"Azərbaycanda tennisin vəziyyəti daha da yaxşı ola bilərdi" - MÜSAHİBƏ

16:16 - 31 İyul 2022

Bu dəfəki layihəmiz ölkəmizdə idman növləri içərisində məşhurluğu daha az olan tennislə bağlı olacaq. Tarixən zadəgan idmanı kimi nüfuz qazanmış bu növdə ölkəmizdə federasiyanın fəaliyyəti 30 ilə yaxın müddəti aşsa da, nəticələr, əldə olunanlar düşündürücüdür.

Tennis dünyada sevilən idman növlərindən biridi. Ölkəmizdə də tennisin azarkeşi az deyil. Amma təəssüflər olsun ki, bu idman növündə uğurlarımız o qədər də çox deyil.

Buna baxmayaraq, ölkəmizdə də tennislə məşğul olanlar da var. Həmin insanlardan biri milli komandamızın kapitanı Tələt Rəhimovdu. Bu dəfə məhz onunla danışdıq.

- Öncə, özünüz barədə məlumat verərdiniz...
- Rəhimov Tələt Rüstəm oğlu. 1984-cü ildə anadan olmuşam. 

- Tennislə nə vaxtdan məşğul olursunuz? 
- Lap uşaqlıqdan tennislə məşğulam. Daha dəqiq desəm, 9 yaşımdan bu idman növündəyəm. İndiyə qədər də tennisin sirrlərini öyrədirəm insanlara. Milli komandamızın heyətində müxtəlif beynəlxalq turnirlərdə iştirak etmişəm. Daim əlimdən gələni edirəm.



- İndiyə qədər tennisdən gəlir əldə etmisiz, yoxsa yalnız elə hobbi kimi məşğul olursuz?
- Özünüz də bilirsiz, bu idman növündə müxtəlif mükafatlar var. Təbii ki, indiyə qədər müxtəlif turnirlərdən gəlirim də olub.



- Azərbaycanda tennisin durumu nə yerdədi? Sizcə, daha da yaxşı ola bilərdi?
- Durumu barədə nə deyim? Təbii ki, tennisin vəziyyəti daha da yaxşı ola bilərdi.



- Bəs, Azərbaycanda tennisin inkişafı mümkündü? Bəzi insanlar fikirləşir ki, tennis ölkəsi olmadığımız üçün nəticə aşağıdı. Bu, düzgün yanaşmadı?
- Xeyr, bu, düzgün yanaşma deyil. Tennis ölkəsi olmaya bilərik, ancaq bizim çox tanınmış raketka ustalarımız olub. Bunlar arasında Serge Lihacov, Emin Ağayevin adını çəkə bilərəm. Hazırda da isə onların davamçıları - Tamerlan Əzizov, Kənan Qasımov kimi idmançılarımız var. Yəni idmançılarımız yenə də var.



- Bu yaxınlarda paytaxtımızda keçirilmiş Deyvis kubokunda millimiz yarımfinalda San-Marinoya məğlub oldu. Nəyə görə daha yaxşı nəticə göstərə bilmədik?
- Əslində, bunu pis nəticə saymaq olmaz. Deyvis kubokunda oynamaq tamam başqa həyəcandı. Bu kubokda fərdi yox, ölkəmizi, bayrağımızı təmsil edirik. Ona görə də nəticəni pis olduğunu hesab etmirəm.

- Öz hədəfləriniz nədən ibarətdi?
- Təbii ki, hədəflərim var. Bunlardan ən başlıcası isə ölkəmizdə tennisin inkişafı üçün çalışmaqdı. Buna da davam edəcəm. 



- Bu, mümkündü?
- Bəli, çox inandırcıdı. Sadəcə olaraq, bunun üçün çox çalışmaq lazımdı. Sıfırdan başlamaq, uşaq tennisinə böyük marağı artırmaq lazımdı. Ölkəmizdə insanlar arasında tennisə çox böyük maraq var. Sadəcə olaraq, bu, həvəskar səviyyədədi. Yəni, tennislə məşğul olanlar, məşğul olmaq istəyənlər az deyil.

- Federasiya ölkəmizdə tennis üçün hansı işləri görür? Hər halda ölkəmizdə tennis akademiyası var. Bunun ölkə tennisinə təsiri nə qədərdi?
- Bunu federasiyanın özündən maraqlansanız, daha yaxşı olar. Məncə, çox çətin sualdı. Dediyim kimi tennisin inkişafı üçün əlimdən gələni edirəm.

Mirbağırağa Cəfərli

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI V

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti