilərəm. Daha sonra, burada ayaqyalın oynayırsan, qumda qaçırsan, fiziki baxımdan daha güclü olmalısan. Texnikada da daha üstün olmaq lazımdı, çünki əsasən hava ötürmələrilə oynanılır bu oyun. Spesifik futboldu, qayçı zərbələri, aşırma zərbələr çoxdu çimərlik futbolunda. Tam fərqli futbollardı. Çimərlik futbolu digər futbollara baxanda ən çətinidi.

Mirbağırağa Cəfərli

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI II


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 



Xəbər xətti