Miniqolfun müstəqil idman növü kimi inkişafı rəsmi olaraq 1953-cü ildə isveçrəli memar Paul Bonqininin adı ilə göstərilir. Çünki o, Bonqini ilk müasir miniqolf meydançasını tikib, miniqolf adını patentləşdirilmişdi. Avropada sürətlə yayılmağa başlanılan bu idman növü digər qitələrdə də tanınır.
Bütün idman növlərində olduğu kimi, miniqolf da böyük beynəlxalq turnirlərə ev sahibliyi edir. Onlardan ən mühümləri Gənclərin Millətlər Kuboku, Gənclərin dünya çempionatı, Avropa Çempionatı, Avropa kuboku, dünya çempionatıdı.
Azərbaycanda hələ ki, bu idman növünün federasiyası yoxdu. Əslində, bu idman növü uşaqlar arasında daha çox geniş marağa sahibdi. Avropada artıq bu idman növü yavaş-yavaş daha inkişaf etməyə başladığı vaxtda, ölkəmizdə də bu idman növünün inkişafına çalışanlar da var. Azərbaycanda miniqolfun inkişafı ilə məşğul olan, həm uşaqlar, həm də böyüklər üçün xüsusi dərslər verən Sahib Məmmədovdu.
- Öncə özünüz barədə məlumat verərdiniz. Necə ildir ki, miniqolfla məşğulsuz?
- Mən, Sahib Məmmədov, 1985-ci ilin noyabrında anadan olmuşam. Elə uşaq vaxtlarından indiyə kimi idmana böyük marağım olub. Qolfa marağım isə daha yüksək idi. Dünyanın ən gözəl, bahalı idman növü olduğuna görə bu idman növünü sevmişəm. 2016-cı ildən miniqolfla məşğul olmağa başlamışam.
- İndiyə qədər hansı turnirləri keçirmisiz?
- Ölkəmizdə rəsmi olaraq hələ miniqolf yarışları yoxdu. Ancaq böyük qolfda ilk dəfə Azərbaycanda 2016-cı ildə yarış olmuşdu və ona qatılmışdım. Amma dediyim kimi, təəssüf ki, miniqolf yarışları hələ ki, keçirilmir.
- Ölkəmizdə miniqolfun fəaliyyəti hansı yerdədi?
- 2016-cı ildən uşaqlara miniqolf dərsləri verirəm, gənclərdə bu idman maraq oyatmağa çalışıram, onları maarifləndirirəm. İnanırsınız, ölkəmizdə miniqolfu sevənlər o qədər çoxdur. Çünki qolf və miniqolf paralel olaraq bir-birini tamamlayır. Əsas oyunda son vuruşu miniqolf kimi tamamlayırlar. Yəni topu quyucuğa daxil edəndə oyun bitmiş hesab edilir.
- Uşaqlarla miniqolf dərslərilə harada məşğul olursunuz?
- Miniqolf və qolfu məktəblərdə, universitetlərdə o cümlədən də fərdi kurslarda idman dərslərinə əlavə etmək olar. Mən hazırda uşaq bağçalarında miniqolf dərsi keçirəm. Uşaqlar çox sevir. Bayaq adını çəkdiyim yerlərdə də olarsa, super alınardı. Gənclər, uşaqlar da onda daha da yaxından bu idman növünü tanıyar və daha çox sevərdi. Həm də tez inkişaf gedərdi.
- Qolfla miniqol arasında hansı fərqlər var?
- Fərq deməzdim. Böyük qolf və miniqolf paralel idman növüdü. Yəni, böyük qolfda birinci zərbəni endirirsən və daha sonra onu yaxın məsafədən quyucuğa daxil etmək lazımdı. Oyunu bitirmək üçün gərək yaxşı miniqolfçu olasan. Gərək miniqolfu da öyrənəsən ki, qolfda atışını uğurla bitirəsən.
- Ölkə xaricində hansısa turnirlərdə iştirak etmisiz?
- Bəli, turnirlər keçirmək mümkündü. Avropanın bəzi ölkələrində, bizə yaxın Türkiyədə, Rusiyada yarışlar keçirilir. Ölkəmizdə qolf federasiyası var, amma təəssüf ki, miniqolf federasiyası hələ yoxdu. Ona görə də biz də həmin yarışlara gedə bilmirik. Amma öz hesabımıza gedə bilərik. Miniqolf yarışları var, yüksək səviyyədə keçirilir.
- Ümumiyyətlə, Azərbaycanda miniqolfa marağı necə yüksəltmək olar?
- Azərbaycanda miniqolfu populyar etmək üçün öncə parklarda, bir çox yerlərdə, məktəblərdə miniqolf olmalıdı. Ki, gənclər bunu sevsin, maraq göstərsin. Mən özüm ölkəmizdə buna çalışıram. Gənclərə, uşaqlara öyrədirəm, onları miniqolfa həvəsləndirirəm. Ona görə də Qolf federasiyası məni ilin ən yaxşı səviyyəli müəllimi sertifikatı ilə mükafatlandırdı. Mənim də "OfficialLevel1Golfcertifiedinstructor". "EuropeanSNAGLevel 2Golfinstructor" sertifikatlarım var.
- Miniqolf insanların həyatında hansı yeri tuta bilər?
- Qolf və miniqolfla hər kəs məşğul ola bilər. Bu, həm də Olimpiya idman növüdü. Gənclərin və iş adamlarının asudə vaxtını rahat keçirməsi üçün də yaxşı idman növüdü. Bir neçə insan tanıyıram ki, öz bağlarında miniqolf sahəsi var. Bu o deməkdir ki, insanlar miniqolfu sevir, maraq göstərir. Ümid edirəm ki, oxucularımız bizim miniqolf və qolf haqda dediklərimizdən sonra bu idmana daha da maraq göstərəcək.
- Yeri gəlmişkən, miniqolf federasiyasını yaratmaq üçün hansısa işlər görürsüz?
- Hər bir idmançının məqsədi var. Mən də bu idman növündə gələcəkdə federasiya yaratmaq üçün çox işlər görürəm. Yaxın illərdə federasiyamız da olacaq. Həm fərdi, həm də özəl məktəblərdə yay düşərgələrində, liseylərdə özəl dərslər veriririk. Kimsə istəyəndə həm satışını edirik, həm də dərsini keçirik. Müsbət cəhətimiz odur ki, elə satışını edib, maarifləndiririk.
Mirbağırağa
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI VII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi