Dünya futbolunda son illərdə gənc məşqçilərə daha çox üstünlük verilir. Onlar arasında futbolçu karyerasını məcburiyyətdən, zədə səbəbindən erkən buraxıb məşqçiliyə başlayanlar da var, ümumiyyətlə, peşəkar futbolçu karyerası yaşamayan, amma adından söz etdirməyi bacaran mütəxəssislər də var. Gənc məşqçilər arasında Yulian Naqelsman kimi yetərincə uğurlu olanları da tapmaq mümkündü. Azərbaycanda da son illərdə karyerasını erkən başa vuraraq məşqçilik kurslarına qatılan, məşqçi kimi ölkə futbolunda fəaliyyət göstərənlər az deyil. Vaxtı ilə Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış etmiş, “İnter”in iddialı dönəmində komandanın aparıcı üzvlərindən olmuş Asif Mirili hazırda birinci divizionun ən gənc baş məşqçisidi. 31 yaşlı mütəxəssis bu kluba futbolçu kimi gəlib. Amma futbolçu karyerasını erkən başa vuraraq məşqçiliklə məşğul olmağa başlayıb.
- "Səbail"ə gəlişiniz necə alınmışdı? Məşqçi kimi hansı yaş qruplarında işləməyə başlamısız?
- 2016-cı ildə komandaya futbolçu kimi dəvət edilmişdim. Həmin vaxtı birinci divizionda oynayırdıq. Komandaya Elman Sultanov rəhbərlik edirdi. O sezon ikinci yeri tutduq və Premyer Liqaya yüksəldik. Elə həmin vaxtdan da komandada qaldım. Üç ildən sonra isə fikirləşdim ki, mənim üçün məşqçilik daha perspektivli görünür. Əslində, məşqçilik çox maraqlı gəldi. Başladım məşqçi kurslarına getməyə, öyrənməyə, oxumağa. “Səbail”in akademiyasında məşqçi kimi fəaliyyətə başladım. U-13, U-14-də baş məşqçi, U-15 və U-19 komandalarında isə köməkçi məşqçi kimi işləmişəm. Son iki ildə dediyim kimi, U-13 və U-14-də baş məşqçi idim.
- Futbolçu karyeranızı başa vurmağınıza səbəb nə oldu? Niyə karyeranıza davam etmədiniz?
- "Səbail"də oynadım, ikinci yeri tutub Premyer Liqaya çıxdıq. Sonradan əvəzedici heyətdə oynadıq, çempionluq yaşadıq. Gördüm ki, məşqçilik mənim üçün daha perspektivlidi və kurslara gedərək, öyrənmək istədim. Fikirləşdim ki, futbolçu kimi karyeramı nə qədər tez qutarsam, o qədər çox şey və tez öyrənərəm. Elə "Səbail"də də məşqçiliyə başladım. 4-5 ildir ki, buradayam. "Səbail"də işlədiyimə görə şadam. Çalışıram ki, işimi ən yaxşı şəkildə yerinə yetirim.
- Əvəzedici heyətin baş məşqçisi olmaq təklifi nə vaxt gəldi? Yəqin ki, özünüzü hazır hiss edirdiniz bu posta keçməyə?
- Birinci divizionun başlamasına 40-45 gün qalmış təklif gəldi. Əlbəttə ki, özümü hazır hiss edirdim, niyə də yox? Kurslarda olmuşdum, öyrənirəm, lisenziyam da imkan verir ki, əvəzedici heyətdə rahat işləyim. Savadıma güvənirəm. Düzdü, öyrənəcəyim çox şey var. İnanıram ki, hər şey daha da yaxşı olacaq. Mənə güvənən insanlara da təşəkkürümü bildirirəm. Öz işimlə etimadı doğrutlmağa çalışıram.
- Hazırda birinci divizionda ən gənc baş məşqçi ünvanı sizdədi. Bunun verdiyi hər hansı məsuliyyət var?
- Düzünü deyim, bu, ayrıca məsuliyyət deyil. Hər halda, razılaşarsınız ki, mənim məsuliyyətim komandama və öz futbolçularıma qarşıdı. Çempionatın ən gənc məşqçisi olmağım, mənə əlavə məsuliyyət vermir. Öz işimi işləyirəm, dediyim kimi, komandama xeyir verib, futbolçularımı inkişaf etdirməyə çalışıram. Yəni, yalnız işimə fokuslanmışam.
- Komanda üç oyundan üç xala sahibdi. Daha uğurlu çıxış edə bilərsiniz, yoxsa bu, komandanın maksimumudur?
- Bəli, üç oyundan birini udduq, ikisini uduzduq. Fikrimcə, biz indi 3 deyil, 9 xala malik olmalıydıq. Çünki "Neftçi-2" və "Zaqatala" ilə görüşlərdə çox yaxşı oynamışdıq. Minimum bir xal götürməliydik. Amma qələbə haqqımız idi. Hər iki matçda da üstün olan tərəf biz idik. Fərdi səhvlərimiz oldu deyə, uduzduq. Lakin futboldur və bu cür hallar baş verir, işimizə davam edirik.
- Gənc məşqçi olduğunuza görə futbolçularla münasibət qurmaq daha asan alınır? İntizam məsələsini necə yoluna qoyursunuz? Hər halda futbolçulardan çox da yaşlı deyilsiniz. Bu mənada problem yaranmır ki?
- Xeyr, gənc məşqçi olduğuma görə futbolçularla münasibət qurmaq çətin deyil. Əksinə, daha rahatdı. Çünki biz də futbolun içindən gəlmişik, onların futbolda hansı hissləri keçirdiyini, hansı epizodda nələr fikirləşdiyini bilirik. Sözümə də qulaq asırlar. Komandamdakı intizamdan razıyam, əladı, yerindədi. Bütün futbolçularımdan razılıq bildirməliyəm.
- Ümumiyyətlə, illərdir ki, Azərbaycan birinci divizionunu “balota” adlandırırdılar. Bu barədə sizin fikriniz necədi? Birinci liqanın səviyyəsi hansı durumdadı?
- Əvvəlki illəri demirəm, indi çox qızğın mübarizə gedir. Özü də, birinci yeri tutan komandanın Premyer Liqaya yüksəlmək şansı daha çoxdu. Çünki Premyer Liqada hər il də komanda sayı artır. Birinci divizionda uğur qazanan komandaya mükafat da təqdim ediləcək. Ən əsası isə təbii ki, birinci yeri tutan komandanın rahatlıqla Premyer Liqaya qalxması faktıdı. Ona görə də, məncə, bu mövsüm daha keyfiyyətli çempionatın şahidiyik.
- Məşqçilik karyerasına daha erkən başladınız. Bu mənada, hədəflərinizə çatmaq üçün imkanınızın daha geniş olduğunu düşünmək olar. Ümumiyyətlə, məşqçi kimi hədəfləriniz nədən ibarətdi?
- Təbii ki, oxuyuram, daha da yaxşı olmağa çalışıram. Amma indiki hədəfim əsas komandaya savadlı futbolçu yetişdirməkdi. A komandasına həm texniki, həm taktiki, həm də fiziki cəhətdən hazır futbolçu vermək niyyətindəyik. Bu sezon başlıca hədəfim belədi. Gələcəkdə öyrənəcəyim çox şey var. Nəsə lazım olanda, məsləhətləşirəm, öyrənirəm. Məşqçilər korpusu ilə birlikdə oyunları analiz edirəm. Öyrənəcəyim çox şey var. Bu dəqiqə baş məşqçiyəmsə, o demək deyil ki, hər şeyi bilirəm. Futbol daim inkişaf edir. Məndə hər zaman yeni şeylər öyrənməyə çalışıram.
- Özünüz də gənc yaşlarınızda "İnter"də debüt etmişdiniz. Hətta U-21 yığmasına da dəvət olunurdunuz. "İnter"dəki debütünüzü necə xatırlayırsınız?
- Bəli, vaxtı ilə "İnter"də debüt etmişdim. O vaxtı limit də yox idi. Kaxaber Sxadadze gənc kimi mənə də şans vermişdi. Abdulov Elnurla məni əvəzedici heyətdən əsas komandaya götürdü və şans verməyə başladı. Ən yadımda qalan matçım da elə debütümdü. Premyer Liqada ilk oyunumu "Turan Tovuz"a qarşı keçirmişdim. Matça əsas heyətdə çıxmışdım. Elnur Abdulova ötürmə verdim və o, təkbətək çıxaraq qol vurdu, oyunu 1:0 udduq.
- Kaxaber Sxadadze ilə işləməyin çətin olduğunu deyirdilər. Ondan götürdüyünüz nəsə var ki, indi sizə məşqçi karyeranızda köməklik edir?
- Onunla işləmək çətin deyildi. Mənə görə Kaxaber Sxadadze böyük məşqçidi. Yüksək savada malikdi. Ondan çox şey öyrənmişəm. Azərbaycan futbolunda az da olsa, tanınmışamsa, bu, onun sayəsindədi. O, mənə şans verdi, futbolu öyrətdi. 18-19 yaşımızda bizə ötürmə verməyi öyrədirdi. O vaxtı indiki kimi deyildi ki, 13 yaşında uşaqlar təməl-texnika, 14 yaşında isə qrup şəklində taktiki məşqlər keçsin. Daha çox qaçırdırdılar, top verirdilər ki, futbol oynayın, vəssalam. İndi isə tam fərqlidi.
- Kaxaberlə heç indi münasibətiniz qalıb? Onunla danışırsınız?
- Kaxaber Sxadadze ilə deyil, oğlu Baçana ilə münasibətim var. Onunla sosial şəbəkə vasitəsilə danışırıq. Ancaq Kaxaber Sxadadzeni görsəm, böyük sevinclə onunla salamlaşaram, hal-əhval tutaram. Onu görmək mənim üçün sevindirici olar. Məşqçi və insan kimi, mənim üçün hər zaman dəyərli biri olacaq.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.