Bu dəfə oxucularımızı trikinq idman növü barədə məlumatlandırmağa çalışacağıq. Nisbətən yeni idman növü olan trikinq özündə döyüş sənəti, gimnastika, taekvando, kunq-fu, kapoeyra, breykdansı birləşdirir. Trikinq daha çox “döyüş sənəti fəndləri” mənasını verir. 1960-cı ildən başlayaraq ABŞ-da döyüş sənətinə yeni texnikalar əlavə edilməyə başlanılmışdı. Məhz trikinq də daha çox dəbdə idi. Erni Reyes, Mike Çaturantabut, Daniel Sterlinq, Matt Emiq, Kris Devera, Stiv Terada, Con Valeranın adı bu idman növünün inkişafında daha çox çəkilir.
Bir çox idman növlərindən fərqli olaraq, trikinqin heç bir qaydası yoxdur və idmançılar istənilən dinamik hərəkəti yerinə yetirməkdə sərbəstdi. Burada müəyyən saltolar, havada dönmələr həyata keçirilir. Dünyada daha çox dəbdə olan bu idman növü ilə Azərbaycanda da məşğul olanlar az deyil. Onlardan biri də Cəbrayıl Məmmədlidi. Hazırda Türkiyədə elə trikinqlə məşğul olan və məşqçilik edən azərbaycanlı mövzu barədə danışıb.
- Öncə özünüz barədə məlumat verərdiniz. Nə vaxtdan bu idman növü ilə məşğul olursunuz?
-
2008-ci ildən trikinq idman növü ilə məşğulam. Bu yöndə də fəaliyyətimi davam etdirirəm. İlk onu deyə bilərəm ki, trikinq çox maraqlıdı. Hazırda Türkiyədə yaşayıram.
- Öz işinizlə bağlı Türkiyədə fəaliyyət göstərirsiniz?
-
Bəli, Türkiyədə elə bu idman növü ilə məşğulam. Həm də məşqlər keçirəm. Deyərdim ki, Azərbaycanla müqayisədə Türkiyədə bu idman növü daha çox inkişaf edib. Maraqlananlar, məşğul olanlar çoxdu.
- Ümumiyyətlə, necə alındı ki, bu idman növü ilə məşğul olmağa başladınız?
-
Trikinq idman növünə gəlməmişdən qabaq gimnastika və taekvando ilə məşğul olmuşam. Bir dəfə internetdə araşdırma aparırdım, gördüm ki, gimnastika ilə taekvandonun birləşməsindən yaranan trekinq idman növü var. Mən də ondan sonra bu idman növü ilə məşğul olmağa başladım.
- Azərbaycanda bu idman növünün yaranması neçənci ilə təsadüf edir? Trikinqin ölkəmizdəki inkişafı necədi, maraqlananlar var?
-
Azərbaycanda bu idman növü 2009-cu ildən fəaliyyətə başlayıb. Klubu da var və yaradıcısı Elçin Mürsəlovdu. Biz bir kollektiv olaraq klubu yaratmışdıq. 2009-cu ildən bu yana artıq fəaliyyət göstərir. Əlbəttə ki, Azərbaycanın özündə bu idman növü ilə maraqlananlar az deyil. Zallar var və idman məşqləri davam edir.
- Ümumiyyətlə, trikinq təhlükəli idman növlərindən hesab edilir. İndiyə qədər yəqin ki, çox zədə almısınız...
-
Bəli, trikinq digər idmanlardan çox fərqlənir. Bu, çətinliyə görədi. Trikinq bir neçə idman növünün birləşməsi olduğuna görə daha çox çətindi. İrəliyə, geriyə saltolar vuranda, yaxud da ayaq zərbələrini öyrəndiyimiz zaman mütləq ki, yıxılırıq, zədələnirik. Burada zədələr qaçılmazdı. Ancaq şəraiti olan, zədəni minimuma endirəcək zallarda bu idman növü ilə məşğul olmaq daha məqsədəuyğundu. Bu zaman həm zədələr minimuma enir, həm də daha rahat olur.
- Daha çox hansı zədələr baş verir?
-
Bəli, dediyim kimi zədələr qaçılmazdı. Daha çox ayaq, qol biləkləri, bel və ayaqlar zədələnir. Ancaq düzgün proqramı seçib, məşqçinin nəzarəti altında çalışsanız zədələr minimuma enir. Bəzən heç zədə almırsan demək istəyərdim, amma o da mümkün deyil. Hər idman növündə olduğu kimi bura da da zədələnmək olur.
- İnsanlarda bu idman növünə maraq yaradan nədir?
- Trikinqin digər idmanlardan fərqi odur ki, burada balans olur. Bütün bədəni idarəetmə texnikası var. Yəni, karatedəki kimi təkcə ayaqlar deyil, həm də akrobatik hərəkətləri yerinə yetirilir. Ümumilikdə hərəkətlər daha çoxdu, havada dönmələr edirsən, saltolar vurmaq imkanın var. Ancaq trikinqlə məşğul olmamışdan öncə, mütləq məşqçiyə müraciət etmək lazımdı. Üstəlik zədələrdən qorunmaq üçün şəraiti olan zala ehtiyac var.
- Bu idman növünün Bakıda yarışlarını təşkil etmisiz?
- Əlbəttə. Azərbaycanda bir neçə yarışlar olub. Deyim də, 10-dan çox çempionat təşkil etmişik. Ölkə xaricində də yarışlar daim keçirilir. Xaricdəki yarışlara da getmişik, ölkəmizi təmsil etmişik. Trikinq Azərbaycanda yetərincə inkişaf edib. Təbii ki, buna davam etmək lazımdı. Çünki maraqlı idman növüdü. Özündə bir neçə idman növünü birləşdirməsi trikinqi daha da cəlbedici edir.
- Bəs, bu idman növündən gəlir əldə etmək mümkündü?
-
Gəlir nə mənada deyirsiz? Əgər, idman müəllimi kimi fəaliyyət göstərsiniz, məşq keçsəniz, təbii ki, bunu pulsuz etməyəcəksiz. Qarşılığını alacaqsınız. Yaxud da hansısa reklam, film, kino çəkilişləri üçün müraciətlər olanda, bu da pulsuz deyil. Yəni istənilən halda, gəliriniz gəlir.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XI
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi